Azərbaycan və yəhudi xalqlarının dostluğu tarixin sınaqlarından keçib

 

 

Xalqıımızın belə bir deyimi var: "Dost dar gündə tanınar". Bu sözləri yəhudi xalqı haqqında da deyə bilərik. Həm tarixi faktlar, həm də yaxın keçmişimizdə yaşadıqlarımız sübut edir ki, bizi bir-birimizə dost edən cəhətlər çoxdur.

AMEA-nın Arxeologiya, EtnoqrafiyaAntopologiya İnstitutunun Antopologiya Mərkəzinin doktorantı kimi tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyim "Azərbaycanda yaşayan Avropa yəhudilərinin müasir etnomədəni dinamikasının xüsusiyyətləri" adlı dissertasiya işimdə bu mövzunu hərtərəfli araşdırmağa çalışmışam. Müxtəlif  vaxtlarda isə ölkəmizdə və xaricdə nəşr olunan çap mediasında "Aşkenaz yəhudilərinin adət və ənənələri haqqında", "Aşkenaz yəhudilərinin Azərbaycan ərazilərinə gəlmələrinin tarixi", "Aşkenaz yəhudiləri icmasının ictimai təşkilatları", "Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında yəhudilərin rolu", "Azərbaycanda yaşayan yəhudilərin subetnik qrupları haqqında", "İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların yəhudilərə münasibəti haqqında" və s. elmi məqalələrlə çıxış etmişəm.

Apardığım araşdırmalar nəticəsində belə qənaətə gəlmişəm ki, yəhudilərin Azərbaycana güclü axını tariximizdəki bir neçə mühüm mərhələyə təsadüf edir.  Götürək elə Xalq Cümhuriyyəti dövrünü. Məlumdur ki, ömrü az olan, lakin bu az müddətdə azadlığımız, istiqlaliyyətimiz yolunda tarixi işlər görən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tərkibində yəhudilər də vardı. XIX əsrin əvvəllərində Bakıda neft mədənlərinin işə düşməsi ilə əlaqədar Azərbaycana gələn bu millətin nümayəndələri müxtəlif sahələrdə azərbaycanlılara yaxından kömək göstərmişlər.

Yəhudilərin Azərbaycana gəlməsinin sonrakı böyük dalğası İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Məhz bu zaman xalqımızın humanistliyi, qonaqpərvərliyi, tolerantlığı sayəsində alman faşizminin işgəncələrindən qurtulmağa can atan çoxsaylı yəhudi ailələri respublikamıza pənah gətirmişlər.

Bir tərtərli olaraq rayonumuzun tarixini öyrənən insan kimi deyə bilərəm ki, o zaman kiçik bir rayon olan və kişilərin əksəriyyəti cəbhədə vuruşan Tərtərdə onlarla yəhudi ailəsi isti ocaq, çörək, tibbi yardım taparaq ölümün pəncəsindən xilas olmuşdur. Hazırda Ukraynanın Xarkov şəhərində yaşayan İrina Poqoster danışır ki, onlar Tərtərdəki 3 saylı məktəbdə yerləşdirilmişdilər. "Yerli əhali müharibənin o çətin günlərində təndirdə çörək bişirib ilk növbədə qaçqın ailələrinə gətirirdilər, xəstə uşaqlara hava-su kimi lazım olan və qlükozanı əvəz edən qənd tapıb verirdilər. O illər bütün tərtərlilərin ümid yeri olan Rüstəm həkim yəhudi ailələrinə baş çəkərək, özünün xalq  təbabəti üsulu ilə hazırladığı dərmanlarla xəstələri müalicə edir, cəbhədən əlsiz-ayaqsız qayıdanların yaralarına məlhəm qoyurdu. Bütün bunlar təmənnasız, yalnız insanlıq naminə görülürdü. Ana nənəm Poqester Raisa Borisovna müharibə illərində Azərbaycana pənah aparan çoxsaylı yəhudilərdən biri idi. Tərtərdə məskunlaşmış, azərbaycanlı ilə ailə qurmuş, oğul-uşaq sahibi olmuşdur".

Müharibədən sonra qaçqınlar almanlardan azad olunmuş şəhərlərə qayıtdılar və onlar, o cümlədən Poqosterlər ailəsinin üzvləri azərbaycanlılara olan böyük məhəbbəti bu gün də qəlblərində yaşadırlar.

Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb və yəhudi gənclər bizim ali məktəblərdə maneəsiz oxuyublar, yerlərində irəli çəkiliblər. Halbuki bunu keçmiş sovet respublikalarının heç biri haqqında demək olmazdı. Bu ruhda böyüyən gənclər Azərbaycanı öz vətənləri hesab ediblər. Onlar  həm I Qarabağ müharibəsində, həm də 44 günlük Vətən savaşında bu torpaq uğrunda can verib, şəhid olublar. Prezident İlham Əliyevin sözləridir: "Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdı".  

Bu gün ölkəmizdəki sinaqoqlarda şəhidlərimizin ruhuna, Azərbaycan və İsrail dövlətlərinin və xalqlarının, o cümlədən bütün dünyamızın barış içində yaşaması üçün dualar oxunur.

 

Aygün NƏZƏRƏLİYEVA,

Bakı şəhəri, 47 nömrəli tam orta məktəbin tarix müəllimi

Azərbaycan.-2022.- 30 noyabr.- S.9.