Müstəqil və bütöv Azərbaycanın Zəfər partiyası

 

 Yeni Azərbaycan Partiyası- 30  

 

YAP-ın 30 illik yubileyi mühüm tarixi hadisələr dövrünə təsadüf edir. Ötən il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 30 ili tamam oldu. Bu günlərdə xalqımız 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin ikinci ildönümünü qeyd etdi. Bu sırada əhəmiyyətli yer tutan digər bayramlar - Dövlət Bayrağı GünüKonstitusiya Günü də artıq ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə keçirilir. Bu tarixi hadisələri səciyyələndirən ən başlıca amil isə Ulu Öndərin siyasəti, onu uğurla davam etdirən Prezident İlham Əliyev və bu siyasəti icra edən Yeni Azərbaycan Partiyasıdır.

Ötən 30 il ərzində tarixi nailiyyətlərimizin əsl mahiyyətini anlamaqonu gələcək nəsillərə olduğu kimi çatdırmaqdan ötrü biz dövlət müstəqilliyimizə gedən yolu, o cümlədən YAP-ın yaranması zərurətini düzgün təhlil etməliyik. Bu, bilavasitə partiyamızın banisi Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Heydər Əliyev 1987-ci ildə SSRİ ali hakimiyyət orqanlarında tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra ona qarşı bu ədalətsiz münasibətdən məyus olmuş Azərbaycan xalqının sovetlər birliyinə inamı sarsıldı və bu, onun müstəqillik düşüncələrinə ilk təkan oldu. Çünki  Ulu Öndər sovet Azərbaycanına rəhbərliyinin birinci dönəmində (1969-1982-ci illər)  lider kimi xalqın böyük rəğbətini qazanmışdı.

Heydər Əliyev Moskvada siyasi fəaliyyətdən təcrid olunandan dərhal sonra keçmiş ittifaqın ermənipərəst rəhbərləri Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-1989-cu illər ərzində 300 minədək soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Bu hadisələr o dövrdə Azərbaycanın milli azadlıq hərəkatına təkan verən  amillərə çevrildi.

1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin  qorxaqlığı və həmçinin cəbhəçilərin təxribat xarakterli davranışları sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar hadisələri ilə nəticələndi. Bu hadisəyə ilk olaraq kəskin etirazını bildirən və ən dəqiq və obyektiv tarixi qiyməti verən də məhz Heydər Əliyev oldu. Onun cəsarətli bəyanatından ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da geniş vüsət aldı.

Həm Moskvadan, həm də Bakıdan təzyiqlərə məruz qalan Heydər Əliyev  1990-cı ilin yayında Bakıya gəldi, sonra isə Naxçıvana getdi və həmin il noyabrın 17-də  Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi. O, hələ dövlət müstəqilliyinin rəsmi bəyan olunmadığı bir vaxtda üçrəngli bayrağımızı qaldıraraq Naxçıvanda sovet rejiminın sonuna çıxmaqla suverenliyimizin bərpasına aparan yolun təməlini qoydu. Prezident İlham Əliyev dövlət Müstəqilliyi Günündə Füzuli rayonunun ictimaiyyət nümayəndələri ilə görüşərkən bu əlamətdar faktla bağlı tarixi həqiqətləri ictimaiyyətin diqqətinə çatdırmışdır: "...Bizim o ildə digər tarixi həqiqət var - o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, "Sovet Sosialist" sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi".

1991-ci il oktyabrın 18-də formal müstəqilliyə imza atan Azərbaycan rəhbərlərinin səriştəsizliyi və sonrakı mərhələdə Mütəllibov hakimiyyətini  devirən AXC-nin xəyanətkar fəaliyyəti nəticəsində ölkə ağır böhranla üzləşdi. Bu elə bir dövr idi ki, artıq Qarabağda ermənilər üstünlüyü ələ almış, Azərbaycanın dövlət kimi mövcudluğu sual altına düşmüş, sovetlər dövründə Heydər Əliyevin yaratdığı güclü fundamental iqtisadiyyat tamamilə dağıdılmışdı.

Sözsüz ki, Azərbaycan xalqı bütövlükdə özünün müstəqillik uğrunda apardığı mübarizəsinin bir qrup qaragüruh quldur tərəfindən heçə endirilməsi ilə barışmayacaqdı. Məhz buna görə də "91-lər" adlanan bir qrup ziyalı, əslində, bütün xalqın iradəsini həyata keçirərək Azərbaycan tarixinin dönüş nöqtəsinə doğru müdrik bir addım atdı. 16 oktyabr 1992-ci ildə təşəbbüs qrupu  Naxçıvan Ali Məclisinin sədri  Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etdilər.  21 noyabr 1992-ci il tarixdə AXC-Müsavat cütlüyünün iqtidarda olduğu dövrdə 550 nəfər siyasi həmfikirin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Ulu Öndər müxalifət partiyası kimi yaradılan təşkilatın gələcək perspektivlərini dəyərləndirərkən demişdir: "...Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər". Və tarix sübut etdi ki, dahi Heydər Əliyev öz siyasi proqnozlarında yanılmamışdır.

Beləliklə, YAP - Azərbaycan xalqının müstəqillik hərəkatı nəticəsində yaranmış təşkilat kimi siyasi mübarizə meydanına qədəm qoymuşdur.  Çünki xalqın azadlıq hərəkatına yamaq kimi qoşulmuş AXC-nin məqsədi tamam başqa idi. Qorbaçovun "yenidənqurma" siyasətinin nəticələrindən biri kimi bir çox sovet respublikalarında, o cümlədən Azərbaycanda da xalq hərəkatına populist şüarlarla silahlanmış, əslində isə Moskvadan və Qərbin anti-Azərbaycan dairələrindən müxtəlif şəxslər cəlb edilmişdi. Məhz bunun nəticəsidir ki, sonralar AXC-Müsavat cütlüyü 1992-1993-cü illər ərzində Qarabağın işğalına münbit şərait yaradan bütün mümkün addımları atdı.

Reallıq bundan ibarətdir ki, Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyası xalqın müstəqillik uğrunda apardığı mübarizənin layiqli aparıcı siyasi qüvvəsi  kimi fəaliyyət göstərdi. Partiyaya və Heydər Əliyevə, onun görkəmli simalarına qarşı təhdidlər YAP-ı həqiqət yolundan döndərə bilmədi, lakin özünü demokratiya carçısı kimi xalqa sırıyan AXC-nin  terrorçu mahiyyətini ortaya qoydu.

1993-cü ilin faciəli 4 iyun Gəncə hadisələri Azərbaycanda hakimiyyət böhranının kulminasiya nöqtəsinə çevrildi. Xalqın təkidli dəvətilə Heydər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyev15 iyun 1993-cü il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və 3 oktyabr 1993-cü il prezident seçkilərində  qalib gəldi. YAP  1995-ci ildə keçirilən parlament seçkilərində ən çox yer əldə etməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Fəaliyyətdə olduğu bütün mərhələlərdə o, sivil və mütərəqqi siyasi təşkilat kimi bu statusu ləyaqətlə daşımağa nail oldu. Ona görə də Ulu Öndər Heydər Əliyevin "YAP - dünənin, bu günün və gələcəyin partiyasıdır" ifadəsi yarandığı dövrdən hər zaman aktuallığını qoruyub saxlamaqdadır. 

YAP fəaliyyətə başladığı ilk gündən xalqın xoşbəxt gələcəyi naminə Heydər Əliyev tərəfindən işlənib-hazırlanmış proqrama uyğun fəaliyyət göstərmişdir. Partiyamız bütün bu dövr ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, ərazi bütövlüyünün təmin edilməsinə, demokratik, hüquqi, dünyəvi cəmiyyətin qurulmasına, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclüsosialyönümlü iqtisadiyyatın yaradılmasına müstəsna ideoloji dəstək vermişdir. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirmiş, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynamışdır.

2003-cü ildən başlayaraq YAP Sədrinin birinci müavini kimi təşkilata rəhbərliyi həyata keçirən Prezident İlham Əliyevin səmərəli və novator fəaliyyəti 2005-ci ildə partiyanın III Qurultayında onun yekdilliklə YAP-ın Sədri seçilməsini şərtləndirdi. Bu, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasına aparan yolun başlanğıcı idi. YAP-ın ötən il baş tutmuş növbədənkənar VII Qurultayı isə təşkilatın siyasi həyatında yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Təşkilatın müasir çağırışlara uyğun yeni Məramnamə və Nizamnaməsinin qəbul olunması YAP-ın sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması isə idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm amildir.

Ən əsası, Azərbaycan xalqı üçün taleyüklü məqamlarda, 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərin qazanılması üçün heçsonuncu şərt olmayan xalq-Prezident-ordu birliyinin, siyasi həmrəyliyin əldə olunmasında YAP-ın rolu əvəzedilməzdir. Bununla siyasi təşkilatların roluyeri baxımından hakim partiya 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - inteqrasiyamilli birlik modelinin əsasını qoymuş oldu. Cənab İlham Əliyev YAP-ın cəmiyyətdəki və ideoloji müstəvidəki rolunu dəyərləndirərkən söyləmişdir: "Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir... Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır".

Beləliklə, 1990-cı il noyabrın 17-də Naxçıvanda Heydər Əliyevin qaldırdığı müstəqil üçrəngli Azərbaycan bayrağı ölkə Prezidenti cənab  İlham Əliyevin liderliyi ilə məhz Ulu Öndərin siyasi kursunun daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının ardıcıl ideoloji fəaliyyəti sayəsində 2020-ci ilin noyabrın 8-də Şuşada ucaldıldı. Əminəm ki, YAP-ın bayrağı da hər zaman Azərbaycanın əzəmətli və müstəqil üçrəngli bayrağı ilə yanaşı qürurla bütün zirvələrdə qoşa dalğalanacaqdır.

 

Əli HÜSEYNLİ,

Milli Məclis Sədrinin birinci müavini,

parlamentin Hüquq siyasəti dövlət

quruculuğu komitəsinin sədri

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.5.