YAP-ın 30 illiyi münasibətilə GDU-da konfrans keçirilmişdir

 

 

Gəncə Dövlət Universitetində (GDU) Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibətilə  elmi-praktik konfrans keçirilmişdir.

Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, Dövlət himni səsləndirilmiş, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq YAP-ın yaranma tarixindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycanın tarixinə unudulmaz gün kimi daxil olan 1992-ci il noyabrın 21-i ölkənin ictimai-siyasi həyatında yeni tarixin başlanğıcı oldu: "Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə dünya- şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yarandı".

Digər çıxışçılar isə bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Diqqətə çatdırılmışdır ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə kimi böyük, şərəfli və uğurlu yol keçmişdir.

Sonra GDU-nun prorektoru, dosent Gülsüm Fətəliyeva "Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının yerirolu", Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə "Tarixi zərurətdən yaranmış partiya", Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Səba Namazova  "Dünənin, bu günün və sabahın partiyası" mövzularında məruzələrlə çıxış etmişlər.

Sonda universitetin bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunmuşdur.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 18 noyabr.- S.9.