Milyonlarla insanın qanını tökən bir ölkənin ədalətdən danışmağa haqqı çatmır

 

Haqdan, ədalətdən danışmaq üçün gərək mənəvi haqqın ola. Bu gününkeçmişin ləkəli olmaya. Öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarması olduqca əcaib görünür. Ədalət günəş kimidir.

Qarşısını nə qaranlıq ala bilər, nə də tarixi keçmişi qara ləkələrlə zəngin olan Fransa. Bu bir həqiqətdir ki, 30 il əvvəl Fransanın cidd-cəhdlə himayə etdiyi Ermənistan tərəfindən müharibəyə cəlb olunmuşduq. Ermənistan əzəli və əbədi torpaqlarımızın 20 faizdən çoxunu işğal edib xarabazarlığa çevirmişdi. Minlərlə hektar ərazilərimizi ölü zonaya çevirib minalamışdır. Azərbaycanlı olduqlarına görə yüz minlərlə insanımızı öz dədə-baba torpaqlarından deportasiya etdilər.

Bircə faktı xatırlatmaq yerinə düşər: 1989-cu ildə Spitakda zəlzələdən zərərçəkənləri xilas etməyə gəlmiş fransız xilasediciləri torpağın altından ağzı qaynaq edilmiş borunun içində doldurulub diri-diri basdırılan soydaşlarımızın cəsədlərini tapanda dəhşətə gəliblər. Əli milyonlarla insanın qanına batmış Fransanın, onun prezidenti Emmanuel Makronun Ermənistanın "vəkili" kimi çıxış etməsində təəccüblü heçyoxdur. Atalar doğru deyib ki, dost-dosta tən gərək. Ermənistan bəlkə də fransızların Əlcəzairdə törətdikləri vəhşilikləri tam tətbiq edə bilməyib. Ona gücü, imkanı çatmayıb. 10 milyondan çox insanı qan gölündə boğan bir ölkənin prezidentinin insan haqlarından, haqdan, ədalətdən danışması paltara vurulmuş qara yamaq kimi eybəcər görünür. Əgər bacarsa Fransa bu gün daha çox susmağa haqq etməlidir.

İstər insanlar, istərsə də dövlətlər olsun, riyakarlıq etməməlidirlər. Özü də riyakarlığı böyük, "mədəni" bir dövlətin prezidenti edəndə bu daha biabırçı, daha iyrənc görünür. İllərdir ki, problemin həlli üçün vasitəçilik edən, Minsk qrupunun həmsədri olan bir dövlətin başçısının belə davranışı qətiyyən qəbuledilməzdir. 

Biz bu riyakarlıqla ilk dəfə rastlaşmırıq. Fransa öz qərəzli mövqeyini dəfələrlə açıq-aşkar sərgiləyibdi. Bu ölkə "Dağlıq Qarabağın" müstəqilliyinin tanınması ilə bağlı sənədi əvvəlcə senatda, sonra isə Milli Assambleyada qəbul etmişdi.

İkinci Qarabağ müharibəsi başlayan gündaha sonra iki dəfə E.Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib hərbi əməliyyatları dayandırmağı "istəmişdi". O, həm də əsassız yerə Azərbaycan tərəfdən, guya, muzdluların döyüşməsi barədə yalan informasiya yayaraq dünya ictimaiyyətini məqsədli şəkildə çaşdırmağa çalışmışdı.

İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə bitəndən sonra E.Makron Dağlıq Qarabağ ərazisinin Azərbaycan torpaqları olduğunu etiraf da etmişdi. Belə ki, o, 21 noyabr 2020-ci ildə Parisdəki "Hayastan" pan-erməni fondunun nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab olaraq Qarabağ bölgəsinin illərdir Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğunu demişdi. Amma necə deyərlər, yalançıdan yaddaş, qərəzkardan ədalət gözləmək olmaz

2022-ci il oktyabrın 12-də "France-2" telekanalına müsahibə verən Makron Fransanın Ermənistanla xüsusi münasibətlərinin olduğunu, guya, Ermənistanın hər zaman regionda sülh və firavanlıq uğrunda mübarizə aparması ilə "əsaslandıraraq" demişdir ki, "iki il əvvəl Ermənistan Dağlıq Qarabağ adlanan, beynəlxalq səviyyədə tanınmayan, Azərbaycanın ortasında yerləşən mübahisəli ərazidəydi. Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və bu ərazini tutdu".

Azərbaycan bu ilin sentyabrında təmas xəttində düşmənin təcavüz əməllərinin qarşısını almaq üçün haqlı olaraq əməliyyat keçirib. Torpaqlarımıza yenidən basqın etməyə hazırlaşan Ermənistan ordusunun mövqelərini darmadağın edib. E.Makron bu ilin sentyabrında Ermənistanla Azərbaycan arasındakı silahlı toqquşmadan bəhs edərkən də Azərbaycanı, guya, dəhliz açmaq üçün sərhəddə bir neçə hücum əməliyyatı keçirməkdə ittiham edib. E.Makron məgər bilmir ki, Ermənistanın 1992-1994-cü illərdə həyata keçirdiyi işğallar nəticəsində iki ölkə arasında sərhəd xətti dəqiqləşməyib. Axı Azərbaycan tərəfi bütün dünyanın gözü qarşısında Ermənistandan sərhədlərin dəqiqləşdirilməsini tələb edir.

44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını düşmən işğalından azad edib. Bu gün azad olunan torpaqlarda geniş quruculuq, abadlıq işləri gedir. Bir Fransa, bir Emmanuel Makron yox, min Makron olsa belə, Azərbaycan minlərlə şəhid verib düşmən işğalından azad etdiyi öz tarixi torpaqlarında möhkəmlənir. Bunu Emmanuel Makron da, Fransa parlamentariləri yaxşı bilsinlər. Yaxşı olar ki, Fransa prezidenti öz yerində otursun. Ermənistanla cüt bacı olub, üstümüzə gəlməsi olduqca eybəcər görünür.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 22 noyabr.- S.6.