Yeni Azərbaycan Partiyası siyasi sistemin formalaşmasında və inkişafında müstəsna rol oynadı

 

Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsinin nəticələrinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə YAP-ın Mərkəzi Qərargahında müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov noyabr ayının əlamətdar hadisələrlə zəngin olduğunu bildirib. 8 Noyabr - Zəfər Gününün əhəmiyyətindən bəhs edən YAP Sədrinin müavini deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərin qazanılmasında müstəsna rolu olanböyük şücaət göstərmiş qəhrəman vətən övladlarını Azərbaycan xalqı heç zaman unutmayacaq, bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edəcək. Bu günlərdə 9 Noyabr - Dövlət Bayrağı Gününün xalqımız tərəfindən qürurla qeyd edildiyini xatırladan YAP Mərkəzi Aparatının rəhbəri söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın dalğalanması hər bir vətəndaşımız üçün iftixar mənbəyidir. Eyni zamanda 12 Noyabr - Konstitusiya Gününün və 17 Noyabr - Milli Dirçəliş Gününün tarixi əhəmiyyətə malik olduğunu deyən Tahir Budaqov əlavə edib ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən əlamətdar hadisələrindəndir.

Tahir Budaqov bildirib ki, şanlı qələbəyə gedən yol xalqın iradəsi ilə güclü liderdahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin ətrafında Yeni Azərbaycan Partiyasının yaradılması ilə başladı: "30 il əvvəl yaradılan Yeni Azərbaycan Partiyası o dövrdə respublikamızda siyasi sistemin formalaşmasında və inkişafında müstəsna rol oynadı, eləcə də demokratik proseslərin, sivil siyasi mübarizənin əsasını qoydu. Partiyamızın yarandığı gündən bir neçə ay sonra xalqın etimadı ilə hakimiyyətə gəlməsi isə dünya siyasi tarixində nadir hadisələrdən biridir.   YAP-ın yarandığı dövrdə Azərbaycanda dərin siyasiiqtisadi böhran hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamız ağır humanitar fəlakətlə üz-üzə qalmışdı. 1993-cü  ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, müdrik siyasəti və titanik fəaliyyəti sayəsində siyasi xaosun, iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının  qarşısı alındı və respublikamız inkişaf yoluna qədəm qoydu. Xalqımız haqlı olaraq o dövrü qurtuluşdan tərəqqiyə aparan tarixi dönəm kimi səciyyələndirir. Çünki bütün çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanı təlatümlərdən xilas etdi, ölkəni regional və beynəlxalq təcrid vəziyyətindən çıxardı və nəticə etibarilə respublikamız dünya birliyində öz layiqli yerini tutdu".

YAP Sədrinin müavini söyləyib ki, Azərbaycanın iqtisadi imkanlarının artması güclü ordu quruculuğuna da əhəmiyyətli təsir göstərdi. Bu amil qələbəyə aparan yolda müstəsna əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində tarixi Zəfər əldə olundu. Bu gün qalib xalqın nümayəndələri olaraq hər birimiz fəxarət hissi keçiririk.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirildiyini vurğulayan Tahir Budaqov fərdi yazı müsabiqəsinin önəmindən bəhs edib: "Təqdim olunmuş məqalələrdə müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol, Ulu Öndər Heydər Əliyevin tarixi missiyası və xalqımız qarşısındakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, partiyamızın inkişaf yolu geniş əks olunub. Qərəzsiz mövqe ortaya qoymaq hər bir vətəndaş kimi jurnalistlərin də borcudur. Bu, dövlətçilik qarşısında xidmətin bir nümunəsidir. Mətbuat dünyada "dördüncü hakimiyyət" hesab olunur. Çünki ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin mühüm rolu var. Ona görə də mətbuatın fəaliyyətində milli maraqlar daim öndə olmalıdır".

YAP Mərkəzi Aparatının rəhbəri müsabiqədə qalib olan jurnalistləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən jurnalistlər arasında elan olunan fərdi yazı müsabiqəsi sentyabrın 5-dən oktyabrın 7-dək davam edib. Daxil olmuş məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və yekun ballara əsasən nəticələr müəyyən olunub. Müsabiqənin şərtlərində əks olunduğu kimi, bir nəfər I, iki nəfər II, üç nəfər isə III yer üzrə qalib olub. On nəfər müsabiqə iştirakçısı isə həvəsləndirici yer üzrə mükafata layiq görülüb.

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.7.