İkiəsrlik erməni ideologiyasına qalib gələn sərkərdə

 

 

Ermənilərin tarixi torpaqlarımıza köçürülməsindən iki əsrə yaxın vaxt keçir... Elə başımıza gələn bəlaların tarixioradan başlayır. Yurdsuzlar yerimizə, yurdumuza sahiblənəndən sonra daha böyük iştaha düşdülər. "Dənizdən-dənizə böyük Ermənistan" yaratmağı xəyal etdilər... İki əsrə yaxındır ki, bu xam xəyallarını gerçəkləşdirmək üçün başımıza gətirmədikləri oyun qalmadı... Ən sonuncusunu isə XX əsrin axırlarında indiki Ermənistandan azərbaycanlıları bütünlüklə deportasiya etməklə, Qarabağda insanlığa sığmayan vəhşiliklər törətməklə, torpaqlarımızın 20 faizini işğal etməklə tamamladılar...

Hər şeyin bir sərhədi olsa da, erməni vəhşiliyinin, erməni ağılsızlığının sərhədi olmadı. Yolunu azmış  düşmən yalnız torpaqlarımızın sərhədlərini keçməmişdi, insanlıqlarını da itirmişdi. Bütün siyasi, diplomatik qayda-qanunları pozub, sözün həqiqi mənasında, qazandıqları müvəqqəti qələbənin eyforiyasına uyan ermənilər bizə meydan oxuyurdular. Düşmən hərb meydanında üstünlüklərini keçilməz dəmir-beton istehkamlarla möhkəmləndirir, yeraltı tunellər tikir, torpaqlarımızda dünyanın gözü qarşısında beynəlxalq qanunlara məhəl qoyulmadan məskunlaşma aparırdı. Tarixi yerlərin adı dəyişdirilir, min illərin yadigarı olan abidələr ya məhv edilir, ya da saxtalaşdırılırdı. Bizi qıcıqlandırmaq üçün babalarımızın at çapıb, qılınc oynatdığı qəhrəmanlıq meydanlarında şənliklər qurulur, millətimizə qarşı qəzəb və nifrət, həqarət püskürərək, mənəm-mənəmlik edirdilər… Düşmən o qədər harınlamışdı ki, qarşısındakının nə gücünü, nə dəyərini, nə də nəyə qadir olduğunu qiymətləndirə bilmirdi

Erməni baş naziri, özü ilə eyni səviyyədə olan bir qrup nadanın önündə özünün qəhrəman obrazını yaratmaq məqsədilə sələflərindən də irəli gedərək "Qarabağ Ermənistandır və nöqtə" dedi. Bununla da hadisələr pik həddə yüksəldi. Münaqişənin siyasi danışıqlar yolu ilə həllinə olan ümid sabun köpüyü kimi partladı. Çox çəkmədi ki, erməni  baş nazirinə nüfuzlu "Valday" sammitində Azərbaycan Prezidenti tərəfindən tutarlı cavab verildi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Bu həm də ermənilərin havadarlarına verilən cavab idi. Əgər qarşı tərəf ağıllı siyasətçi olsaydı, deyilən sözün, qəzəbin ifadə formasından güzəştin olmayacağını duymalı idi. Əslində ermənilər 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusundan aldığı cavabdan nəticə çıxarmalıydı.

2020-ci il həyatımıza pandemiya, taclı virusla mübarizə ili kimi daxil oldu. Yaddaşımıza isə uzun müddət həsrətində olduğumuz Qələbə möhürünü vuran Zəfər ili kimi yazıldı. Mənfurlar həmin ilin isti yay günlərində əsəblərimizi test etmək niyyətinə düşdülər. Bu dəfə bir qədər də irəli gedərək Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan Tovuz rayonunda sərhədlərimizə təcavüz etdilər. İgid generalımız, əsgər və zabitlərimiz şəhid olduXalq meydanlara çıxıb, yumruğunu düyünləyib, qəzəb püskürdü. Gənclərimiz "Ya Qarabağ, ya ölüm" dedilər… Hərbi səfərbərlik idarələrinə axışan gənclər "Cənab Ali Baş Komandan, əmr ver, döyüşək!" dedilər.

Prezident İlham Əliyev  düşmənə və onun havadarlarına sentyabrda dərs verməkdə qərarlı idi. Bəli, sözün bütün mənalarında böyük bir dərs... 44 günlük Vətən müharibəsinin gedişi zamanı dövlət başçısı İlham Əliyevin idarəçiliyinin bir məktəb olduğunu, ondan öyrənilməli, əxz edilməli çox məsələnin olduğunu bütün dünya gördü. Vətən və millət üçün bu ağır günlərdə Prezident İlham Əliyev apardığı siyasətlə, göstərdiyi fədakarlıqla millətin gözündə müqəddəsləşdi. Millət öz seçimində səhv etmədiyini, taleyini etibar etdiyi liderin əvəzolunmazlığını, xalqı, dövləti yolunda nələr etdiyini və nələrə qadir olduğunu gördü. Xalq düşmənə yönəlik qəzəbi, qətiyyəti, ordusuna olan inamı gördü. Bu ağır günlərdə "Xalq Prezident - Prezident Xalq" tandemi yarandı...

27 sentyabr 2020-ci il. Düşmən tərəfi bütün cəbhə boyu ağır artilleriyadan istifadə edərək ordumuzun yerləşdiyi əraziləri və dinc əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutdu. Yağının qorxutmaq, yeni ərazilər zəbt etmək, qan tökmək, özünü göstərmək niyyəti vardı... Amma yanılırdı. İndi nə Azərbaycan Ordusu 90-cı illərin özfəaliyyət dərnəyinə bənzər ordu idi, nə də qarşısındakı Ali Baş Komandan o illərin komandanı idi

Xalq 27 sentyabr səhərini müharibə xəbəri ilə açdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı dərhal xalqın önünə çıxıb düşmənin xain həmləsi barədə məlumat verdi. Yumruğunu qətiyyətlə düyünləyib, düşmənə layiqli cavab veriləcəyini əminliklə bildirdi. O qədər əzmkarlıqla danışdı ki, deyilən hər kəlmə, söylənilən hər bir fikir hamının ürəyindən oldu. Xalq qarşısında əsl sərkərdəni, çoxdan arzuladığı güclü Sərkərdə obrazını gördü. Aparılan tədbirli siyasət, görülən işlər elə döyüşün ilk anındaca qəhrəman əsgərlərimizin misilsiz şücaəti nəticəsində öz bəhrəsini verdi. Müharibənin ilk günündən əldə olunan üstünlüklər, qələbə müjdəli xəbərlər öz ordusunu qurub, əsgərləri qələbəyə aparan bir sərkərdənin xalqın qəlbində yenilməz obrazını yaratdı. Prezident vətəndaşının düşündüyü kimi düşünür, onun başa düşdüyü dildə danışır, işlətdiyi ifadələri işlədirdi. Düşməndən alınan hər qarış torpaq haqqında xalqına dərhal şəxsən özü məlumat verirdi.

Müharibə təkcə Qarabağda, döyüş meydanında getmirdi. İnformasiya cəbhəsində, diplomatik sahələrdə də düşmən hücuma cəhd edirdi. Pulla satın alınmış, erməni lobbisinin təsir dairəsində olan, azad söz, azad mətbuat pərdəsi ilə  demokrat mantosu geymiş bəzi media təmsilçiləri ölkəmizə hücum çəkdilər. Bu müddətdə biz Prezident İlham Əliyevin təkcə ordunun deyil, həm də informasiya cəbhəsinin Ali Baş Komandanı olduğunun, bütün sədləri məntiqlə yarıb keçməyi bacardığının şahidinə çevrildik. Hətta bəziləri dəmir məntiq, dəmir iradə, müqayisə oluna bilməyəcək elmi potensiala malik bir siyasi xadimlə üzləşdiklərini, dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qaldı. Düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qəhrəmanlığı ilə birgə Müzəffər Ali Baş Komandanın qətiyyəti qırırdı.

Müzəffər Ali Baş Komandanın hər çıxışı, hər sözü onun ordusunun əsgərlərinin dilində bir şüara çevrildi. Əsgərlərimizin döyüş ruhunu artırdı. Qələbə əzminə əzm qatdı. Əsgər ordunun  başında iradəli bir sərkərdənin durduğunu gördü, hiss etdi. Bu da onu qələbəyə həvəsləndirdi.

Biz 44 günlük müharibədə  xalq tərəfindən seçilən, öz xalqına güvənən və ondan güc alan bir liderin qətiyyətini, inamını, gücünü, analitik təhlil bacarığını, dəmir məntiqini, dünya liderləri arasında siyasi çəkisini və nüfuzunu gördük. Ən çətin anlarda doğru və dəqiq qərar vermək qabiliyyətinin, eyni zamanda dövlətlərarası münasibətdə şəxsiyyətin rolunun bir daha şahidi olduq.

Müzəffər Ali Baş Komandan dəfələrlə qeyd edib ki, 44 günlük müharibənin qəhrəmanı ön cəbhədə döyüşən, cəsarəti, vətən sevgisi, namusu, qeyrəti ilə silahlanıb düşmənin canına vəlvələ salan, torpağı geri qaytaran əsgər və zabitlərimizdir. Bu müharibənin qəhrəmanı belə cəsur oğullar yetişdirmiş atalar, analar, bütövlükdə Azərbaycan xalqıdır. Bunu isbat etməyə ehtiyac da yoxdur.

Bu müharibənin zəfərlə başa çatmasının başlıca səbəblərindən biriPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtında qəbul etdiyi düzgün və qətiyyətli qərarlar oldu. Ona görə də deyə bilərik ki, bu müharibənin, zəfər yürüşünün baş qəhrəmanı ordunu quran, yaradan, ona komandanlıq edən cənab İlham Əliyevdir. Onun apardığı uğurlu siyasət nəticəsində ordumuz 30 illik yolu 44 günə qət etdi.

30 ilə yaxın bir vaxt idi ki, xalqımız Qarabağ ağrısı, Qarabağ dərdi ilə yaşayırdı. Bu müharibə torpaq həsrətinə birdəfəlik son qoydu. Müharibədə qəhrəman ordumuz düşmənin hərb maşınını darmadağın edib, ona sarsıdıcı zərbə vurdu. Bu qələbə təkcə erməni ordusu üzərində çalınan qələbə deyil, həm də erməni ideoloqları, ermənilərin "böyük Ermənistan" yaratmaq barədə reallıqdan uzaq mifik düşüncəsi üzərində çalınan qələbədir. İllərdən bəri ermənilərin qardaş Türkiyəyə, qonşu Gürcüstanın ərazilərinə iddialı olmaları heç kimə sirr deyil. Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı qələbəsi bu ideyanın müəlliflərinə, sərsəmlikləri anlamayıb onun əsirinə çevrilmiş sadə ermənilərə dərs oldu. Bundan sonra erməni ictimaiyyəti dərk etməlidir ki, Qarabağa sahiblənə bilməyib ağır məğlubiyyətə uğrayan bir ölkə qonşuları ilə normal münasibət qura bilməsə, daha böyük faciələrlə üz-üzə qalacaq.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 15 oktyabr.-  S.22.