Partiya sədrləri nikbindirlər

 

 

"Siyasi partiyalar haqqında" qanun layihəsində dəyərli təkliflər nəzərə alınıb

 

 

 

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin dünən keçirilən plenar iclasında  birinci oxunuşda müzakirə olundu. Buna qədər qanun layihəsinin ictimai dinləmələri keçirilib və məsələ yenilənmiş variantda parlamentə təqdim edilib.

Yenilənmiş variantda parlamentdə siyasi partiyalardan gələn təkliflər nəzərə alınıb, qanun layihəsinə ümumilikdə 66 düzəliş edilib. Belə bir mükəmməl qanun layihəsinin hazırlanması göstərir ki, islahatların davamı olaraq siyasi sistemin təkmilləşdirilməsi diqqət mərkəzindədir.

Mövzu ilə bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.

 

 

 

Demokratik yanaşmanın göstəricisi

 

 

 

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edib ki, yeni qanun layihəsinin qəbulu ölkədə çoxpartiyalı sistemin daha da inkişafına səbəb olacaq: "Siyasi mühit təmizlənəcək və peşəkarlara həvalə ediləcək. İctimai dinləmələrdə verdiyimiz təkliflərin nəzərə alınması, müddəaların ya dəyişdirilməsi, ya da layihədən çıxarılması demokratik yanaşmanın göstəricisidir. Bizim təkliflərimiz əsasən qanun layihəsinin, belə demək olarsa, yüngülləşdirilməsinə xidmət edir. Fikrimcə, məhdudiyyətlər minimuma endirilməli, partiyaların tənzimlənməsi işi elə onların özlərinə tapşırılmalıdır. Müzakirələr hələ də davam etdirilir, yəni layihənin son variantının daha mütərəqqi olacağına inam böyükdür".

Partiya sədri qeyd edib ki, dövlət siyasi partiyaların institutlaşmasında, onların siyasi arenada rolunun artırılmasında maraqlıdır: "Ona görə də həm cəmiyyətdə, həm də siyasi mühitdə partiyaların güclənməsinə təkan verəcək yeni qanunun qəbul edilməsinin vacibliyi hər kəs tərəfindən başa düşülür. Müzakirələr və ictimai dinləmələr isə olduqca zəruridir. Çünki məhz fərqli yanaşmalar qanun layihəsinin təkmilləşməsinə zəmin yaradır. Elə bu qanun layihəsinin qəbul edilməsini zəruri edən səbəblərdən biriyeni reallıqlar fonunda fərqli fikirlərin və yanaşmaların ortaya çıxmasıdır. Ona görə də "Siyasi partiyalar haqqında" qanun yeni çağırışlara cavab verməlidir".

 

 

 

Yeni reallıqların nəzərə alınması təqdirəlayiqdir

 

 

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni versiyasında partiyaların təkliflərinin nəzərə alınması bizi məmnun edir: "Açıq-aydın görünür ki, yeni qanun layihəsi siyasi partiyaların yaradılmasını və fəaliyyətini stimullaşdırır. Nəticədə partiyaların peşəkar şəkildə formalaşmalarını və onların siyasi mühitdə aktiv fəaliyyət göstərmələrini təmin edəcək hüquqi baza yaradılır. Ümumilikdə yenilənmiş variantda bir sıra güzəştlər tətbiq edilib, təklif və iradlar nəzərə alınıb. Lakin fikrimcə, ölkədə nizamnaməsi və proqramları oxşar olan partiyaların birləşdirilməsi daha məqsədəuyğun olardı. Bu  konteksdən yanaşsaq, qanun layihəsinin birinci variantında siyasi partiyalar üçün nəzərdə tutulan üzv və təsisçi sayı normal idi. Lakin bir sıra təklifləri nəzərə alaraq müəyyən dəyişikliklər edildisay tərkibi azaldıldı. Əslində, say çoxluğu o demək idi ki, dövlət siyasi palitrada çoxüzvlü partiyaların olmasında, hər kəsin fikrini sərbəst ifadə etməsində maraqlıdır".

Partiya sədri bildirib ki, yeni qanun layihəsi vətəndaşların daha sərbəst fikir söyləməsinə zəmin yaradır: "Bu, ölkədə sağlam siyasi rəqabət formalaşdırmaqla partiya liderlərinin məsuliyyətini artırır. Qanun layihəsinin hazırlanması zamanı yeni reallıqların və dünyanın geosiyasi mənzərəsinin nəzərə alınması təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, yenilənmiş versiyada demokratik ruh daha aydın sezilir və lazımsız məhdudiyyətlər aradan qaldırılıb".

 

 

 

Qanun layihəsinin yenilənmiş versiyası təkmildir

 

 

 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, uğurlu dəyişikliklər nəticəsində siyasi partiyaların fəaliyyətinin aktivləşdirilməsinə xidmət edən mütərəqqi qanunun qəbul olunacağına inanır: "Siyasi partiyalarla bağlı yeni qanunun qəbulu ilə bağlı məsələ artıq 3 ilə yaxındır ki, gündəmdədir. Siyasi partiyalar yeni qanun layihəsi ilə bağlı təkliflərini təqdim ediblər. İctimai dinləmələr zamanı digər partiya rəhbərləri kimi mən də bir sıra təkliflərimi səsləndirmişdim. Görünən odur ki, qanun layihəsinin yeni versiyasında müəyyən təkliflər nəzərə alınıb. Yenilənmiş variantda bir sıra müddəalar dəyişdirilib və ya layihədən çıxarılıb".

A.Əlizadə bildirib ki, siyasi partiyaların iştirakı ilə parlamentdə daha bir ictimai dinləmənin keçirilməsi yaxşı olardı. Onun sözlərinə görə, təkliflərin yenə də səsləndirilməsində fayda var.

"Qanun layihəsinin yenilənmiş versiyası olduqca təkmildir. Lakin partiya olaraq razılaşmadığımız məqamlardan biri partiya üzvlərinin hər birinin şəxsi identifikasiya kodunun reyestrə salınmasıdır. Fikrimizcə, bu, düzgün yanaşma deyil, çünki belə olan halda konstitusiya ilə müdafiə olunan şəxsi məlumatların gizliliyi prinsipi pozula bilər. Ona görə də həmin bəndin qanun layihəsindən çıxarılmasının tərəfdarıyıq. Partiyadaxili müzakirələrdən sonra bir sıra təkliflər verməyi planlaşdırırıq. Əlbəttə ki, ilkin layihə ilə müqayisədə indiki variant daha mütərəqqidir. Açığı, bütün siyasi partiyaların razı qalacağı qanunun qəbul olunacağına ümid edirəm", - deyə o söyləyib.

Partiya sədri deyib ki, yeni qanun  partiyaların gələcək fəaliyyətinə müsbət təsir göstərəcək: "Siyasi partiyaların qeydiyyatı və fəaliyyəti bundan sonra yeni qanuna əsasən aparılacaq. Hesab edirəm ki, dövlət özüsiyasi partiyaların fəaliyyətinin əhatəli olmasında maraqlıdır. Partiyalar ölkənin siyasi gündəminə təsir etmək gücündə olmalıdırlar. Nəzərə almaq lazımdır ki, cəmiyyətdə alternativ fikirlər nə qədər çox olarsa, inkişafa aparacaq amillər də bir o qədər çox olar".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 30 noyabr.- S.6.