Bakıda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət oktyabrın 4-də sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Xətai rayonu, General Şıxlinski küçəsi 57 və 59 ünvanlarında 1200 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri, onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 6 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfaltdam örtüyü yenilənib elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 525 ədəd müxtəlif növ ağac və minlərlə kol əkilib, 4200 kvadratmetr sahədə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb. Bu sədlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə sədlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarların, söhbətgahların və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı həmişəyaşıl ağaclarla və digər bitkilərlə birlikdə havanın çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

Bizim həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

 

Azərbaycan.- 2022.- 5 oktyabr.- S.9.