Operativ və təhlükəsiz...

 

Orta dəhlizin beynəlxalq əhəmiyyəti böyükdür

 

Əlverişli təbii coğrafiyaya malik olan Azərbaycan bu imkanlardan irəli gələrək beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərində iştirak edir, onların formalaşmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, bu gün Avropa ilə Asiya arasında beynəlxalq  yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün Azərbaycanın nəqliyyat-tranzit potensialından geniş istifadə edilir.  Orta dəhliz adı ilə məşhur olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın nəqliyyat imkanları hesabına daha da əlverişli olması ilə diqqəti çəkir.  Bu dəhliz Çindən Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz ölkəmizin dünyadakı nüfuzunu artırır. Xüsusi vurğulamaq lazımdır ki,  Orta dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin perspektivləri olduqca çoxdur.

Bu dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsindəki nəqliyyat imkanlarını daha çox artırmaq potensialına malikdir.

 

İlham ƏLİYEV: "Türk dövlətləri arasında əməkdaşlıq Orta dəhliz layihəsinə əsas töhfə olacaq"

 

Prezident İlham Əliyev də Orta dəhlizin ciddi perspektivlərə malik olduğunu, bu məsələdə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayıb. Dövlət başçısı noyabrın 25-də Bakıda keçirilmiş "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusundakı beynəlxalq konfransda bildirib ki, türk dövlətləri arasında əməkdaşlıq Orta dəhliz layihəsinə əsas töhfə olacaq: "Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük".

Prezident, həmçinin qeyd edib ki, digər böyük oyunçuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlbedici hesab etməsi vacibdir: "Bunun üçün bizdə sabitlik, etibarlılıq var. Biz geniş şəkildə tarif siyasəti üzərində işləməliyik".

Noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində keçirilən üçtərəfli görüşdə isə Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta dəhliz marşrutunun inkişafı və istismarına dair "2022-2027-ci illər yol xəritəsi" imzalanıb. Sənəd qarşılıqlı faydalılığı artırmaq, regional əlaqələri gücləndirmək məqsədi daşıyır. Bu bir daha təsdiq edir ki, Orta dəhlizin yaradılması ölkəmizin mühüm tranzit uğurudur.

Son dövrlər Orta dəhlizdən istifadə edilməklə yükdaşımaların həcminin artması da bu dəhlizin əhəmiyyətindən xəbər verir. Dövlət başçısı tranzit yüklərin həcmi ilə bağlı bildirib ki, "cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq". Görünən odur ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan müasir nəqliyyat və logistika infrastrukturu tranzit yüklərin həcmini artırmaqla, Azərbaycanı mühüm nəqliyyat mərkəzinə çevirməklə yanaşı, türk dövlətləri, eləcə də digər xalqlar və ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verir. Mütəxəssislərin fikrincə, Orta dəhliz yaxın 5 il ərzində dünyanın ən təhlükəsiz və operativ dəhlizlərindən birinə çevriləcək.

 

Zəngəzur dəhlizi Orta dəhliz marşrutunun əsas tərkib hissəsidir

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, Orta dəhlizin beynəlxalq əhəmiyyəti böyükdür, bu dəhlizdən Avropa, eləcə də Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan fayda götürür: "Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımaların artırılmasına xidmət edir. Bu dəhliz üzrə yüklər orta hesabla 20-25 gün ərzində Çindən Avropaya çatdırılır. Operativlik və təhlükəsizlik bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Orta dəhlizin yükdaşımaların həcminin artmasına səbəb olması Azərbaycanın, eləcə də dəhlizin iştirakçısı olan digər ölkələrin iqtisadiyyatı üçün ciddi töhfədir. Görünür, ölkəmizin "dəmir yumruq" doktrinası siyasiiqtisadi faydalarını verməyə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizin bu gün dünyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradıb".

Deputat həmçinin qeyd edib ki, Orta dəhliz vasitəsilə daha çox yükün daşınmasına nail olmaq üçün Zəngəzur dəhlizinin açılması da vacibdir: "Hər kəsə bəllidir ki, Zəngəzur dəhlizi açılarsa, region üzərindən daşınan yüklərin həcmi daha çox artacaq. Yəni Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha effektli istifadə üçün Zəngəzur dəhlizi yeni imkanlar yarada bilər. Bu dəhliz regionun nəqliyyat və infrastruktur xəritəsini müsbət istiqamətdə dəyişmək  gücünə malikdir".

 

Nəzrin QARDAŞXANOVA,

 

Azərbaycan.- 2022.- 27 noyabr.- S.1; 4.