Regionlarda Zəfər forumları start götürdü

 

Oktyabrın 7-dən etibarən regionlarda Zəfər forumlarına start verilib. İlk forum Biləsuvar rayonunda təşkil olunub.

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksinin akt zalında keçirilən Zəfər forumunda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Cəbrayıl rayon icra hakimiyyətlərinin əməkdaşları, rayonun müxtəlif dövlət orqanlarının rəhbərləri, rayonlardan dəvət olunmuş şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, iştirakçıları və KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və torpaqlarımızın azadlığı yolunda şəhid olan igid oğullarımızın abidələrini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Forumda Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq forumun işinə uğurlar arzulayıb. İcra başçısı bildirib ki, xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 2020-ci il 27 sentyabr tarixində başlatdığı Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycanın Qələbəsi, Zəfəri ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət yerini tapdı. Bütün dünya tarixi ədaləti bərpa edən Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın və xalqımızın gücünü gördü. Təbii ki, bu gün gənc nəslin yetişməsində bu Qələbəni yazan qəhrəmanlarımızın həyatı örnək olmalı və bu sahədə vətənpərvərlik tədbirləri vaxtaşırı olaraq təşkil edilməlidir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd etdi ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixarqürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Vüsal Quliyev bildirdi ki, ölkəmiz 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarına qovuşdu, tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terror aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu Qələbəni bizlərə yaşadan isə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. 44 günlük qəhrəmanlıq savaşımız tarixboyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Haqqın şanlı Zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə, Ali Baş Komandana nəsib olmur.

Daha sonra forumda iştirak edən rayonlardan gələn milli qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib. Çıxışlarda qazanılan Qələbədən danışılıb, bu Zəfərin gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə işində xüsusi yet tutacağı və bu sahədə işin daha da gücləndirilməsinin önəmi vurğulanıb.

Sonda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevinci yaşatdığına görə Ali Baş Komandana dərin ehtiram bildirilib.

Tədbirdə şəhid ailələrinin üzvlərinə və qazilərimizə qələbəmizdən bəhs edən kitablar hədiyyə olunub, orkestrin müşayiəti ilə vətənpərvərlik mahnıları səsləndirilib.

 

Azərbaycan.-2022.- 8 oktyabr.- S.10.