2026-cı ilədək 280 min hektar ərazi minalardan təmizlənəcək

 

Ermənistan Qarabağ və Şərqi Zəngəzurda bir milyondan çox mina basdırıb

 

"Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb".

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında Prezident İlham Əliyevin səsləndirdiyi kimi, 30 illik işğal dövründə Ermənistan torpaqlarımızı mina tarlasına çevirib. Bu isə hazırda Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirdiyi işlərin daha sürətli gedişatına və Böyük qayıdışa başlıca əngəl olaraq qalır. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir: "Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır".

 

2020-2022-ci illərdə 57 min hektardan çox ərazi minalardan təmizlənib

 

İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Buna görə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri ilə əlaqədar genişmiqyaslı layihələr həyata keçirilir. Bu rayonların sürətlə dirçəlməsi, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, təhlükəsiz və yüksək həyat şəraitinin təmini üçün mühüm işlər gerçəkləşdirilir. Vətən müharibəsindən ötən ikiillik qısa zaman ərzində sözügedən iqtisadi rayonlarda xeyli görülüb, infrastruktur qurulub, yeni yollar çəkilib, tunellər salınıb, beynəlxalq hava limanları tikilib istifadəyə verilib, bütün şəhərlərin baş planları təsdiqlənib. Artıq bir neçə aydır ki, "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulmuş Zəngilanın Ağalı kəndinin sakinləri yeni həyata başlayıblar.

Azərbaycanın gücü və əzmi sayəsində Ermənistanın 30 il müddətində dağıdaraq viranəyə çevirdiyi bu yerlərə qısa zaman çərçivəsində yenidən həyat qaytarılıb.

44 günlük müharibədə işğalda olan ərazilərini azad edən Azərbaycan dərhal həmin yerlərin minalardan təmizlənməsinə də start verib.

Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdışa dair I Dövlət Proqramı"nda Azərbaycanda 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Sənədə əsasən, ərazinin minalardan təmizlənməsi üzrə işlərin davam etdirilməsi məqsədilə illik planların hazırlanması nəzərdə tutulub.

2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir.

 

Ağdamın 23 faizi minalardan təmizlənib

 

Ermənistan 30 il ərzində işğal altında saxladığı digər şəhər və kəndlərimizdə olduğu kimi, tar-mar etdiyi Ağdamda da hər daşın, qayanın altına mina döşəyib. Hazırda burada Ağdam şəhərinin Baş planına uyğun olaraq minatəmizləmə sahəsində işlər davam etdirilir. Artıq rayon ərazisinin 23 faizi minalardan təmizlənib.

Bu il oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı İlham Əliyev diqqətə çatdırdı ki, müharibənin başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində həlak olubya ciddi xəsarət alıb. Təəssüf ki, bu rəqəm hər həftə artır. Yalnız ötən həftə 2 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət alıb: "Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıb və Azərbaycan və azərbaycanlılara qarşı bu terror siyasəti davam edir. Bu yaxınlarda biz Laçın rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövr ərzində basdırılmış 1400-dən çox minanı aşkarlayaraq zərərsizləşdirdik. Beləliklə, Azərbaycana qarşı aqressiya, Azərbaycana qarşı terror davam edir".

Ümumiyyətlə, Birinciİkinci Qarabağ müharibələri dövründə Azərbaycanda 3 min 342 nəfər minalardan və partlamamış hərbi sursatdan zərər çəkib. Onlardan 574 nəfər həlak olub, 2 min 637 nəfər isə yaralanıb. 2020-ci il noyabrın 10-dan 2022-ci il oktyabrın 23-dək 266 nəfər minalardan və partlamamış hərbi sursatdan zərər çəkib. Bunun da 35-i mülki şəxs olmaqla 45 nəfəri həlak olub. 89-u mülki şəxs olmaqla 221 nəfər isə yaralanıb.

 

Dəqiq mina xəritələri hələ də ölkəmizə təqdim olunmayıb

 

Təəssüfedici reallıqdır ki, mina qurbanına çevrilmiş vətəndaşlarımızla bağlı açıqlanan bu statistikanın son olacağını, eləcə də işğaldan azad edilən torpaqlara gedən vətəndaşlarımızın mina ilə bağlı həyati təhlükələrinin olmayacağını hələlik demək mümkün deyil. Ermənistanın torpaqlarımıza basdırdığı minaların dəqiq xəritələrini verməkdən boyun qaçırması isə dövlət siyasəti terrora köklənən bu ölkənin cinayət əməllərini hələ də davam etdirmək niyyətlərini açıq ortaya qoyur.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və həmin xəritələrin dəqiqliyi cəmi yüzdə 25 faizdir.

44 günlük müharibə başa çatdıqdan sonra da ermənilər hərbi cinayətlərini davam etdirərək ərazilərimizi minalamaqda davam ediblər. Laçın rayonu ərazisində bu ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-E növlü minalar aşkar edilib. Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.

2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətmişdi. Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin təminat yollarının minalanmasını həyata keçirmişdilər.

Azərbaycan bütün xarici tribunalardan ən ali səviyyədə Ermənistanın hərbçilərimizi mülki əhalimizi hədəf alan mina terrorunu qaldırır. Lakin hələ beynəlxalq ictimaiyyət terrorçu ölkənin hərbi cinayətlərinə göz yumur, beynəlxalq hüquqa əsaslanaraq onlara əlavə təzyiqlər göstərmir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 22 noyabr.- S.8.