Ali qardaşlıq

 

 

Türk Dövlətləri Təşkilatı (əvvəllər Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlikortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır. Məmnunluq doğuran odur ki, təşkilat yarandığı gündən türkdilli dövlətlər arasında münasibətlər ildən-ilə yeni inkişaf mərhələsinə qədəm qoyur və əlaqələr konkret mexanizmlər üzərində inkişaf etdirilir. Bu inkişafın davamlı və səmərəli olmasında Azərbaycan rəhbərinin xüsusi rolu var.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixdə Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, 2019-cu il oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının Zirvə görüşü Azərbaycanda keçirilib. Burada həmçinin Türk Şurasının 10 illik yubileyi qeyd olunmuşdur. Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv olaraq təşkilata qatılmışdı. Azərbaycan türkdilli dövlətlərin birliyi və bərabərliyinin siyasi, iqtisadi, sosial münasibətlər cəhətdən daha da gücləndirilməsi istiqamətində dəyərli xidmətlər göstərmişdir.

Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasiiqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyəti xüsusilə önəmlidir.

Xatırladaq ki, 2020-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə təşkilatın videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Bu toplantı son dövrün ən aktual məsələsi olan koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Qeyd etmək lazımdır ki, bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşüb.

Tədbirdə ölkə rəhbərlərinin qəbul etdikləri qərara əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqamətində səylərin birləşdirilməsi məqsədilə 2020-ci il aprelin 28-də Türk Şurasının səhiyyə nazirlərinin, aprelin 30-da Türk Şurasının nəqliyyat sahəsi üzrə nazirlərinin, mayın

6-da üzv ölkələrin iqtisadiyyat nazirləri və gömrük idarələri rəhbərlərinin və mayın 7-də miqrasiya sahəsindəki dövlət qurumu rəhbərlərinin toplantıları videokonfrans vasitəsilə keçirilib. Bu toplantılar çərçivəsində böyük platforma olaraq Azərbaycan Prezidentinin yaratdığı və təşəbbüskarı olduğu bu mexanizmin nə qədər səmərəli, vacibböhran dövrünün idarə edilməsi üçün nə qədər əhəmiyyətli olduğu bir daha ön plana çıxıb.

Ümumiyyətlə, türkdilli ölkələr arasında əlaqələr ildən-ilə inkişaf etməkdədir. Onları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Məlumdur ki, türkdilli dövlətlər coğrafi-strateji baxımdan dünyanın əhəmiyyətli bölgəsində yerləşir. TÜRKSOY-un ardından Türk Şurası və TÜRK PA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyətinə önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır, ticarət və investisiya imkanlarının möhkəmlənməsinə kömək edir.

Türk Şurasının təşkilatçılığı ilə dövlət başçılarının Zirvə görüşü 2013-cü ildə Qəbələ şəhərində keçirilmişdir. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər mühüm körpü rolu oynadığının bariz nümunələrindən biridir. Ortaq tarix, ortaq dil, ortaq kimlikortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş bu təşkilat özünü bunlarla məhdudlaşdırmır. Daha doğrusu, təşkilat ona üzv olan dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər sahələr kimi mövcud olan ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda vermək üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat həmçinin tarixi İpək yolunun bərpası, regional türk diaspor mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.

Eyni zamanda Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatlar da ölkələrimiz arasında elm, təhsil və mədəni-humanitar əlaqələrin inkişafına böyük töhfələr verir. Bu təşkilatlar vasitəsilə türkdilli ölkələr həm öz milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir güc kimi təmsil olunurlar. Buna görə bu birliyin nüfuzunun artması  zamanın tələbinə çevrilmişdir.

Qeyd olunanlarla yanaşı, qardaş türk respublikaları - Özbəkistan və Türkmənistanla olan əməkdaşlığın genişləndirilməsi də çox əhəmiyyətlidir. Əlbəttə, bu könüllü olmalıdır. Qeyd etmək lazımdır ki, türkdilli ölkələrin dövlət başçılarının 2018-ci ilin sentyabr ayında Qırğızıstanda keçirilmiş Zirvə toplantısında təxminən 20 illik fasilədən sonra Özbəkistan dövlət başçısı səviyyəsində iştirak etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Macarıstan Türk Şurasında müşahidəçi statusu almışdır. Macarıstanın Baş naziri Viktor Orban da Qırğızıstanda keçirilən Zirvə görüşünün iştirakçısı olmuşdur. Artıq bu ölkələrin təmsilçiləri Türk Şurası və TÜRK PA-nın toplantılarında müşahidəçi və qonaq qismində iştirak edirlər. Bu fəaliyyətlər gələcəkdə qardaş ölkələrin türk əməkdaşlıq qurumlarında tamhüquqlu üzv kimi iştirak etmələri üçün əlverişli zəmin yaradır.

Türkdilli dövlətlərin regionda sabitliyinsülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qətnamələrindən irəli gələn məsələlərin türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul edilməsi kimi məsələləri də vurğulaya bilərik. Burada keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır. Münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ən tez zamanda həllinin vacibliyi bütün Zirvə toplantılarının qəbul etdiyi qətnamələrdə xüsusi vurğulanmışdır. Bunu Azərbaycanın uğuru, eyni zamanda türkdilli dövlətlər tərəfindən ölkəmizin haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri töhfə və həmrəylik kimi də qəbul edə bilərik.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə onun həm nüfuzu, həm də gücü daha da artıb. 2020-ci il bütün türk dünyası üçün həqiqətən də əsl Zəfər ili olub. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi türk birliyini daha da möhkəmləndirib. Ötən illər ərzində Türk Şurası son dərəcə səmərəli fəaliyyət göstərib və türk dövlətləri arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yönümündə böyük nailiyyətlər qazanıb. 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra Azərbaycan bu təşkilata sədrlik edib. Zirvə görüşündə xüsusi olaraq qeyd edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar, hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası, Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Digər tərəfdən də Azərbaycan Prezidenti İlham Əliyev bütün türkdilli dövlətlərlə dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkəmizin geosiyasi mövqeyi imkan verir ki, Orta Asiyanın türkdilli dövlətləri ilə Avropa ölkələri arasında logistik dəhlizlər yaratmaqla, iqtisadi əlaqələri daha da genişləndirsin. Türkdilli dövlətlərin birliyi istiqamətində səylərin  son illər daha da intensivləşdirilməsi isə bu birliyin zəruriliyi ilə şərtlənir.

Türk Şurasının Zirvə görüşündə qeyd edildiyi kimi, Azərbaycanın  Ermənistan silahlı birləşmələri üzərində tarixi qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivlərinə açılmış pəncərədir. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki  çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini diqqətə çatdırıb: "Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Beləcə bu layihələr bütün digər ölkələr üçünyeni, əlavə imkanlar yaradacaq."

Hazırda bölgələrdə həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, şimalla cənubu bir-birinə sıx bağlayır. Türk əməkdaşlıq qurumları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edirlər. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş VIII Zirvə görüşündə dünyanın siyasi sistemində önəmli platformaya çevrilməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edildi. Tarixi İstanbul Zirvə görüşündə olduqca mühüm olan "Türk dünyasına baxış - 2040" konsepsiyası qəbul edilmiş və liderlər arasında bəyannamə imzalanmışdır. Bu Zirvə görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olunmuşdur.

Görünən odur ki, siyasi əlaqələrlə yanaşı, türk dövlətlərini bir-birinə bağlayan iqtisadi əlaqələr də hər zaman gündəmdədir. Odur ki, bu ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir, ticarət əlaqələri genişlənir. Hazırda türkdilli ölkələrdə enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr təbii ki, türk dünyasına tərəqqi və inkişaf gətirir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.21.