Azərbaycan Avrasiya üçün
ticarət körpüləri yaradır
İlham Əliyevin qlobal təşəbbüsləri
mühüm beynəlxalq layihələrin
reallaşmasına böyük töhfə
verir
Cənubi Qafqazın aparıcı ölkəsi kimi geoiqtisadi və geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-logistika əlaqələrinin yaradılmasında fəal iştirak edən Azərbaycan mühüm qlobal layihələrin reallaşmasına böyük töhfə verir.
Hazırda Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində iş aparır.
Bütün bunlar isə bir daha təsdiqləyir ki, İlham Əliyev Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirib və qlobal layihələri ilə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb.
Zəngəzur Orta dəhliz üzərində
yerləşən mühüm nəqliyyat
mərkəzi olacaq
ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bu məsələyə bir daha toxunaraq Azərbaycanın bununla bağlı tutduğu mövqe və atdığı addımlar, gələcək planlar barədə ətraflı məlumat verib.
Dövlət başçısı ilk növbədə onu deyib ki, əgər beynəlxalq birlik, xüsusən də qlobal layihələri reallaşdıran bəzi böyük dövlətlər bütün proseslərin uğurla həyata keçməsini istəyirlərsə, ilk növbədə bölgədə sülhün təminatı reallaşmalıdır. Bu, baş verərsə, bir çox qlobal layihələr gerçəkləşə bilər: "Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir".
İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycanın beynəlxalq arenada oynadığı rol həmçinin daxili siyasət sayəsində əmələ gəlib. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.
Bu gün Azərbaycan şərqlə qərbi birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzdir. İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi imkanlarının getdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır.
Zəngəzur dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropanı birləşdirən "Şərq-Qərb" dəhlizinin bir hissəsinə çevriləcək. Bu, Azərbaycan-Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir.
Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana daşıyacaq yüklərini birbaşa quru yol vasitəsilə reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi əlaqələrin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək.
İlham Əliyev bu dəhlizin əhəmiyyətini dəyərləndirərkən qeyd edib ki, Zəngilan rayonu Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq. Bu baxımdan Zəngilan Hava Limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq: "Ola bilsin ki, bir gün Zəngilan Hava Limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq, düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq".
Avropanın enerji təhlükəsizliyinin
təminatında açar rolunu
oynayan dövlət
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Bunu tək ölkəmiz deyil, tərəfdaşlıq etdiyimiz böyük dövlətlər də bölüşür.
Azərbaycanın qitədə, həqiqətən də, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin müstəqil siyasətinin və uğurlu xarici diplomatiyasının real təzahürüdür.
Dünyanın aparıcı dövlətləri və təşkilatlarının Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandırması əbəs yerə deyil. Çünki Azərbaycan Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu artıq həyata keçirdiyi qlobal miqyaslı layihələrlə təsdiqləyib.
Məhz İlham Əliyevin təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib.
Rusiya-Ukrayna müharibəsinin getdiyi zamanda Azərbaycanın enerji resurslarına olan ehtiyacın artması bu prosesi daha da aktuallaşdırıb. Elə bunun nəticəsidir ki, cari ilin iyul ayında Avropa Komissiyası Azərbaycanla enerji təchizatını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.
Əvvəla bunun üçün Azərbaycanda potensial mövcuddur, ölkəmizin gələcək illərdə istismara verməyi planlaşdırdığı yeni qaz yataqları var. Bunların sırasında "Abşeron", "Ümid", "Babək", "Asiman" və "Şəfəq" yataqlarını qeyd etmək olar.
Digər tərəfdən enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar
aparılıb. Yeni korporativ rəhbərlik,
şəffaflıq və
səmərəlilik bizə
əlavə qaz tutumlarına qənaət
etməyə imkan verəcək. Həmçinin bərpaolunan enerji mənbələri ilə
bağlı artıq beynəlxalq investorlarla başladılan layihələr
də mövcuddur.
Bütün bunların reallaşdırılması
Azərbaycanın etibarlı
tərəfdaşlığını daha da möhkəmləndirən
amillərdir.
Ümumiyyətlə isə,
Azərbaycanın isbat
edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Ən böyük yataq olan "Şahdəniz"də
bir trilyon kubmetr qaz ehtiyatı
var.
Son iki ildə tələbatın
və qiymətlərin
artması fonunda
2020-ci ilin dekabrından
etibarən "Cənub
qaz dəhlizi" vasitəsilə Avropaya mavi qaz nəql
edən Azərbaycanın
enerji təhlükəsizliyi
ilə bağlı qlobal liderliyi daha da yüksəlib.
"Cənub qaz dəhlizi"nin
istifadəyə verilməsi
ilə Avropaya qaz ixracının başlanması Azərbaycanın
mavi qazdan əldə etdiyi gəlirlərinin artımına
səbəb olub. Ölkəmiz ötən müddətdə
Avropaya 15 milyard kubmetr mavi qaz
nəql edib. Azərbaycan bu il təkcə
Avropaya 11 milyard kubmetrdən artıq mavi qaz göndərib.
Bu, Avropanın, eləcə də regionun enerji təhlükəsizliyi baxımından
mühüm əhəmiyyət
kəsb edir. Ölkəmiz növbəti 3-5 ildə Avropaya qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı
planlaşdırır.
Artan ixracın nəticəsi isə əlavə dividend deməkdir. Belə ki, Azərbaycanın mavi qazdan əldə etdiyi gəlirlər artıq neft gəlirləri ilə bərabərləşib. Qazdan əldə olunan gəlirlər ölkəmiz üçün əhəmiyyətli valyuta mənbəyidir. Bu isə o deməkdir ki, Azərbaycanın iqtisadi qüdrəti gündən-günə daha da artır. İqtisadi güc isə istənilən qlobal layihənin uğurlu icrasının təminatıdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan. - 2022.- 27 noyabr.- S.5.