Azərbaycan-Qırğız münasibətləri yeni inkişaf mərhələsindədir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri ictimai rəydə rəğbətlə qarşılanıb.  Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə geniş əlaqələri olub.

İstər Qazaxıstan, Özbəkistan, istərsə də Türkmənistanla münasibətlər məzmunca çoxşaxəli olması ilə yanaşı, həm də milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın  daim inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-Qırğızıstan münasibətləri

 

Azərbaycanla Qırğızıstan arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.  Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü  və "Manas" eposunun 1000 illiyinə həsr  olunmuş  tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfərindən sonra ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Cari il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb.

Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri çərçivəsində ikitərəfli danışıqlar aparıb, həmçinin Dövlətlərarası Şuranın I iclasında iştirak edib. Daha sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərəsimi olub. Prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər.

Azərbaycan Prezidentinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, habelə Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı olub. Dostluq parkının açılışı zamanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov demişdir: "Cari ildə Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqət və dəstəyi sayəsində mümkün olub.

Hörmətli İlham Heydər oğlu, Sizin ölkənin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir".

Səfər zamanı Prezident İlham Əliyev Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılmasını özündə əks etdirən "Ata-Beyt" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib, abidənin önünə əklil qoyub.

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə kompleks "Ata-Beyt" - "Ataların məzarlığı" adlandırılıb.

Dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub. 

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

 

İki ölkənin əlaqələri dinamik inkişaf edir

 

Hazırda Qırğızıstanda təxminən 20 mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti 1920-1930-cu illər bolşevik repressiyalarında bu ölkəyə sürgün olunanlarya onların övladlarıdır. İki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulmuşdur. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ulu Öndər Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin görüşü keçirilmişdir. Heydər Əliyev daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gediborada qırğızıstanlı həmkarı ilə görüşüb. 11 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında  protokol imzalanıb.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycan Prezidenti Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı 2003-cü il dekabrın 10-da Qırğızıstan Prezidenti  Əsgər Akayevlə görüşüb. Görüş zamanı Qırğızıstan Prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq qeyd edib ki,  biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq. 2004-cü il iyunun 2-də Qırğızıstanın müdafiə naziri E.Topoyev Bakıda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan və Qırğızıstan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının  Zirvə görüşü keçirilib. Zirvə görüşünün sonunda prezidentlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və Zirvə toplantısının yekunu olaraq Naxçıvan Bəyannaməsini imzalayıblar. 2013-cü il avqustun 15-16-da  Qırğızıstan Respublikasının Prezidenti Qəbələ şəhərində keçirilən TDƏŞ-nin Zirvə görüşündə iştirak etmişdir. Prezident İlham Əliyevin 2016-cı ildə Bişkekə səfəri Qırğızıstan-Azərbaycan ikitərəfli münasibətləri tarixində ən əhəmiyyətli görüş hesab edilir. Bu görüş iki ölkə arasında  iqtisadi, siyasi, elmi-texniki, gömrük sahələrində əməkdaşlığa yeni təkan verib. İllərdir ki, hər iki respublika  İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər.  2004-cü il oktyabrın 29-da  BMT Baş Məclisinin 59-cu sessiyasının  46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ernənistan-Azərbaycan, Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəlkləyib, münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azətbaycan arasında atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb.

Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı  faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş  və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 13 oktyabr.- S.8.