İlham Əliyevə ümumxalq sevgisi var

 

 

Bir insan, bir rəhbər üçün ən böyük mükafat, ən yüksək dəyər xalqın inamını, etibarını, sevgisini qazanmaqdır. Bu inamı qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Onun dəyəri misilsizdir, qiymətsizdir... Bütün maddi nemətlərdən, fəxri adlardantitullardan yüksəkdə ümumxalq sevgisi durur.

Ölçüsü, biçimi, çəkisi mürəkkəb olan, gəlimli-gedimli bu dünyada sözü, əməli, işi ilə yaşamaq, bir millətin taleyi olub tarixini yazmaq, qurmaq, yaratmaqyaşatmaq üçün dünyaya gəlmək çox nadir şəxslərə nəsib olan xoşbəxtlikdir. Elə insanlar var ki, onlar təmsil olunduqları xalqın, lideri olduqları dövlətin rəmzinə çevrilirlər, adları millətin milli kimliyini ifadə edir. Nə xoş ki Tanrı zaman-zaman bu cür tarixi şəxsiyyətləri ilə xalqımızı mükafatlandırıb. Adı XXI əsrin nəhəng siyasi liderləri ilə qoşa çəkilən, dünya siyasi mühitində öz dəst-xəti, sözü və iradəsi, qətiyyəti ilə seçilən Azərbaycan Prezidenti İlham Əliyev kimi.

Prezident İlham Əliyev qazandığı uğurlarla, apardığı möhtəşəm siyasəti, güclü məntiqi, dərin iradəsi, tükənməz enerjisi və qətiyyəti ilə, bir rəhbərdən daha çox bir möhtəşəmlik rəmzinə çevrilib, insanların ruhunda, qəlbində öz abidəsini ucaldıb. Dövlət başçısı Qarabağın xilaskarı, Azərbaycan Ordusunu quran, onu qələbəyə aparan möhtəşəm sərkərdədir. Prezident İlham Əliyev fatehdir: 300 illik erməni ideologiyasını tarmar edən, erməni xalqını bu bəladan qurtarandır. 44 günlük zəfər müharibəsinin nəticələrini görən erməni xalqı nəinki dənizdən-dənizə "böyük Ermənistan" dövləti qurmağın mümkün olmadığını anladı, hətta hazırkı Ermənistan dövlətini qorumaq haqqında düşünməyə məcbur edildi. Cənab İlham Əliyev qurucu Prezidentdir. Azərbaycan dövlətinin iqtisadi, siyasi təkamül yoluna çıxarılmasında müstəsna xidməti olan tarixi şəxsiyyətdir...

 

 

 

Zəfərin İlham Əliyev yolu

 

 

 

Dövlət ağılla, məntiqlə, səbirlə idarə edilir. Müdriklər hesab edirlər ki, siyasətin açarı iqtisadiyyatın gücündədir. Prezident İlham Əliyev də ilk növbədə ölkənin iqtisadi gücünün artmasına çalışdı. Qısa bir zaman ərzində buna nail oldu. İqtisadi cəhətdən Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirdi. Ölkəmizdə dayanıqlı sabitliyi, güclü lideri görən qüdrətli, böyük dövlətlər Azərbaycana sərmayələr yatırıb, müştərək müəssisələr yaratdılar. Yeni yerləri açıldı. Yol infrastrukturu yenidən quruldu. Ölkəmiz sabitliyinə, əmin-amanlığına, təhlükəsizliyinə, eyni zamanda xidmətin səviyyəsinə görə turistlərin ən çox üz tutduqları məkana çevrildi. Ərazilərimizin müdafiəsi, müstəqilliyimizin daha da etibarlı təminatı üçün ordu quruculuğuna, hərbi sənayemizin qüdrətinin artırılmasına xüsusi diqqət yetirildi. Respublikanın elm, təhsil, səhiyyə sistemi yenidən quruldu. Ölkə bütünlükdə böyük tikinti meydanına çevrildi. Dövlətimizin iqtisadi qüdrəti artdıqca siyasi mövqeyi də gücləndi. Artıq şərtləri Azərbaycan diktə etməyə başladı. Qüdrətli Azərbaycan dövləti dünya siyasi masasında söz sahibinə çevrilərək qlobal görüşlərə Prezident İlham Əliyevin təşəbbüsü və vasitəciliyi ilə evsahibliyi edirdi. Təbii ki, gündən-günə qüdrətimizin artmasını  gözü götürməyənlər bizi gücdən salmaq üçün erməni faktorundan istifadə edirdilər. Həmişə özgələrinin maşası olan erməniləri qızışdırıb üstümüzə qaldırırdılar. Dövlətimizin başçısı isə siyasi iradə nümayiş etdirib erməniləri qan tökməməyə, sülhə, problemi danışıqlar yolu ilə həll etməyə çağırırdı. Böyük praqmatik, siyasətçi İlham Əliyevin siyasi dözümlülüyü, iradəsi isə bizi addım-addım iqtisadi yüksəlişdən hərbi qələbəyə aparırdı.

Nəhayət, 27 sentyabr 2020-ci il gəldi. 27 sentyabr tariximizə yalnız Vətən müharibəsinin başlandığı gün kimi düşmədi. Milli birlik, inam qətiyyət günü kimi tariximizə yazıldı. Xalq həmin gün sevib-seçdiyi liderinə inamını qətiyyətlə ifadə etdi. Cənab İlham Əliyevin uğurla başladığı zəfər siyasəti keçilməz dağlardan yol saldı, qayalardan keçdi. Oğullarımız "mənim Prezidentim, mənim dövlətim, mənim vətənim, mənim bayrağım deyib" yeridilər düşmən üzərinə. Əsgərlərimiz savaş meydanında, Prezdent isə siyasi meydanda bədxahlarımızla döyüşdülər. Hər iki meydanda qazanan Azərbaycan idi. Ona görə ki, hər iki cəbhənin Ali Baş Komandanı, əsrin əfsanəvi lideri

İlham Əliyev idi. Hər iki cəbhənin sərkərdəliyi onun əlində idi. Müdriklər gözəl deyib ki, güc kimin əlindədirsə, şərtləri o diktə edir. Ermənistan rəhbəri daha rüsvayçı məğlubiyyətdən yaxa qurtarmaq üçün aman diləyirdi, yalvarırdı. Qətiyyətli Azərbaycan liderinin qarşısında aciz duruma düşmüşdü. Döymədiyi qapı, yalvarmadığı ölkə lideri qalmamışdı. Nəhayət, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatını, kapitulyasiya aktını imzalamağa məcbur edildi...

Hər bir xalqın öz xarakteri, milli düşüncəsi var. İnsanlar güclü, qətiyyətli, sözünü, əməlini tamamlayan lideri sevir. Cənab İlham Əliyev ardıcıl siyasəti ilə özünü təsdiq edib, əbədi olaraq xalqın ürəyində məskən salmağı bacaran dövlət başçısı oldu. Bizi illərin bəlasından, dərdindən xilas etdi, həsrətində olduğumuz torpaqlarımıza qovuşdurdu. Vətənimizi bütövləşdirdi.

 

 

 

Xalqın gözü tərəzidir

 

 

 

Noyabrın 17-də Azərbaycan Prezidentinin reytinqini əks etdirən səkkizinci "İnam indeksi" jurnalının təqdimat mərasimi keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin "İnam indeksi" silsiləsinin davamı olaraq təqdim edilən icmalda 2022-ci ilin may-avqust aylarında Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini öyrənmək məqsədilə sosioloji sorğu keçirilib. Rəyi soruşulanların 95,3 faizi Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Sorğuda Birinci vitse-prezident Mehriban Əliyevaya münasibətdə rəyi soruşulanların 90,7 faizi müsbət mövqe ifadə ediblər.

Dövlət başçısının ölkəmizin ictimai-siyasi, postmüharibə dövründə sülh yaradıcılığı, o cümlədən informasiya-kommunikasiya siyasəti ilə bağlı ictimai göstəricilər vətəndaş rəyində qiymətləndirilib. Prezident İlham Əliyevin reytinqi uzunmüddətli münaqişəni həll etdikdən sonra nəzərəçarpacaq dərəcədə artıb artmaqda davam edir. Dövlət başçısının hərbi-quruculuq siyasəti bütün cəmiyyət tərəfindən dəstəklənir.

 

 

 

Vətən sevgisi hər şeydən ucadır

 

 

 

Sorğudan göründüyü kimi, xalqımızın vətən sevgisi, torpaq sevgisi hər şeydən ucadır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan Qarabağı düşmən işğalından azad etməklə insanların ürəyini fəth etdi. İşğaldan azad olunmuş ərazilərimizdə hər dəfə zəfər bayrağımızı ucaltdıqca, özü xalqın gözündə bayraq kimi müqəddəsləşdi. Xalqımızın dövlət başçısına olan münasibəti, onu ürəklərdə əvəzsiz lider etməsi Prezident İlham Əliyevin siyasətinə verilən dəyərin ən dürüst ifadə formasıdır.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.10.