Ermənistanın müharibə cinayətlərinin izləri getdikcə artır

 

Edillidə aşkarlanan kütləvi məzarlıq erməni barbarlığının, vəhşiliyinin növbəti təzahürüdür

 

 

İkinci Qarabağ müharibəsi bitsə də, erməni terrorizminin izləri hələ də görünməkdə davam edir. Tarix boyu azərbaycanlılara qarşı etnik təmizləmə, terror aktları həyata keçirən Ermənistanın törətdikləri cinayət əməllərinin üstü zaman-zaman açılır və dünya bu gün əsl erməni vəhşiliyinə şahidlik edir.

Xocavəndin Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıq da deyilənləri bir daha təsdiqlədi. Bu dəfə axtarışlar nəticəsində məzarlıqda 12 nəfərin qalıqları üzə çıxdı. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum oldu. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi EkspertizaPatoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar. Burada qazıntı işləri davam etdirilir. Onun sözlərinə görə, bütün qalıqlar xüsusi qablara yığılaraq götürülür və hər biri ayrı-ayrılıqda ekspertizaya cəlb edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev də qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş şəxslərin axtarışına başlayıb. İlk olaraq işlərə Xocavəndin Edilli kəndindən başlanıldığını deyən məsləhətçi bildirib ki, fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman edilir. Axtarışlar davam etdiriləcək.

 

 

Ermənistan beynəlxalq qanunları pozan cinayətkar dövlətdir

 

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, tarix elmləri doktoru Musa Qasımlı qəzetimizə açıqlamasında deyib ki, Ermənistan təcavüzkar və işğalçı ölkə olaraq ötən əsrin 80-ci illərinin sonlarından İkinci Qarabağ müharibəsi də daxil olmaqla, azərbaycanlı hərbçilərə və mülki əhaliyə qarşı cinayət törətmiş bir dövlətdir.

Deputat xatırladıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlı haqqında heç bir məlumat vermir: "Heç şübhəsiz, Ermənistan Azərbaycan hərbi əsirlərini güllələyib, onlara məşəqqət yaşadıb. İndiyə qədər söyləmədikləri yerlərdə kütləvi məzarlıqların olması istisna deyil".

Musa Qasımlı deyir ki, Edillidə aşkar edilən kütləvi məzarlıq Ermənistanın müharibə qanunlarını, müvafiq konvensiyaları kobud surətdə pozduğunu göstərir. Ermənistan həm Birinci Qarabağ, həm də 44 günlük Vətən savaşında müharibə cinayətləri törədərək mülki əhalini amansızlıqla qətlə yetirib. Xocalıda törədilən soyqırımı, Qaradağlı, Malıbəyli, Ağdaban, Başlıbel cinayətləri bunu bir daha sübut edir. Gəncə, Mingəçevir, Bərdə və Tərtərin mülki əhalisinin raket atəşinə tutulması Ermənistanın müharibə cinayətlərinin göstəricisidir. Ermənistan müasir dünyaya uyğun gəlməyən, beynəlxalq qanunları pozan cinayətkar dövlətdir və öz cəzasını almalıdır.

 

 

 

Kütləvi məzarlıqlar erməni vəhşiliyinin növbəti təsdiqidir

 

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Elman Məmmədov qəzetimizə açıqlamasında qeyd edib ki, Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq sonuncu deyil.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə istintaq axtarış işləri davam etdikcə, belə kütləvi məzarlıqlar üzə çıxacaq. Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu, Xankəndi ərazilərində daha çox kütləvi məzarlıqlar aşkarlanacaq. Birinci Qarabağ müharibəsi dövründən bu günə qədər 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil. Təəssüf ki, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələbləri ilə əlaqədar Ermənistan qarşısında ciddi tələb qoymurlar. Kütləvi məzarlıqlar bir-birinin ardınca üzə çıxır. Bunlar erməni vəhşiliyinin növbəti təsdiqidir, həm də müharibə cinayətidir.

Elman Məmmədov deyir ki, ermənilər tarix boyu qəddarlıq, dinc insanlara qarşı vəhşilik ediblər. Bunun canlı şahidləri hazırda da yaşayırlar: "Aşkar olunan kütləvi məzarlıqlar,  baş verən hadisələr, çəkilən lentlər, təkcə bir gecə içərisində Xocalıda qətlə yetirilən 613 nəfər, bir neçə saat ərzində Xocavəndin Qaradağlı kəndində 100-dən çox insanın diri-diri silos quyularına basdırılması, Bağanıs Ayrım, Ağdaban, Başlıbel, Ballıqaya  faciələri erməni vəhşiliyinin saysız-hesabsız müharibə cinayətləridir".

Deputat deyir ki, faktlarla təsdiqini tapan erməni vəhşiliyinə görə beynəlxalq aləmdən hələ də səs çıxmır: "Azərbaycan tərəfi olaraq faktları, sübutları ortaya qoyanda beynəlxalq qurumların gözləri kor, qulaqları kar olur. Amma erməni fitnəkarlığına görə Azərbaycanın üzərinə basqınlar edir, bizə qarşı şər-böhtan kampaniyası aparırlar. Bax budur onların "haqq"ı, "ədalət"i müdafiə etməsi. Burada ikili, üçlü standartlar özünü büruzə verir".

Elman Məmmədovun bildirir ki, Edillidəki məzarlıqla bağlı araşdırmalar davam edir: "Həmin dövrdə o ərazilərdə döyüşən hərbçilərin siyahısı var, yerləri məlumdur, müvafiq qurumlar araşdırmalar aparıb həmin şəxslərin kimliyini müəyyənləşdirməyə çalışacaqlar".

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi dövlət komissiyasında qeydiyyatdadır. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 6 oktyabr.- S.8.