Zəfər büdcəsi

 

Milli Məclis gələn ilin dövlət büdcəsini müzakirəyə çıxarır

 

Bu gündən Milli Məclisdə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başlayır. Üç gün davam edəcək müzakirələrdə dövlət büdcəsinə daxil olan  digər məsələlər - gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri, yaşayış minimumu, ehtiyac meyarının həddi ilə bağlı layihələr də müzakirə olunacaq.

 

Müstəqilliyimizin ən böyük büdcə göstəriciləri

 

Xatırladaq ki, noyabrın 3-dən etibarən Milli Məclisin komitələri tərəfindən 2023-cü il dövlət büdcəsinin və büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi keçirilir. İclaslarda qeyd olunub ki, respublikamızın 2023-cü il və sonrakı üç il üçün dövlət icmal büdcələrinin layihələri ölkə Prezidentinin Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərin, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılmasına dair müvafiq sərəncamlarına və "Büdcə sistemi haqqında" qanunun tələblərinə uyğun hazırlanıb. Bildirilib ki, növbəti ilin büdcəsi neft gəlirlərindən asılılığın mərhələlərlə aradan qaldırılmasını, fiskal dayanıqlığı və borc intizamını, habelə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin etməklə yanaşı, ortamüddətli sosial-iqtisadi inkişaf  strategiyasında 2023-cü il üzrə qarşıya qoyulmuş hədəflərə nail olmaq imkanı yaradır.

"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə əsasən, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri isə 33,3 milyard manat proqnozlaşdırılır. Bu rəqəmlər Azərbaycanın müstəqillik tarixinin ən yüksək büdcə göstəriciləridir. Növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat proqnozlaşdırılır.

2023-cü ilin dövlət büdcəsinin layihəsində Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" ilə qarşıya qoyulmuş vəzifələrin mərhələli şəkildə icrası, əhalinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsi üzrə tədbirlərin daha da gücləndirilməsi, əməyin ödənişi sahəsində islahatların davam etdirilməsi, təhsil, elm, səhiyyə sahələrində islahatların növbəti mərhələsinin həyata keçirilməsi üçün maliyyə resursları nəzərdə tutulur.

 

Bütün sahələrə ayrılan xərclər artırılır

 

Sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu 1 milyard 289 milyon manatyaxud 9,3 faiz çoxdur.

Növbəti il üzrə təhsil xərcləri üçün 4 milyard 423,1 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manatya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 330,9 milyon manat, yəni 43 faiz çoxdur.

2023-cü ilin dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,5 milyon manat vəsait nəzərdə tutulub. Bu cari illə müqayisədə 23,5 milyon manatya 11,5 faiz, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə 76,7 milyon manat, yəni 50,5 faiz çoxdur.

Səhiyyə xərclərinə gəldikdə, gələn il bu məqsədlə 1 milyard 906,4 milyon manat vəsait proqnozlaşdırılır. Bu, 2022-ci illə müqayisədə 197,6 milyon manatya 11,6 faiz, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə 527,9 milyon manat, və ya  38,3 faiz çoxdur. Gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün  4 milyard 415,9  milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 687,3 milyon manatya 18,4 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard  251,7 milyon manat, yaxud 39,6 faiz çoxdur.

Respublikamızın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5 milyard  320,1 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2022-ci illə müqayisədə 235,3 milyon manatya 4,6 faiz çoxdur. Gələn il üçün  müdafiə və milli təhlükəsizlik üçün ayrılması proqnozlaşdırılan büdcə vəsaiti ümumi büdcə xərclərinin 16 faizini təşkil edəcək.

 

İşğaldan azad olunmuş ərazilərin bərpasına 3 milyard manat ayrılacaq

 

 Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin prioritetlərindən biridir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın tərkib hissəsi kimi əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosialbiznes infrastrukturunun yaradılması, ümumi məhsul istehsalında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payının artırılması kimi mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması büdcə siyasəti qarşısında duran əsas çağırışlardan biridir. Təsadüfi deyil ki, 2021-2022-ci illərdə dövlət büdcəsindən bu istiqamətdə 4,8 milyard manata yaxın vəsait cəlb olunub, yol, su, qaz, enerji xətləri inşa olunub. Habelə ərazilərin minalardan  təmizlənməsi ilə bağlı bir çox işlər görülüb, məcburi köçkünlərin öz yurdlarına qayıdışına başlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha geniş həcmlərdə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili və fəaliyyəti ilə bağlı 2023-cü ilin dövlət büdcəsinin layihəsində müvafiq maliyyə təminatı yaradılıb. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyonya 12,4 faiz faiz çoxdur.

Göründüyü kimi, 2023-cü ilin dövlət büdcəsinin layihəsində hər bir sahə üzrə ayrılan xərclər əhəmiyyətli dərəcədə artırılıb. Vətən müharibəsindən ötən qısa dövrdə respublikamızın dövlət büdcəsindəki bu artım və keyfiyyət dəyişiklikləri mühüm iqtisadi hadisədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın büdcə siyasəti növbəti ildə də qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-15 noyabr.- S.1-2.