Edillidə  aşkarlanmış kütləvi məzarlıq dünya mətbuatında

 

Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsidir

 

İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb. Ekspertlərin fikrincə, Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib.

Hazırda 4000 azərbaycanlı hərbçi və mülki vətəndaş itkin düşmüş olaraq qalır. Ermənistan kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina etmişdir.

Dünyanın nifrətlə qarşıladığı erməni vəhşilikləri xarici ölkələrin televiziya verilişlərində, qəzet və jurnallarında gündəm olub. Yaponiyanın "ajmedia.jp" portalında yaponingilis dillərində yayılan məlumatlarda erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlığın tapıldığı diqqətə çatdırılaraq burada 12 nəfərin qalıqlarının üzə çıxarıldığı bildirilib. Məlumatlarda əşyalarla birlikdə aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirlə bağlandığı vurğulanıb. Müvafiq qurumların nümayəndələrinin və KİV təmsilçilərinin kütləvi məzarlığa baxış keçirdiyi qeyd edilib. Məlumatda o da bildirilib ki, cari ilin fevralında əraziyə səfər edən Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan jurnalistlər həmin kənddə tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıblar.

Bu günlərdə Türkiyənin TRT kanalında "Azərbaycan Xocavənd rayonunda əsgərlərin kütləvi məzarını aşkar edib",  TGRT kanalında "Ermənilər tərəfindən öldürülmüş Azərbaycan vətəndaşlarının meyitləri kütləvi məzarlıqdan çıxdı",  "Milliyet" qəzetində "Qarabağda azərbaycanlılara aid kütləvi məzarlıq tapıldı", "Anadolu" Alyansının xəbər agentliyində "Qarabağ müharibəsində ermənilərin öldürdüyü Azərbaycan əsgərlərinin kütləvi məzarlığı tapıldı" və "Star" xəbər agentliyində "Ermənilər tərəfindən öldürülən Azərbaycan əsgərlərinin kütləvi məzarlığı tapıldı" sərlövhəli materiallar geniş oxucu auditoriyasına çatdırılıb. Malayziyanın "The Sun Daily" xəbər agentliyi "Azərbaycan Qarabağda kütləvi məzarlığın tapıldığını deyir", Qətərin "Əl-Cəzirə" agentliyi isə "Dağlıq Qarabağda 1990-cı illərin müharibəsinə aid kütləvi məzarlıq tapıldı" sərlövhəli yazıları ilə, İsveçrədə, eləcə də Rumıniyada Xocavənd kütləvi məzarlığı haqqında manşetə çıxarılan materiallar diqqətçəkən olub.  

Fransa KİV də Edillidə aşkarlanan kütləvi məzarlıq barədə məlumatları geniş işıqlandırıb. "Frans-Press" agentliyi, "20 Minutes", "Le Progers", "Durabull-products" və digər portallar Xocavəndin Edilli kəndində aşkarlanmış ikinci kütləvi məzarlıqla bağlı məqalələr dərc ediblər.

Moldovanın xəbər portalları da Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb.  

Ermənilər tarixboyu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə xalqımıza qarşı terror, soyqırımı aktları və kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin martında erməni terror silahlı birləşmələrinin törətdiyi qırğınlar zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Daha sonra Qubada, Şamaxıda, Göyçayda, Salyanda və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı davam etdirilmiş, insanlar bəzən diri-diri xəndəklərə, quyulara atılmış və ya kütləvi halda vəhşıcəsinə qətlə yetirilmişlər. Bütün bunlar zamanından bu günədək dünyanın aidiyyəti beynəlxalq qurumlarına da  yaxşı məlum olan "Daşnaksütyun" partiyasının silahlı bölmələri tərəfindən həyata keçirilmişdir. Bu qırğınların coğrafiyasını genişləndirmək üçün ermənilər terrorla məşğul olan xüsusi  "Nemezis" təşkilatı yaratmışlar. "Nemezis" kəlməsi yunanca olmaqla, intiqam ilahəsi Nemezdanın adından götürülmüşdür. Terrorçubaşı Şahin Natalinin 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası - "Daşnaksütyun" partiyasının İrəvanda keçirdiyi IX qurultayında bu terror hərəkatına başlamaq haqqında qərar verilmişdir. Bəhanə də o idi ki, guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınmalıdır. 

Ermənilər bu vəhşi xislətlərini müasir dövrümüzdə də davam etdirib, Birinci, həm də İkinci Qarabağ müharibələrində amansız hərbi cinayətlər törədiblər. 1988-ci ildə başlayan Qarabağ hadisələri Azərbaycan ərazilərinin işğalı, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması, mədəni-tarixi irsimizin məhvi ilə nəticələndi. Ağdaban, Başlıbel, Bağanis-Ayrım,  Qaradağlı kəndlərində törədilmiş  vandallıqlar erməni faşizminin mahiyyətini aydın şəkildə göstərir. Ermənilərin dinc azərbaycanlılara qarşı 26 fevral 1992-ci ildə törətdikləri Xocalı soyqırımı isə xüsusi qəddarlığı, amansızlığı ilə seçilir. 

Azərbaycan Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın axtarışı ilə bağlı neçə illərdir dünyaya çağırış edir ki, Ermənistan 4 min insanımızın öldü-qaldısından xəbər vermir, sözünüzü deyin, təzyiq göstərin, heç olmasa qətlə yetirib, kütləvi şəkildə basdırdıqlarının yerini göstərsinlər... Təəssüf ki, aidiyyəti beynəlxalq təşkilatlar hələ də susurlar.

Xatırladaq ki, 44 günlük müharibə başa çatandan sonra Azərbaycan Ermənistandan Qarabağda basdırdığı minaların xəritəsini istədi, bu barədə də çoxsaylı səslənişlər oldu. Azərbaycana "erməni əsirləri qaytarın" deyib də təzyiqlər göstərənlər burada da səsimizə səs vermədilər. Hətta üçtərəfli Bəyanat imzalandıqdan, müharibəyə "dur" deyildikdən sonra ərazilərimizə keçib hərbçilərimizi, dinc sakinlərimizi qətlə yetirən terrorçuların azad olunmasından ötrü olmazın canfəşanlığa əl atanlar işğalçıların əlindən mina xəritələrini alıb vermədilər ki, ermənilərin darmadağın etdiyi əraziləri abadlaşdıranlar təhlükə ilə üzləşməsinlər. Ermənistanın yüzlərlə hərbçinin qaytarılması müqabilində təqdim etdiyi xəritələrin də özləri kimi saxta olması faktına belə beynəlxalq qurumlar reaksiya vermədilər.

Edillidə kütləvi məzarlığın aşkarlanması Azərbaycanın Ermənistan hərbçilərini qaytardığı günə təsadüf edir. Müqayisə edin, biz diri erməniləri qaytarırıq, onlar isə hətta bizim qətlə yetirilənlərimizin də basdırıldığı yerləri nişan vermirlər, sadəcə Azərbaycan əsgərinin azad etdiyi ərazilərdə aparılan qazıntı işləri nəticəsində insan qalıqları aşkarlanır. Bu isə  Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozulması deməkdir.

Azərbaycan əsgəri hansı ünvanı azad edirsə, insan qalıqları aşkarlanır. Başlıbeldə də belə olmuşdu, Fərruxda da,  Edillidə də... Misal üçün, ötən ay Kəlbəcər rayonunun Yanşaq kəndində bunkerlər aşkarlanmışdı. Düşmən işğal illərində azərbaycanlı əsirləri soyuq havada heç bir şəraiti olmayan, dəhşətlər içərisində məhz bu kameralarda saxlayıb. Ehtimal olunur ki, bir gecədə məhv edilən, Yer üzündən silinən 7 min nəfərlik Xocalıda, Ağdərə, Xocavənd, Malıbəyli, Kərkicahan... digər yerlərdə nə qədər kütləvi qəbiristanlıqlar tapıla bilər. Ermənilər bu ərazilərin azadlığını əngəlləməklə insanlığa qarşı törətdikləri cinayətləri ört-basdır etməyə çalışıblar.

Bütün bunlar, eləcə də xarici olkə mətbuatında dərc edilən materiallar onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarında aşkarlanan kütləvi məzarlıqlar Ermənistanla yanaşı, erməni vəhşiliyinə göz yuman beynəlxalq təşkilatların, onların arxasında dayanan bəzi dövlətlərin üzqarasıdır.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 7 oktyabr.- S.10.