Qarabağ və Şərqi Zəngəzurun bərpasına mühüm dəstək

 

 

Bu prosesdə iştirak edən şəxslərə vergilərdən 10 illik azadolma və əlavə imtiyazlar tətbiq ediləcək

 

 

 

Zəfərlə bitən Vətən müharibəsindən ötən iki il müddətində Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri ilə əlaqədar mühüm layihələr gerçəkləşdirib. Artıq qələbədən sonra Böyük qayıdışa start verilib və Zəngilan rayonunun Ağalı kəndinə sakinlər köçürülüb.

İşğaldan azad edilən ərazilərdə hazırda iki beynəlxalq hava limanı fəaliyyət göstərir: Füzuli və Zəngilan hava limanları. Üçüncü beynəlxalq Hava limanının isə Laçında sürətli tikintisi gedir. Tarixi ərazilərimizdə yol, enerji, su və digər kommunikasiya layihələrinin həyata keçirilməsi davam etdirilir. Ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrılıb.

Gələn ilin büdcə siyasətinin qarşısında duran əsas çağırışlardan biri Böyük qayıdışın tərkib hissəsi kimi Qarabağ və Şərqi Zəngəzurda əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılmasıdır. Buna görə də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha geniş həcmdə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili və fəaliyyəti ilə bağlı 2023-cü ilin dövlət büdcəsinin layihəsində  müvafiq maliyyə təminatı yaradılıb. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 330 milyon manatya 12,4 faiz çoxdur.

 

 

 

Vergi təşviqləri həyata keçiriləcək

 

 

 

Eləcə də işğaldan azad edilən ərazilərdə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Artıq gələn ildən işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi ilə bağlı məsələlər də qanunla təsbit olunub.

Belə ki, Milli Məclisdə müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən, məcəlləyə 5 istiqamətdə 42 dəyişiklik edilməsi nəzərdə tutulub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi qərara alınıb. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunub.

Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər.

 

 

 

Mütəxəssislər üçün birdəfəlik müavinət müəyyən olunub

 

 

 

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması da nəzərdə tutulur. Bununla bağlı "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Bu barədə Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, layihədə təklif olunan dəyişiklik işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət qeyri neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək kontingent və şərtləri müəyyən edir. Sosial sığorta haqlarının subsidiyalaşdırılması 2023-2026-cı illərdə 100 faiz, 2026-2029-cu illərdə 80 faiz, 2029-2031-ci illərdə 60 faiz, 2031-2033-cü illərdə 40 faiz miqdarında təmin ediləcək.

Eyni zamanda "Sosial müavinətlər haqqında" qanunda da dəyişiklik edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən  mütəxəssisə Əmək Məcəlləsinə əsasən, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunacaq.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəlləyə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunması nəzərdə tutulub. Bu barədə məlumat verən Musa Quliyev bildirib ki, həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən olunacaq. Təklif olunan dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunub. Məcəllənin müvafiq maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində  işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi ilə bağlı dəyişiklik nəzərdə tutulub.

Sözügedən qanun layihələri artıq ikinci oxunuşda qəbul olunub.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 30 noyabr.- S.4.