Fransa həddini aşır

 

Milli Məclis də ermənipərəst ölkəyə yerini göstərdi

 

 

 

Noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə bir daha sübut etdi ki, bu ölkə siyasi riyakarlıqla məşğuldur. Vasitəçi olaraq 30 il müddətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində bircə addım da atmayan, əksinə, hər vəchlə münaqişənin uzanmasında maraqlı olan bu ölkə indiöz siyasi mənafeyi naminə iki ölkə arasında sülh əldə olunması prosesinə çirkin yollarla əngəl olmağa çalışır. Fransa sərgilədiyi bu "təktərəfli sevgi"si ilə Ermənistanda revanşist qüvvələrin iştahını artırır. Eyni zamanda Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesində vasitəçi ola bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

 

 

 

Bu ölkə hələ də Azərbaycanın zəfərini həzm edə bilmir

 

 

 

Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazandı və 30 illik erməni işğalına son qoydu. Postmünaqişə dövründə isə rəsmi Bakı regionda sülhün bərqərar edilməsi, Ermənistanla Azərbaycan arasında normallaşmaya nail olunması üçün kifayət qədər adekvat addımlar atdı. Vətən müharibəsindən ötən bu iki ildə sülh razılaşdırılması istiqamətində iki ölkə arasında aparılan müxtəlif formatlı görüşlərə ümumi nəzər salanda da görünür ki, məhz Azərbaycanın səyləri sayəsində müxtəlif vaxtlarda bu prosesə doğru müəyyən irəliləyişlər olub. Hətta Ermənistan tərəfi sonradan dediyi sözün əksi olan bəyanatlarla çıxış etsə belə aparılan danışıqlar zamanı sülhə razı olduqları ilə bağlı açıqlamalar verib. Aydındır ki, Ermənistanın özü də hazırda boğulduğu siyasi, iqtisadi, sosial, demoqrafik və digər böhranlardan çıxışın sadəcə Azərbaycanla sülhdən keçdiyinin fərqindədir. Həm də onlar ölkəmizin beynəlxalq hüquqla tanınan suveren ərazilərinə iddia etməkdən əl çəkməsələr, başlarına endiriləcək "dəmir yumruğ"un zərbəsinin dadını da yaxşı bilirlər.

Di gəl ki, ermənidən daha betər hay-qışqırıqla erməni yalanlarının müdafiəsinə qalxan Fransa Azərbaycana qarşı açıq diskriminasiyaya yol verməkdən çəkinmir. Bir neçə ay əvvəl Fransada fəaliyyət göstərən radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki səfirliyinə qarşı özündə vandalizmterror elementlərini ehtiva edən cinayət əməlləri törətməsi və Fransa tərəfinin heç bir tədbir görməməsi buna bariz nümunədir.

Ayın 15-də qəbul edilən qətnamə isə Fransanın ölkəmizə qarşı növbəti qərəzinin sübutudur. Özündə Azərbaycanla bağlı heç bir reallığı əks etdirməyən, başdan ayağa erməni yalanlarının müdafiəsi üzərində qurulan bu qondarma qətnamənin qəbul edilməsi ölkəmizin həm siyasi dairələrində, həm də ictimaiyyət arasında böyük qınaq, təpki ilə qarşılanıb. 

 

 

 

Azərbaycan Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni rədd edir

 

 

 

Xarici İşlər Nazirliyinin qətnamə ilə bağlı yaydığı şərhdə də deyilir ki, Azərbaycan Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni rədd edir. O da vurğulanır ki, qətnamə tamamilə həqiqətdən uzaqdır, yalaniftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.

Noyabrın 16-da Milli Məclis də Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofobislamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq bəyanat qəbul etdi.

Bəyanatda deyilir ki, Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə indiyədək qəbul edilmiş qətnamələr, o cümlədən Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnamə və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə"ni pozur.

Sənəddə o da vurğulanır ki, Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə "Laçın dəhlizi" kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi qətnamənin beynəlxalq hüquqa nə dərəcədə zidd olduğunu göstərməklə yanaşı, onun müəlliflərinin və dəstəkçilərinin yerdəki vəziyyətdən bixəbər, erməni "qara təbliğat" maşınının əlində alət olduğunu açıq şəkildə göstərir.

Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

 

 

 

Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətinə qarşı tədbirlərin görülməsi ilə bağlı çağırış edib

 

 

 

Milli Məclis qəbul etdiyi bəyanatda Azərbaycan Respublikası Hökumətinə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması, eləcə də Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı, bu ölkənin türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması və sairlə bağlı tədbirlərin görülməsi ilə əlaqədar çağırış edib.

Bütün bu sadalananlar Fransanın Ermənistan və Azərbaycan arasında normallaşma prosesində düzgün mövqe sərgiləmədiyini, ədalətli vasitəçi olmadığını  ortaya qoyur. Bu ölkənin heç bir hüquqi qüvvəyə malik olmayan bədnam qətnaməsi də bunun açıq təzahürüdür. Lakin Ermənistan da, qətnamə adı ilə yalanlarla, qərəzli iddialarla dolu kağız parçaları qəbul edən və erməniləri quduz revanşist hisslərlə körükləyən Fransa da bilməlidirlər ki, bütün bu çirkin oyunları heç nəyə yaramayacaq. Fransa hay yalanlarına nə qədər siyasi don geydirməyə çalışsa da, bu, "Qarabağ Azərbaycandır!" tarixi reallığını əsla dəyişdirə bilməyəcək.  

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 18 noyabr.- S.11.