Biz cahana sülh arzulayan xalqıq

 

Qurucu rəhbər, qlobal lider, müzəffər komandan

 

Yer kürəsi sınaq qarşısındadır. Təbii fəlakətlər, müharibələr, mənşəyi məlum olmayan xəstəliklər sanki planetimizi imtahana çəkir... Bir yandan da ərzaq təhlükəsi, qiymətlərin bahalaşması qara bulud kimi dünyanın başının üstünü almaqdadır.

Hətta BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında qeyd olunur ki, 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olacaq. Proqnozlara görə, gələn il dünyada taxıl ehtiyatının həcmi tələbatı ödəmək üçün kifayət etməyəcək.

İddialara görə qlobal ərzaq çatışmazlığının kökündə əsasən iqlim faktorları durur. Planetimizdə baş verən anormal hava şəraiti, daşqınlar, şaxtalı hava, ardınca da gələn quraqlıqlar məhsuldarlığın əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub. Deyilənlərə görə, Avropa iqlim böhranının bir addımlığındadır. Bu qədim qitə son 500 ilin ən pis quraqlığı ilə üzləşə bilər. İqlim faktoru, təbiətdə baş verən kataklizmlər də öz yerində... Dünyada yaranan ərzaq böhranının daha bir tutarlı səbəbi də dünyada baş verən müharibələrdir. Dünyanın taxıl, ərzaq təminatında müstəsna rolu olan iki dövlət - RusiyaUkrayna arasında müharibə gedir. Heç kimə sirr deyil ki, əslində, böyük dövlətlər arasında gedən müharibələr iqtisadi resursları ələ keçirmək uğrundadır.

Biz bu gün təbiətdə baş verən kataklizmlərin cəmiyyətdə daha qabarıq şəkildə özünü büruzə verdiyini müşahidə etməkdəyik. Təbiətlə cəmiyyət arasında sıx vəhdət olduğu açıqca hiss olunur. Yer kürəsi qaynar qazana bənzəyir. Dünyanın əksər yerlərində silahlar partlayır, qan tökülür, günahsız insanlar həlak olur. Dünyanı idarə etmək iddiasında olanlar bu gün hələ ki, bir-biri ilə silahların dili ilə danışırlar.

 Nə qədər qəribə səslənsə də, belə bir durumda real sülh çağırışları türk xalqlarından gəlir. Dünyanı həm ərzaq, həm də müharibə təhlükəsindən xilas etmək üçün real işi birmənalı olaraq türk dövlətləri görürlər. Reallıq bundan ibarətdir ki, dünyanın heç bir yerində türk xalqları bir-biri ilə və əslində,  heç kimlə də vuruşmurlar. Dünyada "parçalahökm sür" siyasətinin at oynatdığı ağır bir zamanda türk dovlətlərinin birlikləri yaranır...

Ümumiyyətlə, türkün xislətində qan tökmək yoxdur. Yurda sülh, cahana sülh arzulayan, bu yöndə fəaliyyət göstərən xalqlarıq. Barış üçün çalışdığımızı dünya yaxşı bilir və dərk edir.

İllər idi ki, xalqımız Azərbaycanın müstəqilliyini istəməyən, Cənubi Qafqazda ikinci bir qüdrətli türk dövlətinin olmasını gözü götürməyən qüvvələrin birbaşa himayəsi ilə müharibəyə cəlb olunmuş, torpaqlarımızın böyük bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənilərin törətdikləri bütün qeyri-insani hisslərə baxmayaraq, Azərbaycan həmişə problemi sülh yolu ilə həll etməyə çalışıb. Ən son məqama, yəni 44 günlük Vətən müharibəsi başlanan günə kimi sülhün tərəfdarı olduğumuzu hər an təkcə sözdə yox, işdə sübut etmişik. Lakin Ermənistan tərəfi bunu heç vaxt başa düşüb düzgün dəyərləndirə bilməyib. Qan ermənilərin gözünü örtmüşdü. Mənəm-mənəmlik hissi onlara reallığı dərk etməyə, dəyərləndirməyə imkan vermirdi. Nəticədə hamımızın yaxşı bildiyi və gözlədiyi hadisə oldu. Biz haqq mübarizəmizi zəfərlə başa vurduq.

Ermənilərin bizi haqsız münaqişəyə cəlb etdikləri bu illər ərzində daim ətrafımızda türk dövlətlərinin birliyini gördük. Haqlı mübarizəmizdə qardaş türk dövlətləri hər zaman bizə dəstək verdilər. Təhdidlərə baxmayaraq, ərazi bütövlüyümüzə hər an hörmətlə yanaşdılar. Bir sözlə, bizi siyasi meydanda tək qoymadılar.

Bu gün dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər getdiyi bir zamandayıq. Bəzi dövlətlər dünyada ağalıq, hegemonluq etmək uğrunda bir-biri ilə mübarizədədirlər. Belə bir məqamda hər kəs dostunu, düşmənini müəyyən etməyə çalışır. Sevindirici faktdır ki, dünyanın belə qarışıq vaxtında türk dövlətləri də ortalığa prinsipial mövqe qoyublar. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərar qəbul edildi. Bu qərar dünyada türk dövlətlərinin birliyi, inteqrasiyası istiqamətində atılan çox böyük tarixi hadisə oldu. Türk Dövlətləri Təşkilatında (TDT) Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan təmsil olunur. Türkmənistanla Macarıstan isə müşahidəçi statuslu üzvlərdir.

Dünyada ciddi dəyişikliklərin baş verdiyi, təhdidlərin, müxtəlif çağırışların qapını döydüyü bir vaxtda türk dövlətləri arasında belə birliyin yaranması olduqca vaciblabüd idi. TDT-yə üzv dövlətlər arasında iqtisadi nəqliyyat, humanitar sahədə əməkdaşlıq var.

Burada bir məsələni də qeyd etməyi vacib bilirik. Türk dövlətlərinin birliyi heç kimi narahat etməməlidir. Bu birlik kimə və kimlərəsə qarşı yaranan birlik deyil. Türklər harada olublarsa, orada ədalət olub, qanun hökm sürüb. Dünyada türkün bayrağı dalğalandığı yer sülhün, əmin-amanlığın olduğu yerdir. Bunu sübut etmək üçün çox da uzağa getmək lazım deyil. Ermənilər işğal etdikləri Azərbaycan torpağını 30 ildə viran etmişdilər. Azərbaycan işğaldan azad etdiyi əraziləri iki ildə cənnətə döndərir. Fransızlar işğal etdikləri Əlcəzairdə 10 milyondan çox günahsız insanı qətlə yetiriblər, türklər dünyanın üç qitəsinə ədalət aparıblar.

Elə bu gün də dövlətimizin başçısı yenə müdriklik göstərib humanistlik edərək məğlub Ermənistana 5 bənddən ibarət sülh təklifi edib. Bütün münaqişələrin sonu sülhlə tamamlandığı kimi, bizsülh istəyirik. Bu, bizdən daha çox ermənilərə lazımdır. Qardaş Türkiyə Ermənistanın bütün pis niyyətlərinə, Türkiyənin əleyhinə illərdir apardıqları qəbuledilməz təbliğata baxmayaraq, dostluq əli uzadır, barış təklif edir. Ermənilərin dostu olan dövlətlər isə özləri kimi hiylə işlədirlər. Erməniləri silahlandırıb, yenə müharibə, münaqişə ocağını alovlandırmaq istəyirlər.

Qətiyyətlə qeyd edə bilərik ki, türk dünyasının birliyinin möhkəmlənməsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin, Prezident Rəcəb Tayyib Ərdoğanla dövlətimizin başçısı

İlham Əliyevin sarsılmaz dostluğunun müstəsna rolu var. Bu birlik getdikcə qüdrətlənəcək, qüvvətlənəcək, dünyada sülh, barış istəyən insanlara xoşbəxtlik gətirəcək.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.13.