Qətiyyətli və prinsipial mövqe

 

Azərbaycan heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyil

 

44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycanın yaratdığı əsas reallıqlardan biri Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasıdır.

Münaqişənin başa çatması ilə 30 ilə yaxın müddətdə bir görməyən, əslində isə işğal siyasətinə dəstək verən Minsk qrupunun ömrü başa çatdı. Artıq yeni reallıqlar müstəvisində nə Qarabağın, nə də keçmiş Minsk qrupunun adı çəkilir.

 

Azərbaycanın daxili işi müzakirə predmeti deyil

 

ATƏT-in Minsk qrupunun edə bilmədiklərini Azərbaycan güc yolu ilə təmin etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib. 30 ilə yaxın bir müddətdə öz vəzifələrini yerinə yetirə bilməyən Minsk qrupunun  da fəaliyyətinə ehtiyac yoxdur və müharibənin başa çatmasından sonra bu missiya faktiki olaraq dayanıb. Bununla belə zaman-zaman, xüsusən də Fransa tərəfindən Minsk qrupu gündəmə gətirilsə də, artıq bu format dəfn olunub, tarixə qovuşub.

İndiyə qədər istər Rusiyanın, istər Avropa İttifaqının vasitəçilyi ilə keçirilən görüşlərdə yalnız və yalnız Azərbaycanla Ermənistan arasında  münasibətlərin normallaşdırılmasından, İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən bəhs olunub.

Ermənilərin iddia etdikləri Qarabağa status məsələsi də müzakirə mövzusu deyil. Bu görüşlərdə  keçmişdə qalmış Minsk qrupunun da adı çəkilmir. Məsələn, son olaraq Soçi görüşündə imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir. Görünən odur ki, Prezident İlham Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər tərəfindən qəbul edilir.

Bəli, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə status söhbətləri də birdəfəlik bağlandı. Ölkəmizin ərazisində yaşayan ermənilərin məsələsi isə Azərbaycanın öz daxili işidir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq deyib: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu, bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir".

Xatırladaq ki,  noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən də Prezident İlham Əliyev qeyd etmişdi ki, Ermənistanın Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəməsi mümkün deyil, ölkəmiz buna razılıq verməyəcək.

 

Sülh prosesinin pozulması Ermənistana baha başa gələcək

 

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın dəqiqdir.  Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir. Lakin üzərinə götürdüyü öhdəliklərə üçtərəfli görüşlərdəki razılaşmalara rəğmən Ermənistan normallaşma prosesinə bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistana pozuculuq fəaliyyətində əsas  dəstək verən isə Fransadır.

Qeyd edək ki, oktyabrın 6-da keçirilən Praqa görüşü Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin Vətən müharibəsindən sonra növbəti diplomatik qələbəsi oldu.  Lakin görünən odur ki, Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə razılaşmaq istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını həzm edə bilmir. Çünki Fransa Prezidentinin Praqa görüşündən 6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil. Fransa Senatının Milli Assambleyasının təxribatçı addımları isə yalnız vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Bu cür qərəzli addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır.

Bütün bunlar bir daha təsdiq edir ki, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində hansısa formada iştirakı, ümumiyyətlə, mümkün deyil. Bunu Ermənistanda da dərk edirlər. Ona görə Ermənistanın baş naziri N.Paşinyanın dekabrın 7-də Brüsseldə keçirilməli olan görüşdə  Fransa Prezidentinin iştirakını da istəməsi danışıqları pozmaqdan başqa bir şey deyil. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Praqa görüşündən sonra Fransanın təxribatlarını diqqətə çatdıran Prezident İlham Əliyev bəyan etdi ki, belə bir şəraitdə Fransa Azərbaycan Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: "Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki Rusiya, Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq".

Azərbaycan Vətən müharibəsindəki yeni reallıqlar müstəvisində maraqlarını qətiyyətlə təmin edir. İndiyədək keçirilmiş görüşlərin məntiqi sonluğu sülh sazişi olmalıdır. Bu prosesdə isə ermənilərin Qarabağla bağlı iddialarına yer yoxdur. Ona görə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib.

Ermənistanın köhnə taktikasının sonu isə Vətən müharibəsindən yaxşı məlumdur.  Bu mənada sülh prosesinin pozulması Ermənistana baha başa gələcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2022.- 27 noyabr.- S.1; 4.