Milli qəhrəmanın evində şəhid ailələri və qazilərlə görüş keçirilib

 

 

Naftalanda Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun evində şəhid ailələri və qazilərlə görüş keçirilib.

Görüşdə Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi igidliklərdən, Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqlarından söz açaraq adları Vətən tarixinə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyi diqqətə çatdırılıb. Onların gələcək nəsillərə örnək olduğunu vurğulayan icra başçısı, vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib, Vətən uğrunda sağlamlığını itirən qazilərə şəfa diləyib.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı Milli Qəhrəmanın həyat yoldaşı Rübabə Aslanova şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq dövlət başçısına öz dərin minnətdarlığını bildirmiş, şəhər rəhbərinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Qəhrəmanın ocağına toplaşmağın şəhid ailələrinə olan yüksək hörmət və ehtiramın bariz  nümunəsi olduğunu qeyd etmişdir.

Çıxış edən digər şəhid ailələrinin üzvləri belə görüşlərin mütəmadi olaraq davam etdirilməsini onlara göstərilən mənəvi dəstək və qayğı kimi qiymətləndirmişlər.        

Sonda Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 8 oktyabr.- S.8.