Makron Fransanı uçuruma aparır

 

 

Qərbin ekstremist dairələri neçə illərdir Azərbaycanın haqq səsinə qarşı ikili standartlarını, haqqı qoyub nahaqqı danışmaq vərdişlərini gah gizli, gah aşkar şəkildə davam etdirirlər. Bunun bariz nümunəsi bu günlərdə Fransa parlamentinin yuxarı palatası - Senatın növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qərəzli və ədalətsiz qətnamə qəbul etməsidir.

Senat 2020-ci il noyabrın 25-də, Aşağı Palata Milli Assambleya isə 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasının əleyhinə qətnamə qəbul etmişdi. Fransa Konstitusiyasına görə təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri birbaşa hökumətin, daha dəqiq desək, respublika Prezidentinin səlahiyyətinə aid olduğundan, bu sənədləri Yelisey sarayının qətnamələri kimi qəbul etmək daha doğru olar. Bu baxımdan Fransa hakimiyyəti, onun başçısı Emmanuel Makron öz seçicisinin mənafeyini lobbinin tapşırığına satır.

Göründüyü kimi, Yelisey sarayı dünyada dinc yanaşı yaşamaq, normallaşma prosesinə töhfə verməkdənsə, öz ərazi büövlüyünü təmin edib, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı əsassız iddialarla təzyiq göstərir. Bu həm də rəsmi Parisin siyasi terroru kimi də dəyərləndirilə bilər.

Makron parlamentin qərar qəbul etməsindən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurmuşdu. O, "tərəfsiz vasitəçiliyindən", Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə "töhfə vermək istəyi" və sair barədə danışmışdı. Təbii ki, bu məqamda Makronun bu fikirlərində səmimi olmadığı ortaya çıxır. Və istər-istəməz Puşkinin məşhur "Sən oğrusan, sən yalançısan, sən ermənisən!" ifadələri yada düşür. Bu ifadələr Makrona da şamil edilə bilər. Üzdə Azərbaycan lideri ilə xoş, mülayim danışıb, arxadan zərbə endirmək namərdlikdir. Bunu Fransa Prezidenti bacarır. O, bu addımı ilə daha çox Fransaya xəyanət edir. Çünki buna görə perspektivdə rəsmi Parisə, Yelisey sarayına etimad azalacaq. Onun münaqişələrin həllində rolu azalacaq.

Fransanın qeyri-səmimi davranışı müsəlman dünyasına nifrətdən doğur. E.Makron hakimiyyətə gələndən sonra Fransada vətəndaşlığından asılı olmayaraq müsəlmanlara qarşı nifrət toxumu səpilir. Fikrimizcə, rəsmi Paris Afrikadakı məğlubiyyətinin acığını erməniləri bəhanə edərək Azərbaycandan çıxmağa səy göstərir. Fransa Senatı beynəlxalq normaları pozub. O, Azərbaycanla imzaladığı sənədə, deməli, üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edib. Bu baxımdan Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə"yə ziddir.

Fransa Azərbaycana qarşı təkcə siyasihüquqi çərçivədə diskriminasiya etmir. Fransada yaşayan radikal erməni qruplarının Azərbaycanın Parisdəki səfirliyinə qarşı dəfələrlə hücumu və Fransanın bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onların erməni vandalizmini himayə etməsini, Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir. Rəsmi Paris diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası üzrə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana qarşı selektiv yanaşdığını göstərir.

Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmasıdır. Rəsmi Paris Ermənistan vasitəsilə Afrikada, Əlcəzairdə, Malidə, Liviyada əzilən burnunu Cənubi Qafqaza soxmağa çalışır. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəbul etdiyi qətnamə ilə bunu təsdiqləyir.

Ermənistanın belə heç vaxt dilə gətirmədiyini Fransanın Azərbaycandan tələb etməsi "ermənidən daha çox erməni" olmağa çalışdığını, belə bir güclü ölkənin radikal ermənilərin əlində necə oyuncağa çevrildiyini göstərir.

Makron Fransanın tarixdə olduğu kimi - işğalçı, insan alverçisi, saxta, riyakar, dinlərarası iğtişaş yaradan, soyqırımı törədən, etnoslararası kin-nifrət toxumu səpən, cinayətkar olaraq qalmasına yardım edir. O, Fransanın keçmişdə törətdiyi pis əməllərə müasir insanların bir daha nəzər salmasının vacibliyini sübuta yetirir.

MakronSenat sübut edirlər ki, Fransa tarixdə heç vaxt möhtəşəm, ədalətli, böyük, demokratik, humanist dövlət olaraq qalmayacaq. Yelisey sarayı bu qətnamə ilə Fransa tarixindəki çoxsaylı cinayətlərə birini də əlavə etmiş oldu. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanı müharibə cinayətlərində, humanitar hüququ pozmaqda ittiham etməsi riyakarlıq olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlikdir.

Fransa "öz gözündə tir görməyib, özgə gözündə çöp axtaran"lardandır. O da ermənilərə oxşamağa başlayıb. Təəssüf ki, erməni lobbisi Fransanın da dünyanın aparıcı dövlətlər sırasından çıxmasına təkan verir. Yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal edib, həmin dövlətlərin sərvətlərini talan edib, onların xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir. Fransa silahlı qüvvələrinin etnikdini mənsubiyyətinə görə milyonlarla dinc sakinin kütləvi surətdə qətlə yetirilməsi uzaq tarix deyil.

Fransa tarixdə işğalçı dövlət olaraq qalıb. Onun tarixi qan-qada ilə doludur. Bu xüsusiyyətinə görə onu Ermənistanın böyük bacısı hesab etmək olar.

Əlcəzairin Regganİn Ecker adlanan ərazilərində Fransa 17 dəfə nüvə sınağı keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bu günədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzairə təqdim etmək istəmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında qabaqcıl yer tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini eynən davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırıb və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Vətən müharibəsindən indiyədək, yəni ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti böyükdür. 1830-1962-ci illəri əhatə edən Əlcəzairin işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və bu ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına baiskar olan fransızların humanitar hüquqdan danışması tragikomediyadır.

Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni "Fransa Əlcəzairi" adlandırıb.

1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam qətlə yetirilib. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5 minə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük sürgün cəzalarına məhkum edilib.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən danışan ölkənin paytaxtında - 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli öldürülüb, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə "Sena qətliamı" kimi düşüb.

Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransanın Paris şəhərindəki "İnsan muzeyi"ndə müstəmləkə müharibələrində öldürülən 18 min döyüşçünün kəllə sümükləri saxlanılır.

Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yaddaqalan hücum nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib. 1961-ci ildə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5 minə yaxın tunisli qətlə yetirilib. 29 noyabr 1947-ci ildə Vyetnamda törədilən qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl zorlanıb. 1994-cü ildə Fransa Ruandada "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat keçirib. Nəticədə fransız silahlı qüvvələrinin və onlara qoşulan yerli münaqişə tərəfinin də iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb.

Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya azadlıq vermir.

Görünən odur ki, Emmanuel Makron Fransanın gələcəyini beynəlxalq arenada uçuruma aparır.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 18 noyabr.- S.11.