Misirli professorun Aida İmanquliyeva haqqında tədqiqat əsəri böyük maraq doğurub

Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva haqqında Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi adlı kitabım Misir və digər ərəb ölkələrində elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərsəyə gələn bu tədqiqat əsəri bir çox universitetlərin kitabxanalarına təqdim olunub.

Bunu barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində kitabın müəllifi misirli alim, professor Raşa Ğanim deyib.

Ərəb Mütəfəkkirləri Evi nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın müqəddimə hissəsində azərbaycanlı qadın şərqşünasın ərəb dünyasının ədəbi mühiti haqqında elmi tədqiqatlarının heyrətamiz dərəcədə yüksək səviyyəsindən bəhs edilib. Əsər üzərində işlədiyim zaman Aida İmanquliyevanın Yeni ərəb ədəbiyyatı korifeyləri fundamental monoqrafiyasının təhlilini aparmaq çox maraqlı oldu. Qeyd etməliyəm ki, azərbaycanlı şərqşünas ərəb ədəbiyyatında modernləşmə cərəyanını yüksək peşəkarlıqla araşdırıb, məhcər ədəbiyyatı nümunələrini dərinliyi ilə tədqiq edib, ərəb ədiblərinin yaradıcılığında liberal meyilləri və ənənəvi yaradıcılıq üslubuna xas olan əsərlərin xüsusiyyətlərini üzə çıxarıb. Onun bu əsərinin ən görkəmli ərəb filoloqlarının tədqiqatları ilə eyni səviyyədə olması diqqətimi cəlb etdi. Düşünürəm ki, bu səviyyədə bir monoqrafiya yazmaq üçün ərəb dilinə və ədəbiyyatına böyük sevgin olmalıdır, - deyə misirli alim vurğulayıb.

Raşa Ğanim əlavə edib ki, Aida İmanquliyevanın Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən AsiyaAfrika ölkələri xalqları ədəbiyyatları ixtisası üzrə müdafiə şurasının sədri, SSRİ dövründə Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü kimi fəaliyyəti, eyni zamanda, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuması görkəmli alimin ərəb filologiyası üzrə yüksək peşəkarlığının göstəricisidir. O, həmçinin Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir.

Misirli professor sonda deyib: Qafqaz və Mərkəzi Asiyada ərəb ədəbiyyatını, xüsusən onun müasir cərəyanlarını ən yüksək səviyyədə tədqiq edən ikinci bir şərqşünas alim tapmaq çətindir. Bu gün görkəmli alimin 83 illiyi tamam olur. Qısa, lakin çox mənalı həyat yolu keçmiş Aida İmanquliyevaya Uca Allahdan rəhmət diləyir, onun zəngin elmi fəaliyyətinin azərbaycanlı gənc şərqşünaslar üçün həmişə örnək olmasını arzu edirəm.

 

Azərbaycan.- 2022.- 11 oktyabr.- S.9.