Vətən üçün yaşanan ömür

 

 

"Siz məni ölmüş hesab etməyin! "Şəhidlərə ölü deməyin!" deyən Allah bizə ölmədən əvvəl yerimizi göstərdi. Oranı görsən, sən də şəhid olmaq istəyərsən.

Sizi orada gözləyəcəm, canım ailəm!.."

Bu, mayor İlkin Əhədzadənin şəhadətə ucalmazdan əvvəl ailəsinə göndərdiyi məktubundakı son sözləridir...

Əbəs yerə deyilməyib ki, qəhrəman olmaq üçün elə qəhrəman kimi doğulmaq gərəkdir. Həyatda hər kəsin bir missiyası olduğu kimi, İlkinə də Vətən uğrunda silaha sarılmaq, bu haqq davamızda şücaət göstərmək nəsib oldu. Onun da adı tariximizə 30 illik işğala son qoyan qəhrəmanlarımızın sırasına yazıldı...

Hələ yeniyetmə ikən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olanda bəlkə də bu missiyasının fərqində idi. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək məqsədinə doğru daha bir addım da atdı. Cəsarəti və çalışqanlığı ilə həmişə yoldaşlarına örnək oldu, nümunəvi xidmətinə görə mükafatlar aldı, medallar, fəxri fərmanlarla təltif edildi. Ən əsası, yalnız ailəsinin, dostlarının deyil, hərbçi yoldaşlarının, tabeçiliyində olan əsgərlərin də ehtiram etdiyi, hörmət bəslədiyi insan idi mayor İlkin Əhədzadə.

İgidimiz 14 yaşında başladığı bu yolu 35 yaşında ən ümdə arzusuna çataraq başa vurdu, oktyabrın 1-i Murovdağ döyüşləri zamanı şəhid oldu...

 

 

 

Xoşbəxtliyi gözləmişik, xoşbəxtliyin içində biz...

 

 

 

İlkinin nəfəsinin hopduğu mənzildə - "xatirə otağı"nda həyat yoldaşı Gülsüm xanımla söhbətləşirik. Deyir ki, ailəli olduqları 12 il müddətində bircə dəfə də olsun könlümü qırmayıb: "Xoşbəxt olmuşuq, xoşbəxt idim onda mən. Hərbçi ilə ailə qurduğumu bilsəm də, bu qədər çətin olacağını düşünməmişdim. Ailə qurub Gəncəyə köçdük. Xidmətiylə əlaqədar onu hər gün görə bilmirdik. Amma Bakıya da qayıtmaq istəmirdim. Deyirdim, həftədə bir görüşürük, bu da bəsimizdir. Yaxşı ki, gəlməmişəm, yoxsa heç vaxt özümü bağışlamazdım..."

Şəhid xanımı deyir ki, hərbçi ömrü kənardan göründüyündən daha çətindir. İlkin evə gələndə o qədər yorğun olurdu ki, çox vaxt elə oturduğu yerdə yuxulayırdı. Bu zaman o, kənardan baxıb deyirmiş ki, "Ay Allah, sən bütün hərbçilərimizə güc-qüvvət ver".

İlkin çox gözəl ata idi. Hər 3 övladını həyatı qədər sevirdi. O məktub da bu sevgi, əsl atalıq duyğusu ilə yazılmışdı. Göz yaşlarına hakim ola bilməyən Gülsüm xanım hıçqıraraq: "İlkinə qədər elə düşünürdüm ki, heç kim mənim atam kimi yaxşı ola bilməz. Sən demə, varmış. Hər axşam yeməyində süfrə arxasında əyləşib onunla görüntülü danışardıq. Uşaqlar ailəmizi birlikdə görsünlər, darıxmasınlar deyə. Hər gün onların dərsləri ilə maraqlanar, bizi diqqətdən kənarda qoymazdı. Ona da razı idik, daha çətin sınaqlara da. Amma gərək birlikdə olaydıq. İndi isə qızlar nədənsə küsəndə, inciyəndə sakitcə bu otağa gəlib, atalarının şəkilləriylə dərdləşirlər..." deyir.

Şəhidimizin anası Asəmən xanım deyir ki, İlkin ailənin ilk övladı idi: "Onu min bir zəhmətlə böyütmüşük. Uşaqlıqdan qoçaqlığı, vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi. Heç nədən qorxmaz, gözünü qırpmadan özünü çətinliyə atardı. Özünü tanıyandan hərbçi olmaq istəyirdi. Təhsil, peşə yolunu da özü seçmişdi. Həmişə bununla fəxr edər, işindən qürurla danışardı. Amma torpaqlarımızın hələ düşmən tapdağında olması onu yaman incidirdi. Deyirdi ki, Qarabağ münaqişəsinin bizim dövrümüzdə həll olunmasını istəyirəm. Bizdən sonrakı cavanlar Vətən nisgili ilə yaşamasınlar, körpələrimiz ürəklərində bu kədərlə böyüməsinlər".

Şəhid anası bunları deyə-deyə gözlərini qapıdan çəkmir. Amma anlaya bilməyəcəyimiz bir toxtaqlıq var səsində. Digər şəhid analarımızda da bu məğrurluğun şahidi olmuşuq. Görünür, əsl qəhrəman anaları belə olurmuş...

 

 

 

"Ailəm sizə əmanət"

 

 

 

Şəhidimizin qardaşı Elvin Əhədzadə deyir ki, biz təkcə qardaş olmamışıq, həm də candaş, sirdaş olmuşuq. Münasibətimiz "qardaş" sözünə sığışmırdı: "Elə bir gün olmazdı ki, danışmayaq. Problemləri, çətinlikləri heç valideynlərimizin, ailələrimizin xəbəri olmadan məsləhətləşib birgə həll edirdik. Müharibənin başladığı gün mənə zəng edib dedi ki, birdən mənə nəsə olsa, ailəm sizə əmanət. Oktyabrın 1-i işdə nədənsə ürəyim birdən-birə sıxıldı. Nigaran idim, İlkinə 30 dəfə zəng etdim. Xəbər ala bilmədim. Oktyabrın 2-si saat 10-11 radələrində hərbçi yoldaşı mayor Nizami Ağayev zəng etdi ki, hazırlıqlı olun, sizə zəng gələcək. Vəziyyəti anladım, dizlərim taqətdən düşdü, yerə çökdüm. Kiçik qardaşıma hal-qəziyyəni çatdırdım, lakin valideynlərimizdən gizlətdik. Çünki bu xəbər gələndə qardaşımın nəşi hələ döyüş meydanından təxliyə edilməmişdi... Cəsarətli döyüş yoldaşları sayəsində qardaşımın cansız bədəninə belə olsa, qovuşduq".

Mayor İlkin Qələmşah oğlu Əhədzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

Gözün arxada qalmasın, şəhidim, torpaqlarımız artıq düşmən tapdağında deyil. Düşmən dədə-baba torpaqlarımızda daha heç vaxt at oynada bilməyəcək. Ruhun şad olsun.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2022.- 8 oktyabr.- S.8.