Diplomatik zəka

 

Azərbaycanın Zəfər diplomatiyası dünyanın mövcud olduğu dərin böhrandan regional və qlobal inkişaf trayektoriyasına çıxaracaq yolları göstərir. Prezidentin son zamanlar həyata keçirdiyi tarixi səfərlər beynəlxalq münasibətlərdə otuz ilə bərabər intensiv diplomatik dinamikaya təkan verib.

Formalaşan yeni dünya nizamına şimal və cənubdan, şərq və qərbdən, AvropaAsiyadan müşahidə edilən geosiyasi proseslər beynəlxalq münasibətlər sistemində mənfi tendensiyaların çarpaz effektli gərgin nəticələrini daha da artırmaqdadır. Prezident İlham Əliyevin qısa zaman fasilələri ilə Orta Asiya respublikalarına, Qazaxıstana və Qırğızıstana, eləcə də Bolqarıstana rəsmi dövlət səfərləri, son Praqa görüşləri, Avropa Birliyinin yüksək rəhbərləri ilə ardıcıl təmasları, Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı, həmçinin müxtəlif dövlət başçılarının ölkəmizə səfərləri yerlixarici medianın gündəmində özəl xəbərlər sırasındadır.

Dövlət başçısının səfərlərinin qlobal diplomatik gündəmi təşkil etməsinin səbəbləri çoxdur. İlk sırada qeyd edə bilərik ki, Azərbaycanın zəfər diplomatiyası dünyaya mövcud olan dərin böhrandan regionalqlobal inkişaf trayektoriyasına çıxaracaq yolları göstərir. Bu səfərlər müstəqillik tariximizdə dövlətlərarası diplomatik münasibətlərin sona çatan 30 illik mühüm bir mərhələsinə yekun vurmaq, qarşıdakı yeni fazanın başlanğıcını, əsas hədəflərin müəyyən edilməsi baxımından hələ uzun müddət dərin, hərtərəfli təhlillərin mövzusu olacaq.

Digər tərəfdən beynəlxalq vəziyyətin getdikcə təlatümlü, "turbulent fazaya" daxil olması dövlətlərdən strateji sabitliyin təmin edilməsi və yeni, ədalətli dünya nizamının yaradılması üçün daha da intensiv aktiv fəallıq tələb edir. Burada isə başlıca şərt siyasi liderlərin mövcud mürəkkəb çağırışları önləyə biləcək siyasi təfəkkür və fəhmə malik olmasıdır.

 Prezidentin son diplomatik fəaliyyəti AvropaAsiya kimi kontinental coğrafiyanı bütünlükdə əhatə etməkdədir. Brüssel, Sofiya, Praqa, Moskva, Bişkek, Astana və digər şəhərlərdə müzakirə edilən məsələlərin son dərəcə zəngin gündəmi miqyas və əhatəliliyi, ən vacibi, taleyüklü məzmunu baxımından geniş tədqiqatların mövzusudur. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi ilə başlayan diplomatik təqvim bir an belə səngimədən davam edir.

Səfərlərin tarixi əhəmiyyəti sarsılmaqda olan mövcud beynəlxalq münasibətlər fonunda Azərbaycan Prezidentinin qarşılıqlı faydalı, regionalmilli təhlükəsizliyi təmin etməyə yönəlmiş təşəbbüsləri ilə qat-qat artmaqdadır. Bu reallıq - hər bir böhranı imkana çevirmək dahi liderlərə xas keyfiyyətdir - kimi məlum olan aksiomanı bir daha təsdiqləyir.

Orta Asiya özünəməxsus milli maraqlara və dəyərlərə malik nadir geosiyasi məkandır. Orta Asiya ölkələri tarix, etnik-mədəni və dini baxımdan türkdilli dövlətlərlə bağlıdır. XX əsrin sonu, XXI əsrin ilk onilliklərində beynəlxalq münasibətlər sisteminin uzun sürən transformasiyası dövründə bu region Şərqlə Qərbi birləşdirən qədim və cari yüzillikdə yenidən dirçəldilən İpək yolunun kəsişməsində strateji geosiyasi statusuna görə məxsusi yer tutur. Bölgə bir tərəfdən ən zəngin neftqaz, təbii və humanitar ehtiyatları, digər tərəfdən isə Cənubi Asiya və Yaxın Şərqdəki qonşu ölkələrin inkişaf problemlərinin kövrəkliyi ilə tanınır. Təsadüfi deyil ki, bu region dünyada mövcud olan geoiqtisadi rəqabətdə "Tarixin coğrafi oxu" - "Heartland" adlanan məkanı, "Avrasiya Balkanları" hesab edilən strateji qovşaqdır. Dinamik inkişaf edən region strateji Avrasiya marşrutlarının kəsişməsində yerləşir və böyük iqtisadi potensiala malikdir. Onun ən qiymətli mineral ehtiyatları və əlverişli geostrateji mövqeyi dünya bazarına çıxmaq üçün hər cür əsas yaradır. Orta Asiyanın davamlı dinc inkişafı beynəlxalq tranzit marşrutlarının və qlobal enerjisiyasi təhlükəsizlik sisteminin inkişafına yol açır.

Müasir dünyanın transformasiyasının mürəkkəb reallığı enerjilogistik məkanda rəqabəti əlavə katalizatora çevirib. Qlobal qüvvələr nisbətinin hazırkı gərgin rəqabəti şəraitində Zəfər tarixini yazan Azərbaycan Prezidenti bölgəyə səfər etməklə qısa zamanda, geoiqtisadi vurğuları həm Azərbaycanın, həm də Orta Asiya ölkələrinin milli maraqları, buradan isə nəhəng Avrasiyada enerji təhlükəziliyi üzərinə keçirməyə qadir olub.

Dövlət başçımızın istər Orta Asiya, istərsə də Avropa ölkələrinə son dövrdə həyata keçirdiyi rəsmi səfərləri tarixi hadisəyə çevirən olduqca geniş amillər mövcuddur. Səfərlərin ilkin yekunlarının təhlili göstərir ki, Orta Asiya üzərində qlobal güclərin gərgin rəqabəti fonunda türkdilli dövlətlərinin geosiyasi seçimi Zəfər yazan Azərbaycandır.

Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın qəbul etdiyi qarşılıqlı diplomatik qərarlar, daha sıx və dərin əlaqələrin qurulması yönündə siyasi əzmkarlığı, dünyada yaşanan problemlərə onların qlobal arenada ortaq mövqeləri göstərdi ki, türkdilli xalqların münasibətləri təkcə müttəfiqlik xarakteri daşımır. Onlar beynəlxalq siyasətdə və dünya iqtisadiyyatında məsələlərə bənzər baxışlardan, ən vacibi, atılacaq addımlarla bağlı geosiyasi, iqtisadi, mədəni və mənəvi həmrəylikdən qaynaqlanır. Prezident İlham Əliyevin Avropa və Asiyanı savaşan qütblər deyil, kontinental barışın məkanına çevirəcək, türkdilli dövlətlərin nüvəsini təşkil edəcək təşəbbüsləri, məhz yeni dünya düzəninin formalaşmasında əsas oyunçu statusunu qazanması böyük tarixi əhəmiyyətə malikdir.

Bütövlükdə, dövlət başçımızın Şərq və Qərbin yeni dünya nizamında geosiyasi, iqtisadi, logistik və kommunikasiyanı çoxşaxəli inkişaf məkanı etməyə qadir strateji bağları möhkəmləndirməsi, şübhəsiz ki, ən qısa müddətdə öz qlobal bəhrəsini verəcək. Kontinental diplomatik mərkəzlərin siyasi liderlərinin son aylarda Azərbaycana münasibətdə müşahidə olunan, getdikcə yüksələn diplomatik fəallığı onların üzləşə biləcəkləri mühüm çağırışlar və siyasi xaos astanasında strateji müttəfiq, etibarlı tərəfdaş seçimini artıq etdiklərini təsdiqləyir. Zəfər tariximiz diplomatik müstəvidə ardıcıl qələbələrlə davam edir.

Qlobal geosiyasiiqtisadi böhranın getdikcə gücləndirdiyi çağırışlar Azərbaycanın Zəfər diplomatiyasına, güvənli müttəfiqliyinə, sarsılmaz birliyin "dəmir yumruq" modelinə danılmaz ehtiyac yaradıb.

 

Tahirə ALLAHYAROVA,

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.18.