Vaxta qənaət edən dəhliz

 

Çindən Avropaya və əksinə ən səmərəli tranzit yollar Azərbaycandan keçir

 

Tarixi İpək yolunun dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edən Orta dəhlizin rolu yükdaşımalarında gündən-günə artır. Bu dəhliz beynəlxalq ticarətdə "vaxta qənaət edən dəhliz" kimi daha çox məşhurlaşıb. Operativliklə yanaşı, beynəlxalq yükdaşımalarında təhlükəsizliyin təminatı da onun  üstünlüklərindəndir.

 

Azərbaycanın mövqeyi möhkəmlənir

 

Rusiyanın "Şimal" dəhlizi ilə  İrandan keçən "Cənub" dəhlizinə alternativ olan Orta dəhliz Asiya ilə Avropanın inteqrasiyası üçün mühüm əhəmiyyətə malikdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq bölgədəki tranzit dəhlizlərinin zəifləməsi daha çox Orta dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini artırır. Bu dəhliz Çindən Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarının artırılmasına xidmət edir.

Araşdırmalar göstərir ki, yaxın gələcəkdə Orta dəhliz dünyanın ən təhlükəsiz və operativ dəhlizlərindən birinə çevriləcək.  Növbəti 5 ildə bu dəhliz Avrasiyada Çini Avropa ilə birləşdirən əsas quru marşrut xətti hesab oluna bilər. Bu isə öz növbəsində dəhliz iştirakçılarının, o cümlədən Azərbaycanın rolunungeoiqtisadi mövqeyinin daha da güclənməsinə zəmin yaradacaq.  Coğrafi mövqeyixarici siyasəti sayəsində Orta dəhliz üçün vacib rola malik olan ölkəmizdə Zəngəzur yolunun açılması isə onun potensialını artıra, daha çox tranzit yükünün daşınması üçün yeni imkanlar yarada bilər.

 

Türk dövlətlərinin əlaqələri Trans-Xəzər əməkdaşlığını dərinləşdirir

 

Orta dəhliz marşrutundan istifadə təkcə ayrı-ayrı ölkələrin deyil, ümumilikdə Avrasiyanın iqtisadi inkişafına töhfə verəcək. Ona görə də bu dəhliz dünyanın bir sıra aparıcı ölkələri üçün strateji əhəmiyyətə malikdir. Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında nəqliyyat-logistika mərkəzlərinin yaradılması isə Trans-Xəzər əməkdaşlığının dərinləşməsinə yol açır.

Prezident İlham Əliyev də noyabrın 25-də Bakıda keçirilmiş "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusundakı beynəlxalq konfransda bildirib ki, türk dövlətləri arasında əməkdaşlıq Orta dəhliz layihəsinə əsas töhfə olacaq: "Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq".

 

Zəngəzur dəhlizinin açılması yeni reallıqlar yaradacaq

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Orta dəhlizin formalaşması, yükdaşınmalarının həcminin artırılması ölkəmiz üçün aktual mövzulardan biridir: "Zəngəzur dəhlizinin açılması Orta dəhlizdən daha səmərəli istifadəyə zəmin yaradacaq. Bu, yüklərin daha qısa vaxtda Avropadan Asiyaya, Şərqdən Qərbə daşınmasına imkan verəcək. Nəzərə almaq lazımdır ki, bu ilin 10 ayında Azərbaycan üzərindən daşınan yüklərin həcmində müşahidə edilən 34,4 faizlik artım ölkəmizin beynəlxalq yükdaşımaları baxımından cəlbedici olduğunu sübut edir. Ölkəmizin infrastrukturu, dəhlizin potensialının artırılması üçün atılan addımlar Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə səbəb ola bilər. Bu, ölkəmizin valyuta gəlirlərinin çoxalması baxımından da vacibdir. Orta dəhliz vasitəsilə daşınan yüklər ölkə iqtisadiyyatına kifayət qədər valyutanın daxil olmasına imkan yaradır".

Deputat deyib ki, bu həm də ölkəmizin strateji mövqeyinin möhkəmlənməsinə xidmət edən amildir. Onun sözlərinə görə, regionda formalaşan reallıqlar kontekstində Azərbaycanın strateji mövqeyinin güclənməsi ölkəmiz üçün həm siyasi, həm də iqtisadi üstünlükdür.

"Prezident İlham Əliyev son açıqlamasında ölkəmizin bölgədə stabilliyin formalaşmasında, davamlı sülhün əldə edilməsində maraqlı olduğunu bir daha bəyan etdi. Nəzərə almaq lazımdır ki, dövlətimiz sülhün bərqərar olmasında kommunikasiyaların bərpa edilməsini, eləcə də Zəngəzur dəhlizinin qısa zamanda açılmasını vacib hesab edir. Ölkədə bu istiqamətdə tədbirlər intensiv şəkildə həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun formalaşdırılması üçün praktiki işlər görülür", - deyə deputat bildirib.

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 29 noyabr.- S.5.