Azərbaycanda qarşıdakı illərdə iqtisadi artım gözlənilir

 

Dünya Bankının ölkəmizlə bağlı proqnozu da müsbətdir

 

Dünyada siyasi qarşıdurmalar artdıqca, iqtisadi böhran dərinləşir. Rusiya-Ukrayna müharibəsi enerjiqida böhranına səbəb olub. Zəncirvari hərəkət edən iqtisadi dalğalanmalar beynəlxalq ticarətə öz mənfi təsirini göstərməkdədir.

Hazırda dünyada iqtisadi fəallıq sürətlə aşağı düşür. Xüsusilə Avropa ölkələrində enerji daşıyıcılarının qiymətinin yüksək olması üzündən bir çox müəssisələr istehsalı qismən və ya tam dayandırmağa məcbur olub. Enerji daşıyıcılarının dəyərinin yüksək olması eyni zamanda məhsulun bahalaşmasına təsir göstərir ki, bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salır.

ABŞ inflyasiyadan yayınmaq üçün dünyanın aparıcı valyutası olan dollarının indeksini yüksəldir. Bu da dünyadakı ölkələrin milli valyutalarına mənfi təsirsiz qalmır. Belə ki, dolların indeksi artdıqca, milli valyutalar dəyərini itirir, iqtisadi artımı azaldır, əhalinin alıcılıq qabiliyyətini zəiflədir.

Bir çox ekspertlər növbəti iqtisadi böhranın daha dərin və uzunmüddətli olmasından narahatdır. Çünki bu böhran iqtisadi səbəblərdən deyil, siyasi qarşıdurmalar üzündən baş verir. Bu səbəbdən qarşı-qarşıya gələn beynəlxalq güclər arasında razılığın əldə edilməsi vacibdir. Belə olmasa, böhranın qarşısını almaq mümkün olmayacaq. Hazırda görünən odur ki, tərəflər arasında barışığın əldə olunması mümkün deyil, əksinə, getdikcə gərginlik artmaqdadır.

Dünyanın tanınmış ekspertlərinin yekdil rəyi odur ki, bu gərginlik uzun müddət davam edəcək və dünyanı daha dərin böhrana gətirib çıxaracaq. Türkiyənin Akdeniz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mustafa Yıldıran da bu fikirdədir. O, dünya iqtisadiyyatının qarşıdakı dövrdə baş verəcək çətinliklərini təhlil edərək deyir: "Qarşıda dünya iqtisadiyyatını ən ağır dövrlərdən biri gözləyir. Çünki bütün dünyada faiz artımlarına gedildiyi üçün durğunluq gözləntisi var. Xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda - Avropa İttifaqı ölkələri, ABŞ və Çin iqtisadiyyatında bir durğunluq var. Faiz artımları inflyasiya artımlarından sonra meydana gəldi. Bu durğunluq artdıqca, böhran ssenariləri də artır. Xüsusilə Aİ ölkələri ilə Rusiya arasındakı münasibətlərdə gərginliyin artması dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Savaş başlayanda neft qiymətləri 120 dollara yüksəldiyi halda, bu ərəfədə 88 dollara qədər düşüb. Dünya iqtisadiyyatında enerji üzərindən yaşanan rəqabət və gərginliklərin davam edəcəyini deyə bilərik. İnflyasiya, durğunluq, enerji qiymətlərində gərginlik bizi 1970-ci illərdəki neft böhranı vəziyyətinə aparır. Bu isə staqflyasiyaya yol açır. Staqflyasiya inflyasiyaişsizliyin eyni anda baş verməsi halını ifadə edir. Bu da iqtisadi təhdiddir. Rusiya-Ukrayna savaşı atəşkəslə, yaxud barış görüşləri ilə sonlanarsa, bu, dünya iqtisadiyyatındakı durğunluğun şiddətini nisbətən azalda bilər. Amerika Mərkəzi Bankının faiz artımını dayandırması da dünya iqtisadiyyatındakı durğunluğun aradan qalxmasına kömək edə bilər. 2023-cü ilin ilk rübünə qədər durğunluq gözləntisi yüksəkdir".

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunub. Odur ki, qlobal iqtisadiyyatda baş verən mənfi tendensiya ölkəmizdən də yan keçmir. Biz bunu pandemiya dövründə aydın gördük. Onu da qeyd edək ki, həmin dövrdə dövlət tərəfindən vaxtında görülən təsirli tədbirlər sayəsində ölkəmiz bu böhrandan ən az itki ilə çıxdı. İqtisadiyyatımızın hazırkı tempi onu göstərir ki, ölkəmiz bu böhrandan da minimum itkilərlə çıxa biləcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın dayanıqlı olması üçün ölkəmizdə fundamental islahatlar aparılıb. Bunun nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə inkişafa nail olunub, üstəlik, yeni sahələr də yaradılıb. Xüsusilə qeyri neft-qaz sektorunun inkişafı ilə bağlı aparılan islahatlar uğurlu olub.

Azərbaycanda icra edilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki görülən işlər sayəsində ölkə iqtisadiyyatı hərtərəfli inkişaf edərək enerji gəlirlərindən asılılıq xeyli dərəcədə azalıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın oktyabr sayında bildirilir ki, sentyabrda qeyri-neft sektoru üzrə ixrac ötən ilin doqquz ayı ilə müqayisədə 17 faiz artıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard dollar təşkil edib ki, bunun da 2,1 milyard dolları qeyri-neft sektorunun payıdır.

Cari ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminiumondan hazırlanan məmulatların ixracı 38, qara metallaronlardan hazırlanan məmulatların ixracı 20,7 faiz artıb.

Aqraraqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon dollar olub. İlin 9 ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artıb.

Sentyabr ayında ölkənin ümumi ixracı 3,3 milyard dollar olub ki, bunun 231,2 milyon dolları qeyri-neft sektoruna aiddir. Ay ərzində yeyinti məhsulları üzrə ixrac 7,4 faiz artaraq 49,7 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 1,7 faiz artaraq 181,6 milyon dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkədə 84880,4 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. Həmin dövrdə sənayenin qeyri neft-qaz sektorunda 10,3 faiz artım qeydə alınıb.

Dünya Bankının (WB) ölkəmizin iqtisadi inkişafı ilə bağlı verdiyi növbəti proqnoz da nikbindir. Dünya Bankı Azərbaycanda ümumi daxili məhsul  istehsalının bu il 4,2 faiz, gələn il isə 2,8 faiz artacağını proqnozlaşdırır. Bu barədə bankın "Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə" hesabatında bildirilib. Sənədə əsasən, bu, Dünya Bankının iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 1,5 faiz və 0,6 faiz çoxdur. Dünya Bankı həmçinin 2024-cü ildə Azərbaycan iqtisadiyyatının 2,6 faiz böyüyəcəyini gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,3 faiz bəndi çoxdur.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.6.