Şuşa hər bir azərbaycanlı üçün müqəddəs yerdir

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü qələbəmizin şanlı səhifəsinin yazıldığı Şuşa şəhərində olub.

Dövlət başçısı çıxış edərək əldə olunan böyük qələbə münasibətilə əsgər və zabitlərimizi təbrik edib, Vətən müharibəsində qazandığımız uğurlardan danışıb. Qələbənin əldə olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub. Müzəffər Ali Baş Komandan qeyd edib ki, "Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər".

Şuşa dağların zirvəsində Tanrının yaratdığı bir gözəllik tablosudur. Şuşa vətənin sinəsində xalqımızın döyünən ürəyidir. Şuşa xalqımızın yaratdığı ən qiymətli mədəni abidədir. Təəssüf ki, ötən əsrin sonlarında dünyada baş verən geopolitik vəziyyətin fonunda ölkəmizdə yaranan xaos, hakimiyyətsizlik, siyasi çəkişmələr illərdir pusquda olub məqam gözləyən düşmənin əlinə Şuşanın işğalı üçün fürsət verdi. Şuşa naşılığın və hakimiyyət uğrunda çəkişmələrin qurbanı oldu.

Şuşanın düşmən tərəfindən işğalı digər rayonlarımızın işğalına da vəsilə oldu. Xalqımız ev-eşiyindən didərgin düşdü, çəkmədiyi bəla qalmadı...

Azərbaycan səriştəsizlərin uduzduğu Birinci Qarabağ savaşından məyus olsa da, təslim olmadı. Ruhdan düşmədi, toparlandı, güc topladı. Xalqımız bir günolsun Qarabağı yenidən qaytaracağımıza inamını itirmədi. Xüsusilə dövlətimizin başçısı dəfələrlə çox inamlakonkret şəkildə bəyan edirdi ki, "Biz torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getməyəcəyik".

İlham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə ordu quruculuğuna diqqət daha da artırıldı. Dövlətimizin iqtisadi gücü günbəgün gücləndi. Görülən işlər, aparılan uğurlu siyasət hər gün bizi anbaan qələbəyə, Qarabağa yaxınlaşdırırdı. Nəhayət, 27 sentyabr 2020-ci ildə ordumuz İlham Əliyevin sərkərdəliyi ilə düşmənin özbaşınalıqlarına birdəfəlik son qoymaq üçün zəfər yürüşünə çıxdı. Dövlət başçısının dediyi kimi, "Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir güngeri addım atmamışdı. Halbuki biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi".

Zəfər Günü dövlət başçısı xalqımızın mənəvi qalası Şuşa haqqında danışarkən fikirlərini belə izah etmişdir: "Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Hər dəfə Şuşada olarkən, - mən son iki il ərzində Şuşada on dəfədən çox olmuşam, - hər dəfə Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən mən və əminəm ki, hər bir insan bir daha hərbçilərimizin qəhrəmanlığını, fədakarlığını, peşəkarlığını görür. Çünki Zəfər yolu adlandırdığımız yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb".

Şuşa bu gün Azərbaycan Ordusunun gücünün, qüdrətinin simvoludur.

 

Birlik olan yerdə dirilik olar

 

Xalqın gücü onun birliyindədir. Dövlət başçısı İlham Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazanıb Prezident seçildiyi ilk günlərdə "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsünonu hiss etsin", demişdir. Hakimiyyətə gəldiyi ilk gündən bütün yollar xalqı birliyə aparırdı. Bu uğurlu siyasət 44 günlük Vətən müharibəsi günlərində öz müsbət nəticəsini parlaq şəkildə göstərdi. Xalq qələbəmizin rəmzi olan "dəmir yumruğ"a dönüb rəhbərin ətrafında sıx birləşdi. Bu birlik düşmənin canına vəlvələ saldı. Gözünü qorxutdu. Zəfər Günü Şuşada əsgərlərin qarşısında çıxış edən dövlət başçısı xalqımızın birliyini səmimiyyətlə belə ifadə etdi: "Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz , alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bizə qürur yaşadan zəfərin qəhrəmanları, şəhidlərimiz, qazilərimiz, vətənin dar günündə əlinə silah götürüb sinəsini düşmənə sipər edən mərd oğullarımızdır. Qələbənin müəllifi isə bu ordunu quran, onu zəfərə inandıran və aparan, Azərbaycan əsgərini öz övladı bilən, hər bir Azərbaycan vətəndaşını öz ailə üzvü kimi qəbul edən, milli birliyi təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bizə qürur yaşadan qələbəmizə görə də, qələbəmiz qədər dəyərli olan birliyimizə görə də ona borcluyuq.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 13 noyabr.- S.1; 12.