Ağdamın Zəfər Günü

 

 

İlham Əliyev bir güllə atılmadan azad etdiyi Qarabağın giriş qapısını inkişafquruculuğun yeni rəmzinə çevirib

 

 

 

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə və diplomat məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Qarabağın dilbər guşəsi, cənnətməkanın giriş qapısı sayılan Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Bu gün Ağdamın işğaldan azad olunmasının ikinci ilini böyük sevincqürur hissi ilə bayram edirik. İlham Əliyevin bir güllə atılmadan azad etdiyi rayon hazırda inkişafquruculuğun yeni rəmzinə çevrilib. 

 

 

 

Ən çox şəhid verən, ən çox küçə döyüşləri aparılan rayon

 

 

 

1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin böyük bir hissəsini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğaldan azad ediləndə viranəyə çevrilmiş xarabalıqları xatırladırdı. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu "Qafqazın Xirosiması" adlandırdılar.

27 il bu ağrı-acı ilə yaşadıq. Hər il o qara günü ürək ağrısı ilə yada saldıq. Çünki Ağdam Birinci Qarabağ müharibəsi zamanı hadisələrin episentri idi. İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonunun 77,4 faizi ermənilərin əlinə keçmişdi. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağım etmişdilər. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan çox ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub.

Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verən rayondur. Ağdam hər zaman düşmənə gözdağı olub.

 

 

 

23 iyul - işğal tarixi arxivə getdi, 20 noyabr- Ağdamın Zəfər bayramıdır

 

 

 

27 il bu təqvim günündə təkcə ağdamlıların deyil, bütün xalqımızın qəlbi qan ağladı, nisginliklə, qəmli notlarla o günləri yada salıb ağrılı-acılı tarixi xatırlamaq məcburiyyətində qaldı.

Bütün  anım mərasimlərində bir arzumuz var idi - torpaqlarımız azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təntənə ilə qeyd edək. Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixi yox, 20 noyabr Zəfər bayramı günü var.

Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib.

İki il öncə  İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur".

Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamada da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır.

 

 

 

İki ildə Ağdama dörd səfər

 

 

 

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ağdama 4 dəfə səfər edib. 2020-ci il 23 noyabr, 2021-ci il 28 may, 2022-ci il 13 fevral və 2022-ci il 4-5 oktyabr tarixlərində gerçəkləşən bu səfərlərin hər birində çox mühüm tarixi hadisələr yaşanıb. Prezident yeni-yeni layihələrin təməlini qoyub, açılışlar edibrayon ictimaiyyəti ilə görüşərək Ağdamın gələcək günlərindən söz açıb. 

Qalib sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışladı. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidində dua etdilər və Prezident Ağdam məscidinin qarşısında çıxış edərək erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi və Ağdamın yenidən cənnətməkana çevriləcəyini bildirdi. 

İkinci səfər isə 2021-ci il, 28 May Müstəqillik Gününə təsadüf etdi. Bu səfər zamanı  Prezidentin iştirakı ilə Bərdə-Ağdam avtomobil yolunun,  Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının və Ağdam şəhərinin bərpasının təməl daşı qoyuldu. İlham Əliyev Ağdam şəhər meşə-parkında ağac əkdi, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində oldu, Zəfər Muzeyi və açıq havada İşğal Muzeyinin layihəsi ilə maraqlandı, Qiyaslı məscidində, Şahbulaq qalasında oldu. Ağdamın Baş planı təqdim edildi. Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Ağdam şəhərində həm fərdi evlər, həm də yüksəkmərtəbəli yaşayış binaları inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Yüksəkmərtəbəli binalar isə Ağdam şəhərinin ərazisinin 30 faizini, əhalinin 70 faizini əhatə edəcək. Hazırda 5 kvartaldan ibarət yaşayış massivinin tikintisinə başlanılması üçün hazırlıq işləri görülür. Bu yaşayış massivində hər kvartalda altımərtəbəli olmaqla, 6 yaşayış binasının tikilməsi nəzərdə tutulur. Yaşayış massivində, həmçinin hotelinbir parkın inşa edilməsi qərarlaşdırılır.

Ağdam şəhərində 15 məktəb və uşaq bağçasının inşası planlaşdırılıb. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdam şəhərinin nəqliyyat infrastrukturu da əhalinin rahatlığı üçün hesablanıb. Belə ki, küçələrdə piyada, velosipedictimai nəqliyyat üçün zolaqlar, eləcə də elektriklə işləyən tramvay xətlərinin çəkilişi nəzərdə tutulub.

Şəhərin yaşıllaşdırılmasına xüsusi diqqət yetirilir. Belə ki, burada 4 böyük meşə sahəsi, 23 ədəd şəhər parkı salınacaq. Ümumilikdə şəhərin ərazisinin 20 faizi yaşıllıqla əhatə olunacaq. Bu yaşıllıq həm şəhərin ekologiyasına, həm də gözəlliyinə töhfə verəcək. Şəhərin içərisində - su kanalının keçəcəyi yerdə artıq meşə parkı salınıb.

Bu il Prezident İlham Əliyev işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində ilk səfərini Ağdama etdi. Fevralın 13-də reallaşan səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdilər. Sonra Prezident Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisəsinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu.

Daha sonra dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldular. Prezident həmçinin  210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış oldular.

Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Pənahəli xanın sarayı və imarət kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yoluavtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Oktyabrın 5-də Prezident İlham Əliyev Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış etdi. Forum beynəlxalq səviyyədə keçirilən çox əhəmiyyətli tədbir kimi tarixə düşdü.

Birləşmiş Millətlər Təşkilatının şəhərsalma proqramı çərçivəsində milli şəhərsalma forumu Ağdam işğaldan azad edildikdən sonra ilk keçirilən beynəlxalq tədbir idi. Dünyanın 44 ölkəsindən, ABŞ da daxil olmaqla, bir sıra ölkələrdən 130-a qədər nümayəndənin, ümumilikdə isə 400-ə qədər şəxsin iştirak etdiyi bu forumun beynəlxalq aləmdə çox ciddi önəmi var idi.

 

 

 

İlham Əliyev bütün dünya ölkələrinə örnək olacaq Ağdam qurur

 

 

 

Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. Bir il öncə, 2021-ci il mayın 28-də, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu.

Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər Ağdam oldu. Bir il öncə Prezident şəhərin baş planına uyğun çox mühüm sosial-iqtisadi infrastrukturların təməlini qoydu.

Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada buya digər formada abadlıq-quruculuq işləri həyata keçirilməsin. İşğaldan azad edilmiş ərazilərdə 15 yol-nəqliyyat infrastrukturunun, digər kommunikasiya xətlərinin salınması, Füzuli və Zəngilan beynəlxalq aeroportlarının qısa müddətdə tikilib istifadəyə verilməsi, hazırda Laçında  aeroportun tikintisinin davam etdirilməsi, elektrik yarımstansiyalarının istifadəyə verilməsi, su xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulmasına başlanılması, Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşan layihələr misli görünməmiş quruculuq işləridir desək, yanılmarıq.

Son olaraq onu da vurğulayaq ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək.

Bir sözlə, bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri həm də Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Çünki İlham Əliyevin bölgədə reallaşdırdığı bütün layihələri Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına həyata keçirir, yəni heç bir beynəlxalq təşkilatdan, dövlətdən maddi yardım almadan.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.12.