Ata-Beyit Milli Tarixi-Memorial Kompleksini ziyarət

 

Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə Ata-Beyit Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Dövlətimizin başçısı görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoydu.

Məlumat verildi ki, Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilən Ata-Beyit Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də açılıb. Memorial görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə Ata-Beyit - Ataların məzarlığı adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan Urkun abidəsi də var.

 

Azərbaycan.- 2022.- 12 oktyabr.- S. 2.