Cenevrədə
BMT-nin təşkil etdiyi ənənəvi “Beynəlxalq
bazar”da Azərbaycan təmsil olunub
Azərbaycanın Cenevrədə
BMT bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəliyi BMT tərəfindən təşkil
olunmuş ənənəvi “Beynəlxalq bazar”da iştirak
edib.
AZƏRTAC xəbər verir ki, hər
il BMT-nin Cenevrə şəhərindəki bölməsində
– Millətlər Sarayında təşkil olunan “Beynəlxalq
bazar”ın keçirilməsində məqsəd ölkələr
tərəfindən onların mədəniyyəti, incəsənəti,
mətbəxi və adət-ənənələrinin təbliğ
edilməsi və dünyanın müxtəlif bölgələrində
yaşayan uşaqlara yardım üçün təsis
olunmuş xeyriyyə fonduna töhfələr verilməsidir.
Builki “Beynəlxalq bazar” “Uşaqlar
naminə ittifaq” şüarı altında təşkil edilib.
Tədbirdə Cenevrə şəhərindəki BMT bölməsi
və digər beynəlxalq təşkilatlar yanında akkreditə
olunmuş daimi nümayəndələr, BMT-nin Cenevrə
bölməsinin baş direktoru, Cenevrə kantonunun və şəhərinin
rəhbərliyi, diplomatlar, ictimaiyyətin nümayəndələri,
beynəlxalq təşkilatların təmsilçiləri
iştirak ediblər.
Azərbaycanın daimi nümayəndəliyinin
ənənəvi olaraq iştirak etdiyi “Beynəlxalq bazar”da
milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi
və adət-ənənələrimizi əks etdirən
eksponatlar nümayiş olunub. Eyni zamanda, Azərbaycanın
turizm potensialı, mədəniyyəti və incəsənətinə
dair kitablar, jurnallar və digər materiallar iştirakçılara
paylanıb. Azərbaycana aid nümunələr böyük
maraqla qarşılanıb. Bununla yanaşı qonaqlara Azərbaycandan
gətirilmiş peşəkar aşpazların
hazırladığı Azərbaycan mətbəxinin ləziz
təamları təqdim edilib.
Ötən illərdən fərqli
olaraq, builki tədbirdə Cenevrədə Mariya Xan
Xoyskayanın rəhbərliyi altında fəaliyyət
göstərən azərbaycanlı uşaqlardan ibarət
“İrs” rəqs qrupu tərəfindən Azərbaycanın
xalq rəqsləri qonaqlara nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycan
Respublikası hökuməti adından müəyyən məbləğdə
maliyyə vəsaiti BMT-nin aidiyyəti xeyriyyə fonduna
köçürülüb. Həmin maliyyə vəsaiti
dünyanın müxtəlif yerlərində əlverişsiz
şəraitdə yaşayan uşaqların xeyrinə layihələrin
həyata keçirilməsi üçün sərf olunacaq.
“Beynəlxalq bazar”dan hər il
toplanan təxminən 300 min İsveçrə frankı məbləğində
vəsait dünyanın müxtəlif ölkələrində
100 minə yaxın uşağa yardım məqsədilə sərf
olunur.
Növbəti “Beynəlxalq
bazar”ın 2023-cü ilin noyabr ayında keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan.- 2022.- 24 noyabr.- S.7.