Möhtəşəm birliyin gücü

 

Qardaşlıq münasibətləri Azərbaycan, Türkiyə və Pakistanı təhdidlər qarşısında daha qüdrətli edir

 

44 günlük müharibə Azərbaycana ona dost olan ölkələri bir daha tanımaq imkanı yaratdı. Rəsmi Bakı Vətən müharibəsində qardaş ölkələr Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etdi, ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizədə onlar tərəfindən açıq siyasi və mənəvi dəstək gördü.

Müharibənin başladığı ilk günlərdən qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamalarda bütün dünyaya bəyan etdi ki, Azərbaycan bu haqq savaşında yalnız deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı tərəfdaşı var. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, Türkiyə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında olduğunu nümayiş etdirdi.

2020-ci il dekabrın 10-da Vətən müharibəmizin qələbə ilə başa çatmasından cəmi bir ay sonra, Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. İki qardaş ölkə möhtəşəm qələbə qürurunu birlikdə yaşadı.

Eləcə də Pakistan Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən oldu. 44 günlük müharibənin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi ki, erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır: "Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik".

2020-ci il oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin ölkəmizin mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul etdi.

Vurğulayaq ki, Pakistan Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biridir.

 

Üçtərəfli formatda sıx əməkdaşlıq

 

Postmüharibə dövründə də Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etməyə başladı və bu günbu, sürətlə davam edir. Bu baxımdan Milli Qurtuluş Günündə - 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün türk dünyasının qürur ünvanı Şuşada tarixi Şuşa Bəyannaməsini imzalaması iki qardaş ölkənin tarixən mövcud olan əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltmək baxımından xüsusi əhəmiyyət kəsb etdi.

2022-ci il sentyabrın 16-da Səmərqənddə Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifi ilə görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırmış, Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini vurğulamışdı.

Azərbaycan Vətən müharibəsini zəfərlə yekunlaşdırdıqdan sonra işğaldan azad etdiyi ərazilərdə quruculuq, bərpa işləri aparır, Böyük qayıdışa hazırlıq görür.

Hələ müharibənin gedişində Prezident İlham Əliyev söyləmişdi ki, biz Qarabağın yenidən qurulmasında yalnız dost şirkətləri görməkdə məmnun olacağıq, Azərbaycanın haqq səsinə, ədalətli mövqeyinə dəstək verən şirkətləri görməkdə maraqlıyıq.

Bu gün Türkiyə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında daha çox fəallıq göstərən dövlətlərdən biridir.

Pakistan da istər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra hər zaman ölkəmizin yanında olub.

2022-ci il noyabrın 25-də keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev də bəyan etdi ki, bizim Pakistanla mükəmməl əlaqələrimiz var: "Mən son bir neçə ay ərzində Pakistanın Baş naziri cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq gündəliyidir. Biz Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə görə Pakistana çox minnətdarıq".

 

İlham ƏLİYEV: "Biz qardaşdostuq. Biz müttəfiqik"

 

Sözügedən konfransda "Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq", - deyə vurğulayan İlham Əliyev söylədi ki, "Biz qardaşdostuq. Biz müttəfiqik".

İlham Əliyev əminliyini bildirdi ki, Türkiyə ilə əməkdaşlıq bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır: "Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır. Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər ölkə üçün bir nömrəli meyardır".

Prezident onu da diqqətə çatdırdı ki, beləliklə, müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır.

"Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır" söyləyən İlham Əliyev bəyan edib ki, Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada həmçinin bizim ordu da var: "Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".

Göründüyü kimi, bu gün üç qardaş ölkə - Azərbaycan, Türkiyə, Pakistan bütün cəbhələrdə eyni səngərdə dayanıblar və qarşılaşdıqları problemləri birliklərinin gücü sayəsində müvəffəqiyyətlə dəf ediblər və bundan sonra da edəcəklər.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirilən ikitərəfli və heyətlərarası görüşlərdən sonra mətbuata verdiyi bəyanatda dediyi kimi: "Qardaş Pakistancan Azərbaycanla üçtərəfli əməkdaşlığımız da sürətlə inkişaf edir".

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 27 noyabr- S.1; 4.