YAP: Bizim tək rəqibimiz zamandır!

 

Yeni Azərbaycan Partiyası- 30

 

31 il öncə Azərbaycan Respublikası müstəqilliyini elan etsə də, ozamankı rəhbərlik dövləti möhkəmləndirmək, xalqı qorumaq, separatçılıqla mübarizə aparmaq, iqtisadiyyatı qurmaq kimi təməl bacarıqlardan məhrum idi. Bütün bunların isə ağrı-acısını xalq çəkir, faciələr yaşayır, dövlətçiliyə və müstəqilliyə olan inamı durmadan azalırdı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı, digər rayonların da "bu gün-sabah" işğal olunacağı reallığı ilə üz-üzə qalan xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyev idi. O, ölkəmizin bir hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu cür ssenarilərin qarşısını alır, real işğal təhlükəsini dəf edir, dövlətçilik quruculuğunun əsaslarını qoyurdu.

Belə bir şəraitdə ölkə ziyalıları xalqın arzusunu yerinə yetirərək Ulu Öndər Heydər Əliyevə müraciət edərək birlikdə Yeni Azərbaycan Partiyasını yaratdılar. 30 il öncə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Müxalifət partiyası kimi o zaman da partiyanın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması vacib idi. Ona görə də Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdı. Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir. 1993-2003-cü illər ərzində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən qurtularaq hər il möhkəmlənən, müstəqilliyini əbədi edən, iqtisadiyyatı sabitləşərək inkişaf yoluna çıxan, beynəlxalq nüfuzu durmadan artan bir dövlətə çevrilmişdir. Bu illər ərzində ölkənin sonrakı inkişafının və uğurlarının möhkəm əsası qoyulmuşdur.

Son 19 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurların sırasında ölkədə əldə edilmiş milli birlikbu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Yeni Azərbaycan Partiyasının rəhbəri, Prezident cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 19 ildə Azərbaycanda mühüm nailiyyətlər əldə olunmuşdur. Əvvəlcə onu deyək ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən milli-siyasi birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyidir, həm də müxtəlif millətlərin və dinlərin birliyidir. Ölkədə belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Uzun illərdir bu birliyi pozmağa çalışan qüvvələrin bütün səylərinə baxmayaraq, bu mühüm uğuru qoruyub saxlamaq mümkün olmuşdur.

Yeni Azərbaycan Partiyasının nüfuzunun yüksəlməsində onun daim xalqın maraqlarına xidmət etməsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artması müstəsna rol oynayır. 

Son 19 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Cənubi Qafqazın iqtisadiyyatının 65 faizə yaxını Azərbaycana aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil ölkədir. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat koridorlarının ölkəmizə verdiyi iqtisadi fayda, enerji resurslarımızın Avropa bazarlarına ixrac həcminin artması, mühüm iqtisadi məkan kimi formalaşan Türk Dünyası Azərbaycanın iqtisadi imkanlarının və rolunun daha da artmasının bariz nümunəsidir. İqtisadi gücümüz hesabına Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, nəhəng bərpa-quruculuq işlərinin aparılması iqtisadi imkanlarımızın daha da artmasına xidmət etməkdədir. 

 Azərbaycanın iqtisadi, maliyyə resursları ölkəmizin müstəqilliyini təmin edəcək qədər yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, iqtisadi qüdrətinin güclənməsini təmin edəcəkdir.

XXI əsrdə Azərbaycan dünyada artıq etibarlı, nüfuzlu, öz milli dəyərləri olan, qurub-yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur. Azərbaycan bu gün Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.

Əldə etdiyimiz ən böyük uğur isə təbii ki, Azərbaycan xalqının vahid bir amal uğrunda apardığı Vətən müharibəsindən tam qalib çıxmasıdır. 2020-ci il 8 noyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi tariximizin ən böyük uğurlarındandır. Və bu zəfər bizim gələcək taleyimizi, inkişafımızı, nüfuzumuzu da müəyyən etmişdir. 

Azərbaycan dövləti işğalın nəticələrinin aradan qaldırılması üçün sürətli quruculuq işlərinə başlamış, qısa müddət ərzində möhtəşəm layihələri gerçəkləşdirməyə nail olunmuşdur. Artıq ilk yaşayış məntəqəsi inşa edilib, insanların öz doğma yurdlarına geri qayıdışı təmin olunmuşdur. 

Ərazilərin minalardan təmizlənməsi, bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın rahat yaşayışı və işgüzar fəaliyyəti üçün lazımi şəraitin təşkil edilməsi istiqamətində miqyaslı işlər davam etməkdədir. Qısa müddət ərzində ŞuşadaAğdamda mədəniyyət abidələrinin bərpası, Füzuli və Zəngilan Beynəlxalq aeroportlarının, yol, elektrik infrastrukturunun işə düşməsi xalqımızın qurucu niyyətinin, iradəsinin və gücünün yenidən bütün dünyaya nümayişi oldu.

Müasir Azərbaycan XXI əsrdə dünyada yeni reallıqlar yaradan xalq kimi, qalib xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur.

Əldə etdiyimiz mühüm nəticələr Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir.

Biz artıq yeni bir reallıqlar dövrünə daxil olmuşuq. Biz reallıqları öz gücümüzlə yaratdıq. Yeni dövrün də əsas söz sahibi Azərbaycandır.

Yeni Azərbaycan Partiyası bundan sonra da fəaliyyətini müasir çağırışlara uyğun həyata keçirəcək. Bu çağırışlar isə durmadan artır. Hazırda dünya çalxalanır, iqtisadi böhranlara sürüklənir. Lakin yeni təhlükələrlə yanaşı, həm də yeni imkanlar yaranır.

Yeni Azərbaycan Partiyasının rəhbərliyi müntəzəm olaraq bu çağırışları və imkanları təhlil edir, onlara cavab vermək üçün partiyanın inkişaf etidirilməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində səylər göstərir.

"Biz böyük tarixi uğurlar əldə etmişikeyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır", - deyə Prezident İlham Əliyev bildirmişdir.

Zaman sürətlə axır, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar dayanır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, biz gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur, bu, eyni zamanda missiyamızdır. Partiya Sədrimizin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.

YAP hədəflərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edən, eyni zamanda bu texnologiyalar vasitəsilə yeni gündəlik yaradan, yeni ideyalar və dəyərlər yayan bir partiya olaraq inkişaf etməyi əsas hədəf kimi müəyyən etmişdir.

Bu, eyni zamanda partiyanın ənənəvi funksiyalarından bəhrələnməklə və yeni çağırışlara cavab verməklə,  gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi bir vəzifədir.

Əminəm ki, biz YAP olaraq partiyanın Sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqla, Ulu Öndər Heydər Əliyevin  "Gələcəyin Partiyası olmaq" missiyasını əzmlə davam etdirəcəyik. 30 il ərzində dövlətin güclənməsi və xalqın rifahının artmasına xidmət edərək nail olmuş Yeni Azərbaycan Partiyası bundan sonra da milli maraqların təmin olunmasında siyasi fəaliyyətini daha da gücləndirəcək və cənab İlham Əliyevin sədrliyi ilə yeni qələbələrə imza atacaqdır.

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.5.