Lənkəranda şəhidlərə daha bir abidə qoyulub

 

Lənkəran rayonunun Haftoni qəsəbəsində şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub.

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin, Birinci Qarabağ müharibəsi şəhidləri Soltan Əliyevin, Füzuli Nəsirlinin və Natiq Aslanovun adlarının əbədiləşdirildiyi kompleksin açılışını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və şəhid Soltan Əliyevin qardaşı Səfail Əliyev birgə ediblər. 

Dövlət himninin səslənməsindən sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edən Taleh Qaraşov bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə xüsusi diqqət və qayğıkeşlik dövlət siyasəti olaraq ali siyasi rəhbərliyin nəzarətindədir. ŞİH-nin  başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosialmaddi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı məsələləri daim nəzarətdə saxladıqlarını qeyd edib.

T.Qaraşov şəhidlərimizin adlarının əbədiləşdirilməsinə vətəndaşlarımızın özlərinin də təşəbbüs göstərdiklərini vurğulayıb: "Rayonumuzda çoxsaylı xatirə kompleksləri açılıb və onlar vətəndaşlarımızın şəxsi təşəbbüsləri ilə həyata keçirilib. Bu, insanlarımızın şəhidlərimizə olan hörmət və ehtiramının  təzahürüdür". Xatirə komplekslərinin əhəmiyyətindən danışan T.Qaraşov deyib ki, vətənpərvərliyin təbliği, şəhidlərimizin qəhrəmanlıqlarının gələcək nəsillərə ötürülməsi üçün bu abidələr əyani nümunə və təbliğat vasitəsidir.

Sonda Haftoni qəsəbə tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

 

A.BABAYEV

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.10.