Fransadan separatizmə dəstək

 

 

Bu ölkə ənənəvi riyakarlıq siyasətindən əl çəkmir

 

 

 

Noyabrın 15-də Fransa Senatı Azərbaycan əleyhinə bədnam qətnamə qəbul edib. Qətnamə Fransanın birbaşa Ermənistanın simasında işğalçılıq, təcavüz və terroru dəstəklədiyini sübut edir. Fransanın növbəti riyakarlığı Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə, bölgədə sülhün bərqərar edilməsinə mane olur. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

 

 

Bu "sənəd"in heç bir maddəsinin ölkəmizdə keçərliliyi yoxdur

 

 

 

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib ki, Fransanın Azərbaycana qarşı qəbul etdiyi "sənəd" onun ermənipərəstliyini və erməni xislətini bir daha sübut edir: "Ötən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də Fransa qərəzli, qeyri-obyektiv və ermənipərəst münasibətlərinə görə daim tənqid edilib. Lakin rəsmi Paris heç vaxt bu haqlı tənqidi nəzərə almayıb. Fransa dünyanın müxtəlif xalqlarına, xüsusilə də Afrika xalqlarına qarşı təcavüzkar əməllər, qətliam, soyqırımı və müxtəlif cinayətlər törətməklə tarixinin qara səhifəsini yazıb. Hesab edirəm ki, fransız xalqı öz tarixi keçmişinə görə daim xəcalət çəkir və çəkəcək. Çox təəssüf ki, Fransanın bu imperialist siyasəti hələ də bir sıra ölkələrdə davam etdirilir".

Deputatın dediyinə görə, Fransanın Azərbaycana qarşı sanksiya tətbiq etmək üçün heç bir səlahiyyəti yoxdur: "Senat belə bədnam qətnamə qəbul etməklə gülünc vəziyyətə düşdü. Onlar tarixi keçmişlərindən xəcalət çəkmək əvəzinə qanunsuz və qərəzli qərar qəbul edirlər. Unutmaq olmaz ki, Fransanın İkinci Dünya savaşından sonrakı tarixi keçmişinə nəzər salsaq, Afrikada yaşayan ayrı-ayrı xalqlara qarşı həyata keçirdikləri soyqırımı  və qətliamların şahidi olarıq. Ruandada yüzminlərlə insanın qətlə yetirilməsinə, Əlcəzairdə 1 milyondan çox insanın soyqırımına və Sena soyqırımına görə Fransaya hələ də beynəlxalq məhkəmələr və təşkilatlar tərəfindən adekvat cavab verilməyib. İstənilən halda, Fransa Senatının qəbul etdiyi bu sənədin Azərbaycana heç bir təsiri ola bilməz, əksinə, Fransa özünü beynəlxalq aləmdə biabır etdi".

M.İbrahimqızı qeyd edib ki, bu qətnamə Fransanın acizlik əlamətidir. Onun sözlərinə görə, Fransa senatorları Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində ən yüksək strateji tərəfdaşlıq sənədinin imzalanmasını qəbul edə bilmirlər.

"Onlar yaxşı anlayırlar ki, Azərbaycan-Aİ əməkdaşlığının nəticəsi Fransanın da daxil olduğu Avropa Birliyinin 10-dan çox  ölkəsinin  enerji təminatına səbəb olacaq. Fransanın qəbul etdiyi saxta ittihamlarla dolu həmin sənəd Azərbaycana qarşı heç bir təhlükə yarada bilməz. Qətnamə sadəcə fransız senatorların erməni lobbisi və erməni diasporu tərəfindən maliyyələşdiyini sübut edir. Azərbaycan dövlətinin kifayət qədər gücüdünyada böyük nüfuz sahibi olan qüdrətli lideri var. Cənab Prezident İlham Əliyev heç kimin diktəsi ilə daxiliya xarici siyasəti həyata keçirmir. Prezdentimiz atdığı addımların hansı məqsədə və ya hansı hədəfə yönəldiyini çox gözəl bilir. Fransa senatorları da yaxşı bilirlər ki, qəbul etdikləri sənədin heç bir maddəsinin Azərbaycanda keçərliliyi yoxdur", - deyə deputat bildirib.

M.İbrahimqızı həmçinin deyib ki, Fransa Senatı belə bir sənəd qəbul etməklə maliyyə cəhətdən asılı olduğu erməni diasporulobbisini məmnun etmək istəyir. Fransanın Avropa dəyərlərinə zidd qətnaməsi qəbuledilməzdir: "Qətnamədə "Azərbaycan qazına və neftinə embarqo qoyulması" maddəsinin də əks olunması Avropa Komissiyasının bu ilin iyul ayında Azərbaycanla imzalanmış Avropanın enerji təchizatı və təhlükəsizliyi üzrə strateji tərəfdaşlıq sazişinə ziddir. Bu baxımdan Avropa Komissiyası Fransanın Senatda qəbul etdiyi bu sənədi rədd etməlidir. Bundan başqa, Senatın Azərbaycanla dostluq qrupu üzvlərinin də həmin sənədin lehinə səs verməsi anlaşılan deyil. Bunu nəzərə alaraq, Fransa Senatındakı dostluq qrupu Azərbaycan parlamenti tərəfindən  etibarsız elan edilməlidir".

 

 

 

Ermənistan sülhə yaxınlaşan kimi Fransa prosesi pozmağa çalışır

 

 

 

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Fransa Senatının qəbul etdiyi qətnamənin ölkəmiz üçün problem yaradacağını düşünmür. Onun fikrincə, bu bədnam qətnamə ciddi əhəmiyyətə malik deyil, sadəcə "tövsiyə" xarakteri daşıyır.

"Fransanın Qarabağ məsələsində Avropa Birliyi dövlətləri arasında ciddi müttəfiqləri də yoxdur. Fransa qeyri-adekvat addım ataraq qətnamədə yer alan məqamları reallaşdırmaq istəsə, çətin ki, özündən və Ermənistandan başqa üçüncü dövlət yanında ola. Amma bu addım ilə sülh prosesinə əngəl yaradayeni müharibənin başlanmasına səbəb ola bilər. Yeni müharibə isə, sözsüz ki, Ermənistanın daha böyük itkilərlə üzləşməsi deməkdir", - deyə deputat bildirib.

R.Nurullayev deyib ki, Fransa Senatının atdığı addım ən çox Azərbaycanla Ermənistan arasındakı normallaşmasülh prosesinə mənfi təsir göstərir. Çünki Ermənistan sülhə yaxınlaşan kimi Fransa prosesi pozur. Belə çıxır ki, Fransa sülh istəmir və ATƏT-in Minsk qrupunda qalmağa artıq haqqı yoxdur. Belə olan halda Fransanın  yalnız kağız üzərində mövcud olan Minsk qrupundan çıxarılması tələbini qoymaq ən düzgün seçimdir: "Digər işimiz isə Fransanın koloniyaya məruz qoyduğu 50-dən çox ölkədə törətdiyi qanunsuzluqları, soyqırımları və dağıntıları müzakirəyə çıxarmağımız ola bilər. Bunu həm hökumət, həm də parlament səviyyəsində edə bilərik. Hər halda Fransa Senatının qətnaməsi Azərbaycan-Fransa əlaqələrinə ciddi zərbə vurur. Ümid edək ki, Fransa Prezidenti Senatın səhvinə şərik olmaq istəməyəcək".

 

 

 

Fransanın saxta ittihamları

 

 

 

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, Fransa Senatının Azərbaycana qarşı aşkar qərəzli mövqeyi bu ölkənin hər zaman sərgilədiyi rəsmi riyakarlıqlarının davamıdır: "Nəzərə almaq lazımdır ki, Fransa vaxtilə Azərbaycan və Ermənistan münaqişəsinin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridirbiz Minsk qrupunun yarıtmaz fəaliyyətinin davamlı şahidi olmuşuq. Bu fəaliyyət Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəldilmişdi. 1997-98-ci illərdən Minsk qrupunun münaqişənin həlli üçün təklif etdiyi tənzimləmə variantlarının hər birində Ermənistanın işğalçılıq siyasətinə dəstək aşkar sezilirdi. Bu, ona dəlalət edir ki, Minsk qrupu əslində münaqişəni tənzimləmək üçün yox, məhz idarə etmək üçün yaradılmışdı. Münaqişə o istiqamətdə idarə edilirdi ki, Ermənistan işğalçılıq siyasətinin hədəfinə çatsın. Bu hədəf Azərbaycan ərazilərinin hüquqi statusunun dəyişdirilərək Ermənistana birləşdirilməsi idi. Yəni Fransanın bu kontekstdəki fəallığını ayrıca qeyd etmək lazımdır. Yaxşı xatırlayırıq ki, Ermənistan torpaqlarımızı işğal altında saxladığı vaxtlarda Fransa Senatının üzvlərinin rəsmi Bakının icazəsi olmadan həmin ərazilərə səfərləri təşkil edilirdi. Separatçılar Fransada ən yüksək tribunalarla təmin edilir, ən yüksək səviyyədə qəbul olunurdular. Yəni Fransa senatının növbəti riyakarlığı bizim üçün yeni hadisə deyil", - deyə deputat qeyd edib.

E.Mirbəşiroğlu bildirib ki,  Fransa Senatı heç vaxt obyektiv mövqe sərgiləməyib, buya digər məsələlərlə bağlı hər zaman marginal maraqlardan çıxış edib, qərəzli mövqe nümayiş etdirib. Fransa Senatı bir neçə il əvvəl saxta erməni soyqırımını tanımayanlara münasibətdə cinayət məsuliyyətini nəzərdə tutan qərar qəbul edib. Senatın öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edən Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi onun bir dövlət olaraq separatçı mahiyyətini ortaya qoyur. Fransa açıq-aşkar nümayiş etdirir ki, o, ümumilikdə separatizmi dəstəkləyir. Senatın qəbul etdiyi qətnamədə Azərbaycandan azad etdiyimiz əraziləri yenidən Ermənistana qaytarmaq tələb edilir.

Deputatın sözlərinə görə, XXI əsrdə çəkinmədən, heç bir etik norma, dövlət təmkini və strategiyası nümayiş etdirmədən belə azğın mövqe ortaya qoymaq, tarixi ədaləti bərpa edən dövlətə qarşı bədnam qətnamə qəbul etmək Fransanın mahiyyətinin separatizmdən yan keçmədiyindən, işğalçılığa meyilli olduğundan xəbər verir.

"Görünür, Ermənistan məhz Fransanın cinayət əməllərindən dərs götürür. Azərbaycanın Qarabağ ərazisində yaşayan, həm də bu gün Ermənistan ərazisi kimi tanınan tarixi torpaqlarımızda yaşamış soydaşlarımızın necə terror və sui-qəsdlərə məruz qaldıqlarının şahidi olmuşuq. Bu, Ermənistanın "böyük bacı"sı Fransadan aldığı dərsdir, həmin ölkənin təlimatlarıdır. Fransa birmənalı olaraq Ermənistanın simasında işğalçılıq, təcavüz və terroru dəstəkləyir. Təbii ki, münaqişələrlə zəngin olan XXI əsrdə Fransanın bu mövqeyi dövlətlərarası münasibətlərə sarsıdıcı zərbə vurur, beynəlxalq hüquq normalarını ciddi şəkildə pozur", - deyə E.Mirbəşiroğlu əlavə edib.

Fransa Senatının qətnaməsini rəsmi Paris tərəfindən ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirilən qərəzli siyasətin davamı adlandırmaq olar. Qətnamədə Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin "Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək" çağırışının yer alması, ölkəmizin Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilməsi və Azərbaycana münasibətdə "təcavüzkar" sözünün işlədilməsi qəbuledilməzdir. Fransanın saxta ittihamlarla dolu qətnaməsi bir daha sübut edir ki, bölgədə sülh və əmin-amanlıq mühitinin yaradılmasında maraqlı olmayan bu ölkə riyakar simasını dəyişməyib.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 18 noyabr.- S.11.