İnkişaf, rifah, zəfər partiyası

 

 

Hər bir xalqın tarixində yeni çağırışlar, çətin sınaqlar, eyni zamanda dövrün ümumi mənzərəsinin müəyyən etdiyi mühüm fürsətlər dövrü olur. Xalqların davamlı inkişafı, ümumilikdə isə gələcəkdə öz mövcudluğunu, milli dövlətinin varlığını qoruyub saxlamağı bacarıb-bacarmaması bu çağırışlara həssas münasibətdən, sınaqlardan çıxış yollarının doğru seçilməsindən, fürsətlərin aydın dəyərləndirilərək reallıqlara çevrilməsindən asılıdır.

Tarixi təcrübə göstərir ki, belə məqamlarda toplumun gələcək qarşısında ictimai məsuliyyət duyğusuna malik olan uzaqgörənləri önə çıxır. Onlar problemləri aktuallaşdıraraq geniş kütləyə həqiqət yolunu göstərir, yaranmış böhran vəziyyətindən birlikdə çıxış ssenariləri tapmağa çalışırlar. Bu insanların həlledici mərhələdə təşkilatlanaraq bir araya gələ bilməsi, güclü Liderin ətrafında birləşib böyük hədəflərə doğru irəliləməsi xalqın da, dövlətin də tarixində taleyüklü məqamdır.

2022-ci il noyabrın 21-də yaradılmasının 30 ili tamam olan Yeni Azərbaycan Partiyası da məhz milli dövlətçilik salnaməmizin belə bir həlledici mərhələsində, Vətənin gələcəyini düşünən vicdanlı ziyalılarımızın təşəbbüsü və fəal iştirakı, xalqımızın XX əsrdə yetirdiyi ən güclü Liderin - Heydər Əliyevin rəhbərliyi altında fəaliyyətə başladı.

 

 

 

Müstəqilliyin çətin yolu

 

 

 

1992-ci ilin sonlarına doğru belə bir siyasi təşkilatın meydana çıxaraq qısa müddətdə ətrafına on minlərlə tərəfdar topladığı vaxtlar ölkəmizin həyatındakı ən çətin dönəmlərdən idi. Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarından milli haqlarımızın əldə olunması, Vətənə qarşı uzanan bədxah meyillərin dəf edilməsi zərurəti ilə başlanan xalq hərəkatı dalğasında dövlət müstəqilliyinə yenicə qovuşmuşdu. O illərdə istiqlal arzusu ilə meydanlara atılan, sinəsini güllə qabağına verən, milli amal uğrunda şəhadət zirvəsinə ucalan, sağlamlığını itirən, amma geri addım atmayan insanlarda gələcəyə çox böyük ümidlər vardı.

Hamı fərqində idi ki, Azərbaycan müstəqilliyinə nail olsa, əvvəlkindən daha yaxşı yaşayar. Ölkəmiz dünyanın qabaqcıl ölkələri cərgəsinə qoşular, xalqımız dünyada layiq olduğu mövqelərə yüksələr. İnsanlarımız öz yüksək potensiallarını reallaşdırmaq imkanı qazanarlar. Cəmiyyətdə haqq-ədalət öz yerini tutar, o dövrə xas naqisliklər, nizamsızlıqlar, Azərbaycanı inkişafdan saxlayan ictimai problemlər aradan qalxar. Ən mühümü isə Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyindəki yüksək vəzifəsindən bədxahların əli ilə istefaya göndərilməsini fürsət bilib, Azərbaycana qarşı işğalçılıq planlarını işə salan, daşnakların bədnam irsinə "sadiqliklə" həyatımızda yeni faciələr yaradan Ermənistanın başı birdəfəlik əzilər, təcavüzkar qonşumuz yerində oturdular.

Azərbaycan xalqı bu arzu və ümidlə müstəqillik uğrunda mübarizə apararaq öz istiqlal haqqını əldə etmişdi. Amma müstəqilliyin ilk illərində hakimiyyət rəhbərliyində olanların qeyri-adekvat davranışları, ölkənin gələcək taleyinə məsuliyyətsiz münasibətləri, naşı addımları ilə Azərbaycanda xaotik vəziyyət yaratmaları böyük ictimai məyusluq və ümidsizlik formalaşdırdı. Mövcud sosial-iqtisadi sistem qısa zamanda dağıldığından, ölkə rəhbərliyindəki səbatsız kəslərin gələcəklə bağlı strateji yanaşmaları olmadığından insanların düzənli həyatı pozuldu. İş yerləri itirildi, anidən baş verən güclü inflyasiya əksəriyyəti yoxsul duruma saldı, adamlar bir parça çörək əldə etmək qayğısı ilə yaşamağa başladılar. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı apardığı müharibə torpaqlarımızın 20 faizinin işğalı, minlərlə soydaşımızın həlak olması, sağlamlığını itirməsi ilə nəticələndi. Ermənilər xalqımıza qarşı ötən əsrin ən müdhiş bəşəri cinayətlərindən olan Xocalı faciəsini törətdilər. Ciddi problemlər məngənəsində sıxılan Azərbaycan öz doğma yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın soydaşımızın ağır çətinliklərinin, məişət qayğılarının həlli zərurəti ilə üz-üzə qaldı. Belə bir zamanda  hakimiyyətdəkilər mövcud çətinliklərə çarə axtarmaq əvəzinə vəzifə uğrunda bir-biri ilə çəkişir, tabeliklərindəki silahlı dəstələri siyasi məqsədlərinə alət edirdilər. Nəticədə rayonlarımız düşmənə təslim edilir, xəyanətə qurban gedirdi.

Nizami ordu yaratmaq, ictimai-siyasi sabitliyi təmin etmək, vəziyyəti yoluna qoymaq ölkədəki iqtidarı, eləcə də müxalifəti  maraqlandırmırdı. Aparılan yanlış siyasət nəticəsində bütün qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Xarici dairələrin Azərbaycanın müstəqilliyini, dövlət kimi mövcudluğunu təhdid edən təhlükəli planları işə düşmüşdü. Çoxmillətli ölkə olan və əsrlərdən bəri müxtəlif xalqların nümayəndələrinin dinc, mehriban şəraitdə yaşadıqları Azərbaycanın ayrı-ayrı regionlarında separatizm meyilləri baş qaldırırdı. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Silahlı dəstələrin iştirakı ilə hakimiyyət uğrunda aparılan mübarizə cəmiyyəti vətəndaş müharibəsi təhlükəsinin bir addımlığına gətirib çıxarmışdı. Kriminal qruplar özlərinə münbit şərait tapmışdılar, cinayətkarlıq halları baş alıb gedirdi.

Azərbaycanın gələcəyi ilə bağlı müxtəlif aktual problemlərin, milli məsələlərin sağlam düşüncə işığında müzakirə edilməsi, diskussiya ənənələrinin, sivil siyasi mədəniyyətin formalaşmasının havasu kimi zəruri olduğu dövrdə cəmiyyətdə qaragüruh əhvalı hakim idi. Bu vəziyyəti dəyişmək, yaranmış acınacaqlı durumu kütləyə çatdırmaq istəyən aydın fikirli insanlarsa dərhal hücumlara məruz qalır, müxtəlif təzyiq və təqiblərlə, hətta ölüm təhlükəsi ilə üzləşirdilər. 

 

 

 

Vətəndaşlıq məsuliyyəti

 

 

 

Reallığı düzgün qiymətləndirən vicdanlı ziyalılar bu problemlərin çoxunun lider böhranından qaynaqlandığını yaxşı bilirdilər. Azərbaycanın yaranmış vəziyyəti qısa müddətdə nəzarət altına alıb, böhranı idarə etməyə qabil qətiyyətli liderə ehtiyacı vardı. Amma hakimiyyət rəhbərliyində belə bir lider görünmürdü. Azərbaycan insanının nəzərləri o dövrdə Moskvadan Vətənə qayıdaraq Naxçıvanda fəaliyyət göstərən, həmin ağır illərdə blokada şəraitindəki muxtar respublikanı qorumaq üçün gecəsini-gündüzünə qataraq çalışan Heydər Əliyevə dikilmişdi.

Əslində, o illərdə hakimiyyət rəhbərliyində bir-birini əvəzləyən naşı siyasətçilər də Heydər Əliyevin gücünün, zəngin təcrübəsi ilə vəziyyəti qısa zamanda qaydaya salmaq potensialının, xalqın Ümummilli Liderə olan inam və rəğbətinin fərqində idilər. Ona görə də hər vəchlə onun proseslərə təsir imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Qanunvericilikdə təsbit edilmiş yaş senzi kimi uydurma əsaslarla Ulu Öndərin hakimiyyətə gələn yolunu bağlamağa cəhd göstərirdilər. Heydər Əliyevə olan qısqanc münasibət Naxçıvan Muxtar Respublikasındakı durumu daha da ağırlaşdırırdı, bu bölgə demək olar ki, diqqətdən, dövlət qayğısından kənarda qalmışdı. Yalnız Ümummilli Liderin şəxsi nüfuzu, qonşu dövlətlərin rəhbərləri ilə münasibətləri sayəsində Naxçıvanda minimal həyat şərtlərinin təmin edilməsi mümkün olurdu.

Azərbaycanda reallıq hissini düzgün qiymətləndirməyə qadir olan hər kəsə artıq məlum idi ki, ölkəmizi üzləşdiyi bəlalardan ancaq Heydər Əliyev, onun sarsılmaz qətiyyəti xilas edə bilər. Hər zaman olduğu kimi, o dövrdə də Azərbaycan xalqı öndə gedən insanlarının - ziyalıların mövqeyini, ziyalılar isə Heydər Əliyevin sözünü gözləyirdilər.

Ölkədə böhranın getdikcə dərinləşməsi, dövləti xilas etmək üçün vaxtında addım atmağın labüdlüyü proseslərin gedişini sürətləndirirdi. Çünki yaranmış vəziyyətə adekvat tədbirlər gecikərsə, Azərbaycan yeni ərazi itkilərinə məruz qalacaq, xarici qüvvələrin əli ilə ölkənin daxilində yeni separatizm ocaqları yaradılacaq, böyük amallarla, ülvi arzularla müstəqillik yoluna qədəm qoymuş ölkə gələcəyini uzaqbaşı hansısa ölkənin regiondakı forpostu kimi yaşamalı olacaqbu taleyə boyun əyəcəkdi.

Müstəqilliyin ilk illərində hakimiyyət rəhbərliyində Heydər Əliyev kimi qətiyyətli bir liderin deyil, hansısa təsadüfi kəslərin olacağı təqdirdə Azərbaycanın nə günlərə qalacağını təsəvvür etməkdən ötrü indiki Ermənistana nəzər salmaq kifayətdir. Azərbaycan da Ermənistan kimi bölgədə oyuncaq subyektə çevriləcək, ölkədə bütün strateji sahələr başqalarının əlində olacaq, hətta sərhədlərimizdə belə başqa ölkənin hərbçiləri keşik çəkəcəkdi. Heydər Əliyev və onun kimi aydın fikirli şəxslər öz zəkalarının işığı, zəngin həyat təcrübələri, ən əsası isə vətəndaşlıq məsuliyyətləri ilə belə bir təhlükəni görür və proseslərin axarını müsbətə doğru dəyişməyə çalışırdılar.   

 

 

 

Heydər Əliyev partiyası

 

 

 

1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyası adında siyasi təşkilatın yaradılması və Ulu Öndərin belə bir partiyanın fəaliyyətində iştirak etməsi arzusu ifadə olunurdu. Ziyalılara hər zaman böyük rəğbət və ehtiramla yanaşan, onlardan diqqət və qayğısını əsirgəməyən Heydər Əliyev müraciəti cavabsız qoymadı. Oktyabrın 24-də onların müracətinə cavab verərək belə bir partiyanın yaradılmasının tarixi zərurətdən doğduğunu və əgər Yeni Azərbaycan Partiyası təsis edilərsə, onun fəaliyyətində iştiraka hazır olduğunu bildirdi. Bu cavabdan bir neçə gün sonra - 5 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Təşkilat Komitəsinin yığıncağı keçirildi. Ümummilli Lider Təşkilat Komitəsinin sədri seçildi. Noyabrın 21-də isə Azərbaycanın ən yeni tarixində mühüm rol oynayan hadisə yaşandı - həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və 500 nəfərdən çox nümayəndənin iştirak etdiyi təsis yığıncağında Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.    

İnsanların yenilik arzusu, uzun illərin zəngin təcrübəsi üzərində yeni bir Azərbaycanın qurulması niyyəti ilə yaradılan Yeni Azərbaycan Partiyasının daha bir adı da Heydər Əliyev partiyası oldu. Bu partiya Heydər Əliyev ideyaları işığında yaranıb formalaşdı, Ulu Öndərin xalq arasındakı müstəsna nüfuzu bu partiyanın çox qısa müddətdə bütün ölkə boyu təşkilatlanmasında, Azərbaycanın siyasi həyatında populyarlıq qazanmasında, geniş sosial baza toplamasında mühüm rol oynadı.

Azərbaycanda və ümumən dünya təcrübəsində ideyaların yox, şəxslərin ətrafında formalaşan partiyalar çox olubbu partiyaların gücü, siyasi proseslərə təsir imkanları həmin şəxslərin fiziki ömrü, yaxud siyasi karyerası ilə bitib. Yeni Azərbaycan Partiyasının özünəməxsusluğu isə ondan ibarətdir ki, bu partiya şəxsiyyətlə yanaşı, həm də şəxsiyyətin ideyaları ətrafında yaradılmışdı. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və Heydər Əliyev ideyalarının aliliyi bu partiyada bir-birini uğurla tamamlayırdı. Ona görə də Yeni Azərbaycan Partiyasının yaradılmasının elan edildiyi ilk günlərdən məlum idi ki, bu partiyanın ömrü müstəqil Azərbaycan dövlətinin mövcudluğubu mövcudluğun möhkəm təməli rolunda çıxış edən Heydər Əliyev ideyaları qədər əbədi olacaq. Məhz bunu nəzərdə tutaraq Ulu Öndər çıxışlarının birində bəyan etmişdi ki, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

Yeni Azərbaycan Partiyası öz tarixi yoluna aydın məqsədlər, qarşısına qoyduğu konkret vəzifələr, strateji hədəflərlə çıxmışdı.  Ümummilli Lider partiyanın məram və məqsədlərinin izahı zamanı bildirirdi ki, bu partiya parlament tipli partiya olaraq öz proqramına uyğun şəkildə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, milli, dinidil mənsubiyyətləri arasında heç bir fərq qoymadan bütün vətəndaşlarımızın bərabər hüquqlara malik olduğu sivilizasiyalı, demokratik, hüquqi dövlətin yaradılmasını əsas məqsədləri sanır. Ön planda isə Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz probemlərin həlli, o cümlədən ölkənin müharibə vəziyyətindən çıxarılması, Qarabağ probleminin həlli, habelə ağır sosial-iqtisadi böhranın dəf edilməsidir.

 

 

 

Milli maraqlara xidmət

 

 

 

Bu izahı o dövrün reallıqları kontekstində nəzərdən keçirsək, bir daha görürük ki, hakimiyyətə gəlmək, yüksək dövlət vəzifələrində, idarəetmədə üstünlüyü ələ almaq bu partiya üçün qətiyyən son məqsəd deyil, bütün bunlar dövlətin, xalqın taleyinə görə məsuliyyəti üzərinə götürmək, ölkənin gələcəyini təhdid edən  problemləri yoluna qoymaq üçün vasitə idi. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən eyni məqsədə səmimi-qəlbdən xidmət edən istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazır görünürbunu real addımları ilə sübuta yetirirdi.

Bu partiya üçün milli maraqlar bütün niyyətlərdən öndə idi. Ona görə də Yeni Azərbaycan Partiyası mahiyyət etibarilə müxalifət partiyası kimi yaradılsa belə, bu müxalif mövqe Azərbaycan dövlətinin mənafeləri çərçivəsində idi. Milli dövlət mənafeləri ilə ziddiyyətlərin başlandığı məqamlarda Yeni Azərbaycan Partiyası öz mövqeyində güzəştə getməyi bacarır, Azərbaycanın maraqlarından kənar heç bir addım atmır, başqalarını da buna təşviq edir, beləliklə, cəmiyyətdə yeni bir siyasi mədəniyyət formalaşdırır.

Bu partiya öz varlığı ilə Azərbaycanın siyasi meydanına zorun, küçələrdə kim daha ucadan qışqırmağı bacarır təfəkkürünün deyil, intellektlərin qarşılaşması ənənəsini gətirdi. Radikalizm, məsələlərə qaragüruh yanaşma, qeyri-etik davranışlar, təhqir, eyni cür düşünməyənlərə kəskin hücumlar etmək bu partiyanın fəaliyyətinə hər zaman yad oldu. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən ziddiyyətləri, qarşıdurmaları diskussiya məcrasına yönəltməyə çalışdı, fərqli fikirlərə səbirlə, təmkinlə, hörmətlə yanaşmağı, ittihamlara tutarlı arqumentlərlə, sübutlarla cavab verməyi, ən mühümü isə siyasi mübarizə ilə şəxsi münasibətləri bir-birindən ayrı tutmağı özü üçün xoş bir dəyərə çevirdi. Bu baxımdan Yeni Azərbaycan Partiyası müxalifətdə olduğu bir neçə ay ərzində ümumən ölkənin siyasi məkanı üçün son dərəcə faydalı ənənələr formalaşdırdı.

Əfsuslar olsun ki, sonralar müxalifət düşərgəsi bu ənənələri yaşatmağı bacarmadı. Müxalifətdə olan partiyalar Yeni Azərbaycan Partiyası kimi milli maraqlar çərçivəsində davrana, siyasi mədəniyyət normalarını mənimsəyə, intellekt müstəvisində diskussiyalar apararaq faydalı təşəbbüslərlə ümumi inkişaf proseslərinə töhfə verə bilmədilər. Bu, bəlkə onunla bağlı idi ki, bu partiyalara Ulu Öndər Heydər Əliyev kimi böyükmiqyaslı siyasətçilər, müdrik şəxsiyyətlər, bütün meyarlar üzrə əsl liderlər rəhbərlik etmirdilər. Qaragüruh düşüncə, marginal qrupların radikal mövqeyi, hakimiyyətin bütün fəaliyyətini yalnız qara rəngdə görmək və yerli-yersiz tənqid etmək mərəzi bu partiyaların rəhbərlərini həmişə özündən asılı saxladı. Qeyri-sağlam düşüncə, xarici dairələrdən asılılıq bu partiyaların reallıqlara uyğun davranmalarına, siyasi mübarizəni sivil yolla aparmalarına mane oldu. Bütün bunlar isə cəmiyyətdə siyasi mədəniyyətin inkişafını, normal siyasi konfiqurasiyanın formalaşmasını müəyyən qədər ləngitdi, ümumi prosesə mənfi təsir göstərdi. 

 

 

 

Seçki mədəniyyəti

 

 

 

Bu partiyalar Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak örnəyindən bəhrələnib özlərini inkişaf etdirə, müəyyən zəruri təşkilati təcrübəyə yiyələnə bilmədilər. Yeni Azərbaycan Partiyası isə öz seçki nümunəsi ilə göstərdi ki, seçkilərdə qalib gəlməyin əsas yolu prosesə yaxşı hazırlaşmaqdan, təşkilati işlərdə heç bir detalı diqqətdən qaçırmamaqdan, seçicilərə layiqli namizədlər təqdim etməkdən və yerlərdə insanların dəstəyini qazanmaqdan ibarətdir. Yeni Azərbaycan Partiyası 1993-cü ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə - prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edərək ölkə seçicilərinin mütləq dəstəyini qazandı. Eyni zamanda vətəndaşlarımızın etimadını növbəti seçkilərə qədər qorumağı bacardı.

Yeni Azərbaycan Partiyası milli dövlətçilik tariximizdə xüsusi missiyası olan partiyadır. Bu missiya Heydər Əliyev ideyalarından, Ulu Öndərin milli dövlətçilik fəlsəfəsindən irəli gəlir. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının israrlı tələbləri ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Liderin həyata keçirdiyi hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması proseslərində, cəmiyyət həyatının müxtəlif sferalarında aparılan davamlı islahatlarda, sosial-iqtisadi inkişaf strategiyasında Yeni Azərbaycan Partiyası da fəal rol almışdır. Hakim partiyada bir araya gələn yüz minlərlə sağlam düşüncəli vətəndaşımız bu proseslərin öz məqsədinə çatmasına mühüm töhfələr vermiş, həyata keçirilən tarixi əhəmiyyətli tədbirlərin, mühüm qərarların kommunikasiyasında, cəmiyyətdə düzgün anlaşılmasında, faydalı ideyaların mübadiləsində, həyata keçirilən siyasətə geniş dəstəyin təmin olunmasında, dövlətçiliyimizə qarşı yönələn təhdidlərin qarşısının alınmasında əhəmiyyətli rol oynamışlar. Cəmiyyətimizdə milli vəhdətin təmin olunmasında, Ümummilli Liderin irəli sürdüyü azərbaycançılıq düşüncəsinin bütün vətəndaşlarımızın rəğbətlə qarşıladıqları dövlət ideologiyasına çevrilməsində bu partiyanın böyük xidməti olmuşdur.

Yeni Azərbaycan Partiyası öz sıralarında yüksək dövlətçilik təfəkkürünə malik peşəkar kadrlar yetişdirmiş, onların fərdi və karyera inkişafında mühüm rol oynamış, eyni zamanda bu potensialı Vətənimizin inkişafına yönəltmişdir.

Ölkə parlamentində uzun illərdir üstünlüyünü qorumağı bacaran siyasi təşkilat kimi Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında, qanunvericiliyin təkmilləşdirilməsində, müxtəlif məsələlərə münasibətdə rəy müxtəlifliyinin təmin edilməsində, xarici əlaqələrin inkişafında partiyamızın müstəsna xidmətləri olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində ölkəmizin tarixinin ən qüdrətli dövrünü yaşadığı indiki çağlarda Yeni Azərbaycan Partiyası yenə də öz missiyasına, fəaliyyət prinsiplərinə sadiqdir. Heydər Əliyev ideyaları işığında Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edir. Azərbaycanın müstəqillik dövründə qazandığı bütün nailiyyətlərdə bu partiyanın adı, imzası var. Bu mənada Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin son 30 ildəki bütün uğurlarının əsas siyasi istinadgahıdır.

 

 

 

Ümumxalq birliyinin mərkəzi

 

 

 

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasında və sonrakı dövrlərdə qısa müddət ərzində ölkəboyu təşkilatlanmasında Azərbaycan xalqının bütün sosial zümrələrindən olan insanlar iştirak ediblər. Bu mənada Yeni Azərbaycan Partiyası ümumxalq partiyası kimi yaradılmış və böyük nüfuz qazanaraq kütlənin mühüm dəstəyini təmin edə bilmişdi.

Yeni Azərbaycan Partiyası bu günümumxalq partiyası statusunu qoruyub saxlayır. Yaşından, cinsindən, milli mənsubiyyətindən, dinindən, dilindən, peşəsindən, sosial qrupundan asılı olmayaraq Azərbaycanın dövlətçilik dəyərlərinə hörmətlə yanaşan, ölkəmizin inkişafına töhfə vermək istəyən, bu partiyanın dəstəklədiyi siyasi xəttin Azərbaycanın alternativsiz tərəqqi yolu olduğunu obyektiv nəzərləri ilə görə bilən hər kəsi öz sıralarında birləşdirir. Yeni Azərbaycan Partiyası ölkəmizin gələcəyini xoşbəxt görmək istəyən bütün insanların siyasi birliyidir.      

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə, irsvarisliyin vəhdətində bu partiya bəşəri missiyaya xidmət edir. Dünyada sülhün, insanların rifahının, mədəniyyətlər arasında dialoqun, tolerantlığın təmin olunmasına, multikultural dəyərlərin geniş çevrədə yayılmasına çalışır. Yeni Azərbaycan Partiyası ötən onilliklər ərzində çox güclü və səmərəli beynəlxalq əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələr vasitəsilə Azərbaycan diplomatiyasının uğurlarına dəstək olur, ölkə həqiqətlərinin dünyaya obyektiv çatdırılmasında, xaricdə ölkəmizin dost çevrəsinin daha da genişlənməsində mühüm rol oynayır.     

Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası olaraq Yeni Azərbaycan Partiyası bölgəmizdə sülh və əməkdaşlıq mühitinin yaranmasına, ölkələrin siyasi təsisatları arasında qarşılıqlı maraqlara xidmət göstərən dialoqun qurulmasına, sağlam atmosferin formalaşdırılmasına layiqli töhfələrini verir. Azərbaycan Prezidentinin Cənubi Qafqazın təhlükəsizlik, əməkdaşlıq və dayanıqlı inkişaf məkanına çevrilməsi ilə bağlı vizyonunun reallaşmasına çalışır. Bu yöndə həyata keçirilən layihələrdə, müzakirə platformalarında yaxından iştirak edir.  

30 il əvvəl fəaliyyətə başlayarkən Yeni Azərbaycan Partiyasının bir məramı, mənəvi-siyasi missiyası da Azərbaycan gəncliyinə müasir çağırışlara uyğun inkişaf imkanları yaratmaq, müdrik sözə, diqqət və qayğıya, təcrübəli insanların tövsiyələrinə hər zaman ehtiyacı olan gəncliyimizə düzgün yol göstərmək, onları ziyanlı təsirlərdən qorumaq, kimlərinsə çirkin siyasi oyunlarına vasitə olmaqdan çəkindirmək idi. Yeni Azərbaycan Partiyası 30 ildir ki, bu missiyanı uğurla yerinə yetirir, gəncliyə qapı açır, gənc nəslin nümayəndələrinə bərabər inkişaf imkanları yaradır, onlara etimad göstərir, oxumağı, öyrənməyi, müasir çağımızın bilik və bacarıqlarına yiyələnib özünü yetişdirməyi, cəmiyyətdə layiqli yer tutmağı təşviq edir. Eyni zamanda gənclərimizə milli-mənəvi dəyərlərimizi də müqəddəs əmanət kimi qorumağı, onlara sahib çıxmağı öyrədir. Gənclərdə keçmişə ehtiram, gələcəyə ümid, arzuinam düşüncəsi aşılayır. Öz sıralarında hər biri bilik və bacarıqlarına, yüksək intellektual potensiallarına, Vətən sevgilərinə, dövlətçilik irsimizə bağlılıqlarına, milli-mənəvi dəyərlərimizə sayğılarına görə örnək sayılası minlərlə gənc yetişdirərək cəmiyyətə təqdim edir. Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycan gəncliyinin partiyasıdır.

Bu partiyanın Azərbaycanda qadın fəallığı ənənələrinin müasir dövrdə inkişafı baxımından da müstəsna rolu var. Dövlətimizin son onilliklərdəki nailiyyətlərində böyük əməyi olan ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi partiya rəhbərliyində təmsilçiliyi qadınlarımızın ictimai-siyasi fəaliyyətə marağını artırır. Ölkə həyatında xanımlarımızın təmsilçiliyini genişləndirir. Mehriban Əliyeva respublikamızda və ölkə hüdudlarından kənarda həyata keçirdiyi, Azərbaycan qadınının adını daha da ucalara yüksəldən layihələrlə, bəşəriyyət üçün gördüyü işlərlə tarixi missiya yerinə yetirir.

2020-ci ilin noyabrından Yeni Azərbaycan Partiyası həm də Zəfər partiyasıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyərək, qarşıya qoyduğu vəzifələri ardıcıl şəkildə yerinə yetirərək Yeni Azərbaycan Partiyası və bu partiyaya dəstək verən bütün xalqımız ən böyük hədəfə çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi, Qarabağ, Şərqi Zəngəzur azad edildiburada dövlətimizin gücü ilə dirçəliş, bərpa-quruculuq dönəmi başlandı, bu torpaqlara yeni ruh gəldi.

Yeniliklərə açıqlıq, zamanın ruhuna, dövrün çağırışlarına uyğunlaşmaq, inkişaf etmək Yeni Azərbaycan Partiyasının özünəməxsus cəhətidir. Tarixə nəzərə salsaq, partiyanın hər qurultayında bu meyli görə, qurumun hər dəfə daha bir inkişaf mərhələsinə keçid etdiyini izləyə bilərik. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən son qurultayı da bu partiyanın həyatında böyük keyfiyyət dəyişiklikləri yaratdı.

Yeni Azərbaycan Partiyasının tarixi, əslində, elə Azərbaycanın tarixidir. Qarşıdan bu tarixin daha bir maraqlı səhifəsi - 2023-cü il gəlir. Üzümüzə gələn ilin böyük bir əlamətdarlığı var: xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamamlanır.

Bunu nəzərə alaraq 2023-cü il ölkəmizdə "Heydər Əliyev ili" elan edilib. Yeni Azərbaycan Partiyası bu partiyanın banisinin ideyaları işığında dövlətimizə layiqli xidmətlərini yenə davam etdirəcək, 30 illik tarixinin bundan sonrakı dövrünü də şərəflə yazacaq.

 

Ağalar VƏLİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2022.- 18 noyabr.- S.10.