AzMİU ilə Türkiyənin Bilkent Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb

 

Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan, prorektor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Ulu Öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, türk dünyasının şöhrətli alimi, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib və bu dostluğun nəticəsində bu universitetin Azərbaycan üçün doğmalaşdığını vurğulayıb. İhsan Doğramacının sağlığında Bilkent Universitetinə səfərini xatırladan rektor qeyd edib ki, yaxın əlaqələr iki universitet arasında başladılan əməkdaşlığın sürətli inkişafına yol açacaq.

Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan da çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevlə professor İhsan Doğramacının yaxın dostluq əlaqələrindən danışıb. O, AzMİU rektoruna İhsan Doğramacının Bilkent Universitetinin ərazisindəki abidəsinin təməlqoyma mərasimində Ulu Öndərin lentə alınan fotosunu hədiyyə edib. Professor Kürşat Aydoğan AzMİU ilə əməkdaşlıqdan məmnun olduqlarını, əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Universitetin prorektoru, professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxış edərək iki universitet arasında yeni başladılan əməkdaşlığın önəmindən danışıblar.

Sonra AzMİUBilkent Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nunBilkent Universitetinin rektorları imzalayıblar.

Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd edilib. Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra prinsip üzrə razılığa gəliblər.

Daha sonra qonaqlar AzMİU-nun tədris korpusları və elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, professor-müəllim heyəti, tələbələrlə söhbət ediblər.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-4 oktyabr.- S.11.