Futbol bayramı başlayır

 

Qətər-2022 mundialı bu gün start götürür

 

 

Bu gün - 2022-ci il 20 noyabr təqvim günü - dünya futbol ictimaiyyətinin 4 il gözlədiyi idman bayramına Qətərin Əl-Hor şəhərindəki 60 min tamaşaçı tutumu olan "Al-Bayt" arenasında Qətər-Ekvador oyunu ilə start verilir. Futbol üzrə dünya çempionatını keçirən ilk ərəb ölkəsi kimi tarixə düşən Qətər dekabrın 18-dək diqqət mərkəzində olacaq.

Monarxiya bu hüququ hələ 2010-cu ildə alıb. Bu müddət ərzində turnirə hazırlığa nə qədər vəsait xərcləndiyini dəqiqliklə söyləmək çətindir. Hesablamalarda qeyri-müəyyənliyə səbəb Qətər hökumətinin dünya çempionatı ərəfəsində xərclədiyi pulların böyük əksəriyyətinin qeyri-futbol infrastrukturuna - yeni metropoliten sisteminin, hava limanının və yolların, 100-ə yaxın hotel və istirahət mərkəzlərinin tikintisinə sərf olunmasıdır. Bu investisiya layihələrinin əksəriyyəti Qətər hökumətinin qəbul etdiyi və ölkənin 2030-cu ilə qədər milli inkişaf və modernləşmə üzrə iddialı strategiyası olan "Qatar National Vision 2030" proqramının bir hissəsidir.

Mütəxəssislərin fikrincə, istənilən halda bu, 1930-cu ildən bəri keçirilən bütün dünya çempionatları arasında ən bahalısı olacaq.

Müxtəlif ekspert hesablamalarına və hesabatlarına görə, Dohanın ümumi xərcləri 200 milyard dolları keçəcək. Müqayisə üçün qeyd edək ki, əvvəllər futbol üzrə  ən bahalı dünya çempionatları 2014-cü ildə Braziliyada, 2018-ci ildə isə Rusiyada keçirilən mundiallar olubbu yarışların hər biri təşkilatçılara təxminən 15 milyard dollara başa gəlib.

Şeffild-Hallam Universitetinin idman maliyyəsi üzrə eksperti Den Plamli "Alman dalğası" radiostansiyasına müsahibəsində deyib ki, 2010-cu ildə Qətər 2022-ci il Dünya Çempionatına evsahibliyi etmək üçün seçiləndə potensial xərc artıq 65 milyard dollar təşkil edirdi. Bəzi son hesablamalar isə hazırda onun indi 200 milyard dolları keçə biləcəyini deməyə əsas verir. Bu, hazırda rekord məbləğdir.

Öz növbəsində, Amerikanın idman maliyyəsi üzrə məsləhətçi şirkəti olan "Front Office Sports" Qətərdə keçirilən dünya kubokunun xərclərini 220 milyard dollar həcmində qiymətləndirib. Qətər-2022 Ali Komitəsinin davranış miras üzrə baş katibi Həsən Əl-Təvadi isə infrastruktur xərclərinin 200 milyard dollardan artıq olacağını bildirib.

Plamli hesab edir ki, Qətərin nail olmaq istədiyi əsas qazanclar qeyri-kommersiya xarakterlidir: "Dünya çempionatına evsahibliyi etmək üçün əsas motivasiya beynəlxalq münasibətlərdir. Bu, həm müdafiə təhlükəsizlik strategiyası kimi "yumşaq güclə" bağlıdır. Pul Qətər üçün heç problem deyil. Aydındır ki, Doha  Dünya çempionatına evsahibliyi etməyə qadirdir bununla bağlı itkiləri ödəməyə hazırdır. Bir çox cəhətdən DÇ-2022  maliyyə anomaliyasıdır".

 

 

 

Futbol çempionatlarının "mirası"

 

 

 

Amma bu, həqiqətən maliyyə anomaliyası olsa belə, indiki çempionat da bütün keçmiş mundiallarda olduğu kimi, "miras" məsələsini həll etməlidir. İdeya bundan ibarətdir ki, hər hansı belə turnir özündən sonra bütün cəmiyyətin həyatında uzunmüddətli irəliləyişlər saxlamalıdır bu inkişaf dörd həftəlik futbol bayramı üçün sərf olunan böyük maliyyə xərclərinə haqq qazandırmalıdır. Bu, əksər dünya çempionatları üçün əsas çətinliklərdən biridir, lakin Qətər məsələsinə gəldikdə, xüsusilə ciddi şübhələr ortaya çıxır.

Ən aşkar problemlərdən biri stadionlardır. Dünya çempionatının oyunlarına evsahibliyi edəcək səkkiz oyundan yeddisi turnir üçün xüsusi olaraq sıfırdan tikilib. Qətər hakimiyyəti stadionların tikintisinin 6,5 milyard dollara başa gəldiyini bildirir. Lakin dünyanın ən yaxşı futbolçuları evlərinə qayıdanda, cəmi 2,8 milyon nəfər əhalisi olan bir ölkənin bu qədər böyük idman arenalarına ehtiyacı olmayacaq.

Yerli mütəxəssislərin dediyinə görə, üç stadionda futbol matçlarının keçirilməsi davam edəcək, qalan beşi isə ya söküləcək, ya başqa məqsədlər üçün yenidən qurulacaq, ya da tutumları xeyli azaldılacaq.

Liverpul Universitetinin futbol maliyyəsi üzrə eksperti Kiran Maquayr isə hesab edir ki, buna baxmayaraq, gələcəkdə Qətər Avropa Liqası ya Çempionlar Liqasının finalları kimi böyük futbol yarışlarına evsahibliyi etmək təklifini əsaslandırmaq üçün yeni infrastrukturdan istifadə edəcək.

 

 

 

Dünya kubokunun real dəyəri - əmək miqrantlarının həyatı

 

 

 

Lakin Dünya çempionatının xərci məsələsi son on ildə Qətərdə stadionların tikintisində çalışan miqrant işçilərin aqibətini ikinci plana çəkir. 2010-cu ildə dünya kuboku yarışını keçirmək hüququ qazandıqdan sonra Qətər xarici işçilərə münasibətinə görə insan haqları təşkilatlarının geniş tənqidi ilə üzləşib.

2016-cı ildə Amnesty International (AI) Dohanı 2022-ci il Dünya çempionatının əsas arenalarından biri olan "Xəlifə" beynəlxalq stadionunun tikintisində məcburi əməkdən istifadə etməkdə ittiham edib. Bundan əlavə, son on ildə Qətərdə minlərlə fəhlə miqrantın həlak olduğu barədə məlumatlar var.

2021-ci ilin fevralında  Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb ki, 2010-20-ci illərdə Qətərdə Hindistan, Pakistan, Nepal, Banqladeş Şri-Lankadan olan 6500 miqrant işçi dünyasını dəyişib. İnsan haqları üzrə ekspertlər vurğulayırlar ki, ölənlərin əksəriyyəti  məhz Dünya çempionatı səbəbindən ölkəyə gəlib.

Qətər hakimiyyəti son illərdə əmək qanunvericiliyində müəyyən islahatlar həyata keçirib, lakin insan hüquqları müdafiəçilərinə görə, bu sahədə problemlər aktual olaraq qalır.

 

 

 

FİFA yenə böyük qazanc götürəcək

 

 

 

Bu arada, Beynəlxalq Futbol Federasiyasına (FIFA) gəldikdə, əmək miqrantlarının ölümü, Qətərdə Dünya çempionatının təşkili keçirilməsinə çəkilən xərclər onun yekun qazancına təsir göstərməyəcək. Bu baxımdan ekspertlər əmindirlər ki, bu turnir 2018-ci ildə Rusiyada keçirilən əvvəlki Dünya çempionatı kimi, FİFA üçün böyük maliyyə qələbəsi olacaq.

"FİFA üçün Dünya çempionatı hər dördillik dövr ərzində fəaliyyətini maliyyələşdirmək üçün pul qazanmaq gəlir əldə etməkdən ibarətdir", - deyə Plamli bildirib. Mütəxəssis xatırladıb ki, FİFA-nın DÇ-2018-dən əldə etdiyi gəlir gözləntiləri xeyli üstələyib. FİFA üçün Qətər turnirindən analoji uğur gözləyin. Bu, ev sahibi ölkəyə çoxlu pul bahasına başa gələ bilər, lakin çempionatın uğurunu təmin etmək FİFA-nın marağındadır yəqin ki, fantastik xərclər bu beynəlxalq qurumu çox da narahat etmir.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.15.