Dünya çempionatının "Qızıl fit"li hakim

 

Futbol üzrə Dünya çempionatları tarixində uğur qazananlar sırasında azərbaycanlı hakim var. Bu Nikolay Latışevdən sonra dünya futbol çempionatında hakimlik edən ikinci sovet hakimi Tofiq Bəhramovdur (1925-1993). Onun ən böyük uğuru 1966-cı il Dünya çempionatında İngiltərə Almaniya komandaları arasındakı final oyununda olub.

Bu final mundialın bütün tarixi ərzində ən maraqlı dramatik oyunlardan biri olub. Bəhramov matçın yan xətt hakimi idi. Əsas vaxt heç-heçə (2:2) başa çatıb. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olunub. 110-cu dəqiqədə ingilislərin hücumçusu Herst topu almanların qapısına göndərib. Top dirəyə dəyib yerə düşüb. Oyunun baş hakimi, isveçrəli Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirib. Lakin dərhal oyunun bütün taleyini üzərinə götürəcək adamı tapıb. Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi - sovet hakimi Bəhramovun deyəcəyini göstərib. O isə bayrağı yellədərək mərkəzi göstərməklə ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurub.

Almanlar onu əhatəyə alaraq bu qərara etiraz ediblər, lakin Bəhramov fikrindən dönməyib. Oyun davam edib, hakimin əlavə vaxtın bitdiyini bildirən fitinə az qalmış Herst bu oyun ərzində özünün üçüncü qolunu vurub. Oyun 4:2 hesabı ilə İngiltərənin xeyrinə başa çatıb.

Oyundan sonra İngiltərə Kraliçası Bəhramova "Qızıl fit"i (o vaxtadək bu mükafat yalnız meydan hakimlərinə verilirdi) "Qızıl ilahə"nin kiçik modelini təqdim edib. Yeni "Uembli" stadionunun muzey vitrinlərinin birində Tofiq Bəhramovun bürüncdən tökülmüş heykəli yerləşdirilib.

Tofiq Bəhramov eyni zamanda Avropa kuboklarının finallarında hakimlik edən ilk sovet arbitri  olub. Bundan başqa, 1972-ci ildə o, Argentinanın "İndependyente" Hollandiyanın "Ayaks" komandaları arasında qitələrarası kubok uğrunda oyunu da idarə edib.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.15.