Muxtar respublikanın elm xadimləri Türkiyədə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

 

Qardaş Türkiyənin Ərzincan şəhərində Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin himayəçiliyi, Ərzincan Valiliyi və Bələdiyyəsinin təşkilatçılığı ilə oktyabrın 9-12-də keçirilən Beynəlxalq Türk Dünyası simpoziumunda muxtar respublikanın elm xadimləri də iştirak ediblər.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ərzincan Binəli Yıldırım Universitetində keçirilən simpoziumda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Birliyinin sədri Binəli Yıldırım, Ərzincan valisi Mehmet Makas, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Azərbaycan üzrə nümayəndəsi Həsən Həsənov, akademiklər İsa Həbibbəyli, İsmayıl Hacıyev, eləcə də tanınmış siyasət və elm adamları, müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər. Dünyanın 43 ölkəsindən 800 iştirakçının qatıldığı simpozium əyani və onlayn formatda keçirilib.

Türklüyə, Türk dünyasının birliyinə töhfə vermək məqsədi daşıyan simpoziumda dil, folklor, tarix, mədəniyyət, maarif, iqtisadiyyat, nəqliyyat, turizm və ticarət əlaqələri, sosialcoğrafi faktorlar, dövlətçilik tarixi, hüquq, ilahiyyat, informasiya mübadiləsi və başqa mühüm sahələri əhatə edən elmi araşdırmalar uğurla təqdim olunub. Simpozium müddətində ortaq mədəni dəyərlərin, elmi düşüncənin, iqtisadi əlaqələrin və müasir inkişafın təhlilinə yönəlik müzakirələr aparılıb, festival və sərgilər, konsert təşkil edilib.

Simpoziumun plenar iclasında çıxış edən Binəli Yıldırım tədbirin keçirilməsinin, burada aparılan fikir mübadiləsinin türk dövlətlərinin birliyinə verəcəyi töhfələrdən danışıb.

Plenar iclasın sonunda Azərbaycan nümayəndə heyətinin tərkibində səhnəyə dəvət olunan akademik İsmayıl Hacıyev Binəli Yıldırıma Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun salamını çatdırıb, göndərdiyi hədiyyələri ona təqdim edib. Binəli Yıldırım Naxçıvanla bağlı xoş təəssüratlarını dilə gətirib, göstərilən diqqətə görə təşəkkür edib.

Daha sonra İsmayıl Hacıyev Naxçıvanın füsunkar təbiətinin, əzəmətli Haçadağın təsvir olunduğu rəsm əsərini universitetinin rektoru professor Akın Leventə hədiyyə edib.

Simpozium öz işini türk dövlətlərinin paytaxt şəhərlərinin adlarını daşıyan iclas salonlarında keçirilən bölmə iclaslarında davam etdirib. AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin Naxçıvanın Azərbaycanın milli dövlət tarixində rolu, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru dosent Elxan Məmmədovun Naxçıvan və Şərqi Anadolu xalq şeirində təbiət və heyvan obrazları mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Akademik İsmayıl Hacıyev Azərbaycan ərazisində ən qədim zamanlardan başlayaraq günümüzədək mövcud olmuş dövlətlərin tarixində Naxçıvanın roluna diqqət çəkib, mövzunu xronoloji ardıcıllıq əsasında şərh edib, Azərbaycan dövlətçiliyində varislikcoğrafi ərazi amillərinin mühümlüyünü vurğulayıb.

Ankara salonunda keçirilən bölmə iclasına akademik İsmayıl Hacıyev rəhbərlik edib, Elxan Məmmədov isə Astana zalında keçirilən bölmə iclasında katiblik edib.

Simpoziuma onlayn qoşulan bölmənin Qafqaz tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Emin Şıxəliyev, Dilçilik şöbəsinin müdiri dosent Nuray Əliyeva və elmi işçi Nilufər Ağayeva isə müvafiq olaraq XX əsrin əvvəllərində İngiltərənin Cənubi Qafqaz siyasətində erməni faktoru və Azərbaycana təsirləri (İngiltərənin arxiv materialları əsasında), Ərzincan və Naxçıvan şivələrinin səs sisteminin bəzi ortaq xüsusiyyətləri haqqında, Xan sarayı Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi Naxçıvanda maddi və mədəni nümunələrin qorunmasında mühüm önəmə malikdir mövzulu məruzələri də iştirakçıların diqqətini cəlb edib.

 

Azərbaycan.-2022.- 15 oktyabr.- S.23.