Şuşaya payız gəlir...

 

Xoş arzular, saf niyyətlər

 

Şuşaya payız gəlir. Sevgi dolu, arzu dolu bir payız. İllər idi ki, Şuşamızın yazı da, payızı da zimistana dönmüşdü. Şuşa adı çəkiləndə bağrımızın başı od tutub yanırdı. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə zəfər yürüşünə çıxdı. Oğullarımız dağlardan, qayalardan keçərək zirvələrə doğru yol aldılar. Şuşanı azad edib 28 illik həsrətdən sonra bizləri arzularımızın, xəyallarımızın şəhərinə qovuşdurdular.

İki ildir ki, Şuşaya bahar gözlü payız gəlir, gülə-gülə, fərəhlə, qürurla... Bu cənnət şəhərin daşı da, qayası da, uçulub viran qalmış evləri , küçələri abadlaşmağa, gözəlləşməyə başladı, ruhu təmizləndi... Məscidlərimizdən yenidən azan səsləri gəldi. Dini ocaqlarımız yenidən bərpa edildi. Şuşa mədəniyyət paytaxtımız elan olundu. İlk səfəri zamanı Prezident, Müzəffər Ali Baş Komandan Şuşaya özü ilə Azərbaycan dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş dahi insanların heykəllərini apardı. Şuşada ilk olaraq söz adamının, şair Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi bərpa edildi.

Şuşa bu gün beynəlxalq tədbirlərin, böyük musiqi festivallarının, elmi konfransların ən çox keçirildiyi məkandır. Bura təkcə mədəniyyətimizin, musiqimizin paytaxtı deyil, həm cəsurluğun, qorxmazlığın, vətən sevgisinin, yurda, torpağa məhəbbətin əsl ünvanıdır.

Qələbəmizin ikinci ilinin payızı Şuşaya xoş növraq, gözəl gün, abadlıq, xoş arzu saf niyyətlərlə gəlir. Hər yer gözəlləşir, abadlaşır. Şuşa bu payız daha da qürurludur. Möhtəşəm qələbəmiz dünyanın siyasi masalarında tarixin gerçəkliyi kimi qəbul olunur. Azərbaycan əsgərinin sinəsində daşıyıb Şuşada qaldırdığı müzəffər bayrağımız bu payız daha qürurla dalğalanır.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 2 oktyabr.- S.9.