Azərbaycançılıq idealının rəmzi

 

"Heydər Əliyev ili"nin mükəmməl yol xəritəsi yeni, məsuliyyətli vəzifələr müəyyənləşdirir

 

 

Azərbaycanda görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi sahəsində böyük ənənə mövcuddur. Xüsusən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə məşhur yazıçı və şairlərin yubileylərinin geniş miqyasda keçirilməsindən Azərbaycan xalqını dünyada tanıtmaq və azərbaycançılıq ideyasını daha da qüvvətləndirmək məqsədilə məharətlə istifadə etmişdir.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı epoxada Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev, Məmməd Arazbaşqa ədiblərin dövlət səviyyəsində qeyd edilən yubiley tədbirləri ölkəmizdə azərbaycançılıq, vətənpərvərlik, millilik, tarixilikmüasirlik kimi milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə, xalqımızın ədəbi-tarixi baxışlarının formalaşdırılmasına uğurla xidmət etmişdir.

Bununla belə, adlı-sanlı yazıçı və şairlərin yubileyləri ilə yanaşı, konkret olaraq bir ili bütünlüklə qüdrətli bir sənətkara həsr etmək müstəqillik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədəbi-ictimai və siyasi-ideoloji mühitə gətirdiyi yeni və əhəmiyyətli bir ənənədir. Məhz Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ölkəmizdə ilk dəfə olaraq İmadəddin Nəsimi və Nizami Gəncəvi illəri böyük uğurla keçirilmişdir. Bu əlamətdar illər həm qüdrətli sənətkarları Azərbaycan şairləri kimi dünyaya təqdim etmək, həm də onların yaradıcılığındakı milli və bəşəri ideyaları xalqımıza aşılamaq cəhətdən son dərəcə əhəmiyyətli

olmuşdur.

Eyni zamanda, İmadəddin Nəsimi və Nizami Gəncəvi illəri bu qüdrətli sənətkarların həyatı və yaradıcılığını daha dərindən və əsaslı şəkildə tədqiq etmək, naməlum mənbələri, nadir əlyazmalarını aşkarlayıb elmi dövriyyəyə daxil etmək baxımından da əhəmiyyətli olmuşdur. "Nizami Gəncəvi ili"nin əhəmiyyətinin miqyasını əyani şəkildə təsəvvür etmək üçün nəzərə çatdırmaq istəyirəm ki, 2021-ci ildə cəmi bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Humanitarİctimai Elmlər bölmələrində 26 ölkədə 14 dildə 47 kitabçoxlu sayda məqalələr çap edilmişdir.

Möhtərəm Prezident İlham Əliyev 29 sentyabr 2022-ci ildə qarşıdakı 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalamaqla görkəmli şairlərin adı ilə bağlı illərin keçirilməsi ənənəsinə ilk dəfə olaraq böyük tarixi şəxsiyyətimizin də qeyd olunmasını əlavə etmişdir. Beləliklə, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyev kimi qüdrətli bir dövlət xadiminin, görkəmli tarixi şəxsiyyətin ili dövlət səviyyəsində geniş şəkildə qeyd ediləcəkdir.

İsbata ehtiyac olmayan bir gerçəklikdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadimi kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin "bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri" olduğunu bəyan etməsi bunun əyani sübutudur.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin yeni tarixi epoxada banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.

Heydər Əliyev - azərbaycançılıq idealının rəmzidir.

Heydər Əliyev - Azərbaycan xalqının Ümummilli Lideridir.

Heydər Əliyev dünya tarixinin gedişatını dəyişməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biridir.

Və nəhayət, obrazlı şəkildə demək olar ki, Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin və böyük siyasətin Nizami Gəncəvisidir. Dahilik zirvəsində söz sənətinin bahadırı Nizami Gəncəvinin bədii dühası ilə müstəqil dövlətçilik və siyasət nəhəngi Heydər Əliyev siyasi dühası dahilik zirvəsində birləşir.

Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan geridə qalmış aqrar ölkədən geniş islahatların keçirilməsi əsasında hərtərəfli inkişaf etmiş bir respublikaya çevrilmişdir.

Siyasi Büronun üzvü kimi keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda baş vermiş millətlərarası dini, siyasi münaqişələrin və çevrilişlərin aradan qaldırılmasında Heydər Əliyevin dəmir iradəsi və proqnozları mühüm rol oynamışdır. Ən yaxın tariximizdə Azərbaycanın dövlət müstəqilliyinin real itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaqdüzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Məlum olduğu kimi, Heydər Əliyev bir neçə dəfə Bakıda və Naxçıvanda dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla böyük güclərin, məkrli dövlətlərin planlarını dağıtmağa, alt-üst etməyə nail olmuşdur.

Bütün bunlara görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev ili" elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə Azərbaycan xalqının tarixində və taleyindəki xidmətlərinin miqyasını müəyyən edir.

"Heydər Əliyev ili" haqqında Azərbaycan Prezidentinin sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə və mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. "Heydər Əliyev ili" haqqında Prezident sərəncamındakı fikirlər bu görkəmli dövlət xadiminin xidmətlərini obyektiv şəkildə ifadə edir: "Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır… Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qüruriftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqındakı 29 sentyabr 2023-cü il tarixli sərəncamı "Heydər Əliyev ili"nin həm nəzəri-metodoloji mahiyyətini,  həm də əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir. Bu baxımdan gələn ilin Azərbaycan Respublikasında  "Heydər Əliyev ili" elan edilməsi haqqında Prezident sərəncamı "Heydər Əliyev ili"nin gerçək və əhəmiyyətli bir proqramıdır. "Heydər Əliyev ili"nin əsas siyasi-ideoloji konturlarını tam əhatə edən sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin də əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də mükəmməl şəkildə hazırlanmış dövlət sərəncamını "Heydər Əliyev ili"nin aydın yol xəritəsi də adlandırmaq olar.

"Heydər Əliyev ili" görkəmli dövlət xadiminin keşməkeşli və mənalı həyatı, çoxcəhətli dövlətçilik istedadı, mübarizəsi və idealları ilə əlaqədar bir çox məsələlərə yenidən və daha əsaslı şəkildə baxılması zərurətini meydana qoyur:

Məlum olduğu kimi, Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq, 53 ildir ki, Heydər Əliyev epoxasında qurub-yaradır və ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları və mübarizəsi ilə üzvü surətdə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 19 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi Zəfərlər, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə nail olmuşdur.

Beləliklə, Prezident İlham Əliyev müasir dövrdə Azərbaycan Respublikasının yeni erasını yaratmışdır. 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında tarixi sərəncam çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətini, bu epoxanın mühüm hadisələrini, nailiyyətlərini, nəticələrini daha əsaslı və sistemli şəkildə dərk və şərh etməyə, xalqımıza və dünyaya çatdırmağa şərait yaradır.

Bundan başqa, görkəmli dövlət xadimi Heydər Əliyev dünya dövlətçilik tarixində Ümummilli Lider fəxri adı qazanmış nadir tarixi şəxsiyyətlərdəndir. "Heydər Əliyev ili"ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana qoyulmalıdır. Ümummilli Liderlik fəlsəfəsinin konseptual əsaslarının müəyyən edilməsi və görkəmli dövlət xadimi Heydər Əliyevin nümunəsində konkret bir örnəyin meydana qoyulması Azərbaycan humanitarictimai elmlərinin şərəfli borcu və məsul vəzifəsidir.

Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza  rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada müstəqillik illərində yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də azərbaycançılıq ideologiyasının yaradılmasının və inkişaf etdirilməsinin Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalı, əsas müddəalar müəyyən olunmalıdır.

Haqqında çox yazılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya dövlətçilik tarixində və Azərbaycan xalqının milli intibahındakı yerirolunu real şəkildə əks etdirən fundamentalsistemli elmi əsərlərlə birlikdə, müxtəlif janrlarda parlaq ədəbiyyat və incəsənət əsərlərinin yaradılmasına ehtiyac vardır. Fikrimizcə, Heydər Əliyevin elmi bioqrafiyasını yaratmaq da qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycan Milli Elmlər Akademiyasında və ali məktəblərimizdə fəaliyyət göstərən elm adamlarının potensialı, ölkəmizdə yazıb-yaradan yazıçılar və incəsənət ustalarının bacarığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı və xidmətləri ilə əlaqədar olan məsələlərin yüksək səviyyədə həll edilməsinə təminat verir.

 Bundan başqa, "Heydər Əliyev ili" - Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi sahəsində yeni təşəbbüslər ili olacaqdır. Fikrimizcə, işğaldan azad edilmiş Şuşa şəhərində görkəmli dövlət xadimi Heydər Əliyevin heykəlinin ucaldılması xalqımızın ürəyindən olardı.

Söz yox ki, Azərbaycan elmi-intellektual potensialı, yaradıcı ziyalılarımız və alimlərimiz "Heydər Əliyev ili"nin çağırışlarına özlərinin parlaq elmi və bədii əsərləri ilə cavab verəcəklər. Bu mənada "Heydər Əliyev ili" ədəbiyyat və incəsənətin, humanitarictimai elmlərin inkişafı sahəsində geniş üfüqlər açacaqdır. Ümummilli Liderimiz Heydər Əliyevin ömür və mübarizə yolunun ibrətamiz dərslərinin, azərbaycançılıq ideallarının daha dərindən və əsaslı şəkildə tədqiq olunub öyrənilməsi, xalqımıza və dünyaya çatdırılması üçün bütün imkanlar səfərbər olunacaqdır.

"Heydər Əliyev ili" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərimiz qarşısındakı dərk olunmuş bir mənəvi-siyasi borcunu dahi şəxsiyyətin adına layiq şəkildə yerinə yetirməsi ili olacaqdır. Hər bir Azərbaycan vətəndaşının Ümummilli Liderin ideallarının işığında verəcəyi məsuliyyətli hesabat "Heydər Əliyev ili"nin Azərbaycanın müstəqillik tarixinin ən inkişaf etmiş ilinə çevrilməsini təmin edəcəkdir. Bu mənada "Heydər Əliyev ili" müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsi, müstəqilliyin təntənəsi ili kimi tarixdə qalacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə 30 illik işğaldan sonra Qarabağın düşməndən azad edilməsi və ölkəmizdə Böyük qayıdış hərəkatına başlanılması Azərbaycanın çoxəsrlik tarixində nadir tarixi hadisədir. Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin rəhbərliyi ilə mümkün ola biləcək ən yaxın dövrdə Ermənistanla Sülh sazişinin imzalanması və Zəngəzur-Laçın dəhlizlərinin açılması sahəsində həlledici addımların atılması da "Heydər Əliyev ili"nə möhtəşəm töhfələr olacaqdır.

Ümumiyyətlə, "Heydər Əliyev ili" müstəqil Azərbaycanın müasir nəsilləri üçün görkəmli dövlət xadimi Heydər Əliyevin adına və ideallarına layiq şəkildə yaşamağa və işləməyə çağırış ili kimimühüm əhəmiyyətə malikdir.

"Heydər Əliyev ili" müstəqil dövlətçiliyin, azərbaycançılıq idealının təntənəsi ili kimi xalqımızın yeni-yeni zəfərlərə imza atması ili olacaqdır.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2022.- 7 oktyabr.- S.7.