Tovuzda Milli Qəhrəmandan bəhs edən sənədli filmin təqdimatı keçirilib

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun mövqelərini yaşayış məntəqələrini atəşə tutmuşdur.

Döyüşlərin üçüncü günündə düşmənin təxribat xarakterli hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev qəhrəmancasına şəhid olmuşdur. Dövlət başçısı İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi ilə bağlı sərəncam imzalamışdır.

İgid Azərbaycan oğlunun döyüşlərdə göstərdiyi şücaət mətbuat nümayəndələrinin nəzərindən yayınmamış, onun haqqında kütləvi informasiya vasitələrində dəfələrlə maraqlı məqalələr dərc edilmişdir. Bu yaxınlarda isə Milli Qəhrəman haqqında "Artilleriyanın atası" adlı sənədli film çəkilmişdir. Bu günlərdə Tovuz rayon Abulbəyli kənd Mədəniyyət Evində Tovuz Rayon İcra Hakimiyyəti Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə filmin təqdimatı keçirilmişdir.

Təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra filmin ssenari müəllifi rejissoru Kəmalə Musazadə çıxış edərək Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyası tərəfindən çəkilmiş filmdə Milli Qəhrəman İlqar Mirzəyevin keçdiyi döyüş yolundan bəhs etdiyini diqqətə çatdırmışdır. Rejissor onu da qeyd etmişdir ki, İlqar Mirzəyev Aprel savaşında göstərdiyi şücaətdən sonra döyüşçü dostları ona "Artilleriyanın atası" ləqəbini vermişdilər. Buna görə şəhidin bu ləqəbi filmin adı olaraq seçilmişdir.

Sonda "Artilleriyanın atası" sənədli filmi nümayiş etdirilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 5 oktyabr.- S.9.