Azərbaycanın və Gürcüstanın Baş nazirləri arasında telefon
danışığı olub
Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birini təbrik ediblər.
Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasındakı yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafındakı rolu təqdir edilib, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Baş nazir
İrakli Qaribaşvili
cari ilin dekabrında
Tbilisidə iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
növbəti iclasının keçirilməsi ilə
bağlı Baş nazir
Əli Əsədovu bir daha
Gürcüstana səfərə dəvət
edib. Səfərin Azərbaycan-Gürcüstan
əməkdaşlığının gündəliyində duran məsələlərin nəzərdən
keçirilməsi baxımından faydalı olacağına əminlik
ifadə edilib.
Azərbaycan.- 2022.- 19 noyabr.- S.2.