Fransa, axı sən kimsən?

 

Daim ermənipərəst, antiazərbaycançı mövqe tutan bu ölkənin qərəzli qərarı kağız parçasından başqa bir şey deyil

 

 

Ölkələr daha çox onları idarə edən liderlərə bənzəyirlər. Fikrimizi başqa sözlə ifadə etsək, liderlər onları seçib rəhbərliyə gətirən xalqların simalarıdır. Yəni "hər bir xalq layiq olduğu iqtidara və idarəçilyə sahibdir".

Bu gün "qədim fransız xalqı" daha çox Emmanuel Makrona bənzəyir. Dünyanın bugünkü günü Fransa prezidenti Makron qərəzçilikdə heçAfrikada, Əlcəzardə, Malidə, Liviyada milyonlarla günahsız insanların qanını töküb, müstəmləkəçilik siyasəti yürüdən, müsəlmanları qan gölündə boğan sələflərindən heç nəyi ilə geridə qalmır. Hətta bəzi məsələlərdə sələflərindən bir qədər də irəli gedib.

 İllərdir ki, müsəlmanları qan gölündə boğan, xüsusi amansızlıqla günahsız insanları qətl etməkdə ad çıxaran Fransa cildini dəyişib maskalanaraq Qarabağda ermənilərin başlatdıqları problemin həllində "vasitəçi" kimi çıxış edir. Öz məkrli missiyasını həyata keçirmək, ermənilərə sona qədər himayədarlıq etmək məqsədi ilə beynəlxalq təşkilatların, Minsk qrupunun tərkibində, hətta qrupun həmsədrlərindən biri kimi hər vasitə ilə status-kvonu qoruyub saxlamaqdan ötrü dəridən-qabıqdan çıxırdı. Məqsəd ermənilərin Qarabağda mövqelərini möhkəmləndirmək idi. Bu azmış kimi, fransız mütəxəssislərin Qarabağda erməni terrorçularına təlimlər keçdiyi, istehkamlar tikdiyi haqqında məlumatlar da vaxtaşırı olaraq mətbuatda yer alırdı.

44 günlük Vətən müharibəsi zamanı, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etmək üçün Zəfər yürüşünə çıxarkən Fransa bizə bəlli olan əsl simasını daha gizlədə bilmədi. Bu "beynəlxalq vasitəçi" illərdir arxasında gizləndiyi maskanı sökərək özünün hansı tərəfdə olduğunu açıqca nümayiş etdirdi. Ölkəmizə qarşı təhdidlər, dünya ictimaiyyətini çaşdıran dezinformasiyalar birbaşa Fransa prezidenti Emmanuel Makronun dilindən səslənməyə başladı. Beynəlxalq hüquqa görə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu BMT-də təsdiq edilib. Hətta Fransanın üzv olduğu BMT Təhlükəsizlik Şurası Ermənistanı işğalçı tərəf kimi tanıyıb, işğal olunmuş torpaqların dərhal azad olunması haqqında dörd qətnamə də qəbul edib. Amma, necə deyərlər, qan, yaxud erməni lobbisi Fransa prezidenti Makronun gözünü elə tutub ki, bütün bunları görməzdən gələrək, hələ 2020-ci ilin oktyabr ayında Azərbaycana qarşı BMT-də xüsusi qətnamə qəbul olunmasına təşəbbüs edib.

Atalar heç əbəs yerə deməyib ki, "dəyirman öz bildiyini edir, çaxçax baş ağrıdır". Azərbaycanı isə Fransa senatının qəbul etdiyi hər hansı qətnamə maraqlandırmırdı. Dövlətimiz öz halal torpaqlarını düşməndən azad etmişdir. Fransa hökuməti də yaxşı başa düşürdü ki, bundan sonra Azərbaycanın Makron kimi "vasitəçi"yə qəti ehtiyacı yoxdur.

Amma "çalışmaq", ermənilərin gözünə fəal görünmək Makrona mütləq lazim idi. İnsafən, o, bunu can-dildən edirdi də. Azərbaycan Prezidentinin oktyabr ayında Praqaya səfəri zamanı Fransa prezidentinin danışıqlar prosesində iştirakı da diplomatik etiket xatirinə razılaşmadan başqa bir şey deyildir. Biz bunu dövlətimizin başçısının Səmərqənddə KTMT-nin toplantısında və Əlcəzairdə səfərdə olan zaman etdikləri çıxışlarda da açıqca hiss etdik.

Təbii ki, erməni lobbisinin əlində oyuncağa dönən Makron nəyə isə qadir olduğunu ermənilərə sübut etmək üçün yerində vurnuxmaqdan başqa bir şey edə bilməyəcək. O özübunu yaxşı dərk edir. Fransa prezidenti Azərbaycanın hər gün beynəlxalq aləmdə artan siyasi nüfuzunu, iqtisadi gücünü, beynəlxalq miqyasda nüfuzlu söz sahibi olduğunu, Ermənistanın isə hərbi-siyasi məğlubiyyətini, yoxsulluq içində çabalayan erməni xalqını görüb qəzəbindən nə edəcəyini bilmir. Əslində, o, bütün beynəlxalq normaları pozur. Fransa kimi bir dövlətin nüfuzunu erməni lobbisinin maraqlarına qurban verərək ikinci Ermənistan kimi davranır. Bunun nəticəsi olaraq noyabrın 3-də senatın 6 üzvünün təqdim etdiyi, noyabrın 15-də senatın iclasında qətnamə layihəsinin qəbulu gözlənilən idi. Qətnamədə "Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək" çağırışı yer alıb və ölkəmiz beynəlxalq cinayət məhkəməsi ilə təhdid edilib.

Görəsən, bu qətnaməni qəbul etməklə Fransa senatı daha çox kimə pislik etmiş olur? Qarşıdan soyuq qış gəlir. Bəlkə, Fransa senatı ərzaq böhranı yaşayan Avropanı enerji böhranı ilə də sınağa çəkmək istəyir? Bununla da enerji təminatı əsasən Rusiyadan olan Avropa xalqlarını fransızlar erməni dostlarının hikkəsinə qurban verib soyuqdan qırmaqmı istəyirlər?

Qəbul olunmuş qətnamədə Azərbaycan "çoxsaylı təcavüzkar hərəkətlərdə" ittiham edilir. Görünən budur ki, Fransa senatı başını itirib. Belə olmasaydı, 30 ildir ki, torpaqları Ermənistan tərəfdən işğal edilmiş Azərbaycana "təcavüzkar damğası" vurmazdı. Milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduğunu, müharibə cinayətlərinə məruz qaldığını, Xocalıda və digər işğal edilmiş rayonlarımızda azərbaycanlılara qarşı aparılan soyqırımı dilə gətirib belə bir rusvayçı "kağız parçası"nı qəbul etməzdilər. Utanardılar. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı öz torpaqlarını azad edib. Azərbaycan kiminsə bir qarış torpağına göz dikməyib.

 Azərbaycandan Laçın dəhlizindən çıxmaq tələb olunur. Niyə? Fransanın Ermənistana verdiyi silahları Qarabağa rahat daşıya bilmələri üçünmü?

 Azərbaycan "irqçilikdə" ittiham edilir. Fransa yaxşı bilir ki, bu gün qədim Azərbaycan şəhəri olan İrəvanda, Qərbi Zəngəzurda bircə nəfər də olsun azərbaycanlı yaşamır. Ötən əsrin 90-cı illərində ermənilər o torpaqlarında yaşayan azərbaycanlıları son nəfərinə kimi deportasiya ediblər. Amma bu gün Bakıda 30 mindən çox erməniəsilli Azərbaycan vətəndaşı yaşayır. Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək səviyyədə bəyan edib ki, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın hüquqları da beynəlxalq qanunlarla və Azərbaycan Konstitusiyası ilə qorunacaqdır.

Qətnamədə Azərbaycan ermənilərin Qarabağa geri qayıtmaq "haqqının" təmin edilməsinə çağırılır. Fransa prezidenti dəqiq bilir ki, Qarabağda yaşayan qarabağlı ermənilərin bir nəfəri də olsun yerini - yurdunu tərk etməyib. Qarabağı tərk edənlər varsa da, onlar qanunsuz olaraq Ermənistanın ərazilərimizdə məskunlaşdırdığı ermənilərdir. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma da qadağan olunub. Yəqin ki, bunu da fransız parlamentarları bilməmiş deyillər?

 Qətnamədə Azərbaycan Qarabağdakı "erməni mədəni və dini irsinin" qorunub saxlanılmasına çağırılır.

 Fransa hakimiyyəti beynəlxalq cinayət məhkəməsində "kütləvi cinayətlər və hərbi cinayətlər" törədilməsinə dair ölkəmizi ittiham edir və istintaqın başladılmasına çağırış edir.

Görəsən, Fransa senatı bilirmi ki, ermənilər təkcə Şuşa şəhərində 215 tarix və mədəniyyət abidəsini məhv ediblər. Bütün işğal olunmuş ərazilərdə 67 məsciddən yalnız 2-si qismən salamat qalıb. Dövlətimiz isə Şuşada olan Qazançı kilsəsini yüksək keyfiyyətlə təmir etdirir. Fransa parlamentariləri xatırlayırlarmı ki, dünyanın 13 ölkəsi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri soyqırımı kimi tanıyıb? Fransız parlamentariləri bilirlərmi ki, bu gün işğaldan azad olunmuş kəndlərimizdə hər gün ermənilərin qətlə yetirdikləri azərbaycanlıların kütləvi məzarlıqları aşkar edilir? Bəlkə, fransız senatorlar fransızların törətdikləri vəhşiliklərin cavabını beynəlxalq cinayət məhkəmələrində vermədiklərinə görə belə arxayın davranırlar?

Fransa senatının qəbul etdiyi bu qətnamə Azərbaycan üçün bir kağız parçası, fransız parlamentariləri üçün isə əsl vaxt itkisidir. Eyni zamanda Fransa dövlətinin imicinə vurulan zərbədir. Dünyanın müxtəlif yerlərində vəhşiliklər törədib insanları qan gölündə boğmaq ənənəsinə sahibsadiq olan bir ölkənin sülhdən, insan haqlarından danışması adamda acı təbəssüm yaradır. Dünyaya irqçilik, ayrı-seçkilik toxumu səpən bir ölkənin ədalətdən danışması olduqca gülünc görünür. Qətllər, cinayətlər törətmiş, tarixdə milyonlarla insanın qanlı qatili olmuş bir ölkənin bu gün beynəlxalq arbitr olmaq eşqinə düşməsi tarixin ironiyasıdır. Bir soruşan lazımdır, axı sən kimsən, Fransa? Əlcəzairdə 10 milyon insanın qanlı qatili!

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 17 noyabr.- S.9.