Azərbaycanla Gürcüstan
arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü qeyd olunub
Noyabrın
17-də Xarici İşlər Nazirliyində Azərbaycan
Respublikası ilə Gürcüstan arasında diplomatik
münasibətlərin qurulmasının 30-cu
ildönümü münasibətilə tədbir və sərgi
keçirilib.
Xarici
İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin rəhbər
heyəti, Gürcüstanın Azərbaycandakı səfiri,
habelə səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbir
hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi
ilə başlayıb.
Sonra
iki ölkənin xarici işlər nazirlərinin diplomatik əlaqələrin
30 illiyi münasibətilə qarşılıqlı şəkildə
ünvanladıqları məktubların mübadiləsi həyata
keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixi köklərə və dostluq ənənələrinə əsaslandığını, son 30 ildə münasibətlərin bir çox istiqamətlər üzrə dinamik inkişaf etdiyini bildirib. Nazir müavini iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb. X.Xələfov Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana səfərinin ölkələrimiz arasında ikitərəfli siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafına xüsusi təkan verdiyini məmnunluqla qeyd edib. Nazir müavini əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, hər iki xalqa sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Daha sonra çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 30 il ərzində Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafında əldə olunan nailiyyətləri qürurla qeyd edərək, tədbir iştirakçılarını bu əlamətdar tarix münasibətilə təbrik edib. Səfir Azərbaycan ilə Gürcüstan arasında bir çox istiqamətlər üzrə mövcud olan yüksək səviyyəli əməkdaşlığı məmnunluqla qeyd edib. Eyni zamanda, səfir iki ölkə arasında müxtəlif sahələri əhatə edən yüzdən çox sənədin imzalanmasına istinad edib, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənməsini məmnunluqla vurğulayıb.
Tədbirin sonunda
iştirakçılar Azərbaycan ilə Gürcüstan
arasında diplomatik münasibətlərin
30 illiyinə həsr edilmiş fotosərgi
ilə tanış olublar.
Azərbaycan.-2022.- 18 noyabr.- S.6.