"Dəmir yumruğ"un Xudafərin əməliyyatı

 

 

Arazboyu taktiki gedişlər, Dəlidağ yüksəkliyinin itki vermədən azad olunması və tarixi abidəmizdə bayrağımızın dalğalandırılması necə baş verdi?

 

 

Vətən müharibəsinin 22-ci günüdür, cəbhədə şiddətli döyüşlər gedir...

Ordumuzun uğurlu əməliyyatları, düşmənə sarsıdıcı zərbələr endirməsi ilə bağlı mütəmadi xoş xəbərlər gəlir. Bu gün həm də xalqımız Dövlət Müstəqilliyinin Bərpası Gününün 29-cu ildönümünü qeyd edir.

Amma bir müddət sonra Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabındakı paylaşımla bu bayram sevincini ikiqat artırır: "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"

Bir qədər sonra qəhrəman hərbçilərimiz Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandana raport verirlər. Bu xəbər hər bir azərbaycanlıya sevincqürur bəxş edir.

2020-ci il noyabrın 16-da Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza ilk səfərləri zamanı tarxi hadisə yaşanır. Avtomobillə Xudafərinə doğru hərəkət edərkən dövlət başçısı deyir: "Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq".

Bir qədər sonra Ali Baş Komandan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırır. Sonra İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Araz çayının sahilini gəzib Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirir.

Əlbəttə ki, dövlət  başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqına qürur və fəxarət hissi yaşatdı. Çünki xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

 

 

Xudafərinə gedən yolun başlanğıcı - Əmirvarlı-Soltanlı istiqamətindəki yüksəkliyin azadlığı  

 

Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri Vətən savaşında indiyədək heç bir ordu tərəfindən həyata keçirilməyən çətin relyefdə xüsusi döyüş tapşırıqları yerinə yetiriblər. Məhz bu müasir döyüş taktikası nəticəsində 30 il torpaqlarımızda möhkəmlənən, "keçilməz" istehkamlar quran düşmən silahını, bayrağını və şərəfini də atıb qaçmağa məcbur olub.

44 günlük savaşda İlham Əliyevin "Dəmir yumruq" əməliyyatını yerinə yetirən bütün silahlı birləşmələr tapşırıqlarının icrasını uğurla reallaşdırmışdılar. Arazboyu ərazilərin, o cümlədən Xudafərin, Zəngilan şəhəri, eləcə də rayonun Ağbənd qəsəbəsi və "Şükrataz", eləcə də dəniz səviyyəsindən 2269 metr hündürlükdə olan "Bartaz" yüksəkliyinin düşmən tapdağından azad olunması tapşırığı isə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinə tapşırılmışdı. Azərbaycanın qəhrəman oğulları bu tapşırıqları layiqincə yerinə yetirərək Vətən qarşısında borclarını canları, qanları bahasına həyata keçirmişdilər.

Bu əməliyyatların haradan başlamasını, hansı taktikalardan istifadə edilməsini və qarşıya qoyulmuş tapşırıqların icrasını, yəni əsl reallıqları DSX-nin məhz bu ərazilərdə əməliyyat aparan igidlərinin öz dillərindən eşidilməsi isə hər kəsdə savaşın gedişatı barədə aydın təsəvvür yarada bilər. DXS-nin Cəbrayıl və Zəngilan rayonlarına təşkil etdiyi iki günlük media-tur zamanı döyüş əməliyyatlarında iştirak edən qəhrəmanlarla həmsöhbət olmaq imkanımız yaranır. Savaş qəhrəmanlarının əməliyyatlarla bağlı maraqlı fikirlərini dinlədikcə, sanki iki il əvvələ qayıdıb ordumuzun Zəfər yürüşünə canlı şahidlik edirsən...

DSX-nin Çevik Hərəkat Qüvvələrinin "Zəfər" ordenli zabiti Nəsib Mirzəyevlə söhbət edə-edə savaş zamanı düşmənin ən güclü dayaq nöqtəsi hesab etdiyi 3-cü eşalonun yerləşdiyi yüksəkliyə qalxırıq. Bura o yüksəklikdir ki, düşmən Cəbrayıl istiqamətindən Zəngilana və Hadruta, Qubadlıya tərəf hərəkət edən bütün canlı qüvvə və texnikanı gündüz və gecə vaxtı rahat müşahidə edə bilirmiş. DSX-nin xüsusi təyinatlısı bu yüksəkliyin düşməndən necə təmizləmələrindən danışır:

"Cəbrayıl şəhərinin azad olunmasından sonra komandanlıq tərəfindən bizə döyüş tapşırıqları  verildi  Arazboyu cənub-qərb istiqamətindəki bütün ərazilərin düşməndən tamamən təmizlənməsi əməliyyatlarını Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələri həyata keçirməli idi.

Xudafərinin azad olunmasına gedən yol Cəbrayıl rayonunun Əmirvarlı-Soltanlı istiqamətində olan bu yüksəkliyin düşməndən təmizlənməsindən keçirdi. Dövlət Sərhəd Xidmətinin komandanlığı tərəfindən tapşırıq aldıqdan sonra əməliyyatlara başladıq. Ərazi düzəngahlıq olduğu üçün düşmən hər tərəfi azı 10 kilometrlik məsafəni aydın müşahidə edirdi. Gecə vaxtı da hərəkət qeyri-mümkün idi. Termal gecəgörmə cihazlardan istifadə etməklə hərəkətimizi aydın görürdülər. Yəni nə gündüz, nə də gecə hərəkət mümkün idi. Düşmənin üzərinə canlı hədəf kimi yeriyə bilməzdik. Bu səbəbdən də taktiki gedişi dəyişdik. PUA-ları, xüsusən "Harop"ları havaya qaldırdıq. Düşmənin bütün diqqəti havadan hücuma yönəldi və bizbundan istifadə edərək Zəngilan istiqamətinə doğru hərəkət etməyə başladıq. Bir gecədə xeyli məsafə gedib manevr etdik. Düşmənin heç zaman gözləmədiyi sağ cinahında öz səngərlərinə daxil olduq. Səhər açılanda onlar gördülər ki, başlarının üstünü kəsdirmişik və qaçmağa başladılar. Xeyli canlı qüvvəsini məhv etdik. Bununla da Zəngilan və Qubadlı istiqamətindən düşmənə gələn dəstək və silah-sursat təminatının qarşısı alındı və Xudafərin istiqamətinə doğru irəliləməyimiz üçün əlverişli şərait yarandı".

Bu əməliyyatlarda iştirak etmiş DSX-nin Çevik Hərəkat Qüvvələrinin "Zəfər" ordenli zabiti Samir Məmmədov isə deyir ki, cəbhənin cənub-qərb hissəsində düşmənin ən güclü müdafiə xətti Cəbrayılın Əmirvarlı-Soltanlı kəndləri istiqamətində olan 3-cü müdafiə eşalonu idi. Bu yüksəklikdəki düşmən mövqelərindən böyük bir əraziyə nəzarət edilirdi. Həmin yüksəkliyin düşməndən təmizlənməsi silahlı qüvvələrimizin Zəfər yürüşünü bir qədər də sürətləndirdi:

"Məlumat gəldi ki, həmin yüksəklikdə düşmənin xüsusi təyinatlı qüvvələri cəmləşib və kifayət qədər silah-sursatları da var. Bu xəttin yarılması ordumuzun qarşısında yeni imkanlar açırdı. Yəni bu yüksəklik Xudafərin, Zəngilan və Qubadlıya gedən yolun başlanğıcı oldu. Ona görə də düşmən bütün qüvvəsini bu əraziyə toplamışdı. Hətta rabitə vasitəsi ilə onların danışıqlarını da eşidirdik. Onu da müəyyənləşdirmişdik ki, həmin ərazidə düşmənə dəstək verən başqa dövlətlərdən gələn muzdlu döyüşçülər də var. Təbii ki, bu, bizim qəhrəmanlara zərrə qədər də təsir etmirdi. Elə döyüşlər zamanı da bu hiss olundu. Biz bu yüksəkliyi igid Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində düşməndən azad etdik. Yüksəklik azad edildikdən sonra gördük ki, onlar bütün əraziləri termal kameralarla izləyirlərmiş. Amma bu gecəgörmə kameraları da dadlarına çatmadı. Bu xətt xüsusi taktiki gedişlə yarıldı və düşmən ağır zərbə aldı".

 

 

 

Xudafərinin azad edilməsi

 

 

 

Düşmənin Əmərvarlı-Soltanlı istiqamətindəki güclü müdafiə xətti yarıldıqdan sonra Çevik Hərəkat Qüvvələri Araz çayı sahili ilə cənub-qərb istiqamətində irəliləmək tapşırığı alır. Bu əməliyyata DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov rəhbərlik edir.

Elə Vətənin igid oğlu ilə azad etdikləri Xudafərin körpüsü qarşısında söhbətləşirik. Min illik tarixə malik olan bu tarixi abidə qarşısında keçirdiyi qürursevinc hislərini bölüşən Babək Ələkbərov uğurlu əməliyyatdan danışır:

"Qürurverici hissdir, Xudafərin körpüsünü azad edib illər sonra buraya ilk ayaq basan bizlər olduq. Müharibə torpaqlarımızı düşməndən azad etmək üçün çoxdan gözlədiyimiz an idi. Çox sevinirəm ki, bu, bizə qismət oldu.

Bəs bu necə baş verdi? Komandanlıq tərəfindən yeni döyüş tapşırığı aldıq ki, Xudafərin körpüsü düşməndən azad edilməlidir. Bu da DSX-nin Çevik Hərəkat Qüvvələrinin ən geniş döyüş tapşırıqlarından biri oldu. Biz Araz boyunca irəliləyərək Dəlidağ yüksəkliyini düşməndən təmizləməklə Xudafərinə yetişməli idik. Əməliyyatlara başladıq və qarşımıza çıxan düşmənin bütün canlı qüvvəsini məhv etdik. 11 kilometrlik yolu qısa zamanda qət etdik. Bir sutkadan az bir vaxtda Dəlidağ silsiləsinə yetişdik. Burada düşmənin cəmləşmiş qrupu var idi. Amma onlar bizim xüsusi təyinatlı qüvvələrin peşəkarlığı, qəhrəmanlığı, igidliyi qarşısında çox da duruş gətirə bilməzdilər. Elə belə də olduçox sevincliyəm ki, biz bu əməliyyatı heç bir itki vermədən yerinə yetirdik. Dəlidağ yüksəkliyini düşməndən azad edib Xudafərin körpüsünə yetişdik.

Xoşbəxtəm ki, qədim abidəmizdə bayrağımızın dalğalandırılması və Ali Baş Komandan İlham Əliyevə Xudafərinin azadlığı raportunun verilməsi mənə qismət oldu. Bu, qürur, sevinc, fəxarət hissi idi. Ömrümdə belə sevinc hissi yaşamamışdım". 

Babək Ələkbərov deyir ki, DSX-nin çevik qüvvələri İkinci Qarabağ müharibəsi dövründə ən sürətli əməliyyat kimi yadda qalmış hücumda 24 saat ərzində 105 kilometr ərazini işğaldan azad edərək düşmənə ağır zərbələr endirib.

Ümumiyyətlə isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" və "Hermes" kimi pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin 290 zirehli texnikası məhv edilib.

Xudafərin körpüsü siyasiiqtisadi cəhətdən mühüm önəm daşıyır. Eyni zamanda bu, Azərbaycanın İranla olan sərhədinin bir çox hissəsinin bərpa olunması demək idi. DSX-nin Çevik Hərəkat Qüvvələrinin dəqiq silahlarla hədəfləri məhv edərkən İranla dövlət sərhdində tikilən strateji obyektlərə - su anbarlarına ziyan vurmaması ilk növbədə onların peşəkarlığından xəbər verirdi.

Bu gün Xudafərində Azərbaycan bayrağı dalğalanır. Azərbaycan səhrədçiləri dövlət sərhədimizi göz bəbəyi kimi qoruyurlar. Erməni vandalizminin əyani tazahürü olan Xudafərin kəndi isə hələlik dağıntıların tablosu kimidir. Amma əminik ki, tezliklə Ağalıda olduğu kimi, dövlətimizin iqtisadi qüdrəti sayəsində burada da həyat yenidən qaynayacaq.

 

 

 

Böyük İpək yolunun inkişafında mühüm rol oynayan tarixi abidə

 

 

 

Xudafərin körpüsü Orta əsr Azərbaycan memarlığının dövrümüzə qədər gəlib çatan ən unikal abidələrindəndir. Bu abidə Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən biri hesab olunur. Araz çayının şimal və cənub sahillərini birləşdirən  Xudafərin Böyük İpək yolunun inkişafında mühüm rol oynayıb və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

Xudafərin körpüsü tarixin sərt sınaqlarından keçərək çox hadisələrə şahidlik edib. Bu hadisələrdən ən önəmlisi isə xalqımız üçün mənəvi əhəmiyyəti böyük olan abidələrin ötən il azadlığına qovuşmasıdır.

Bu körpünün Azərbaycan xalqının və dövlətinin taleyində, həyatında müstəsna dərəcədə önəmi var. Tarixən Azərbaycanla  İran arasında rabitə yaradan bu körpünün üzərində indi bayrağımızın dalğalanması tarixi bir hadisədir.

Əsrlərlə yaşı olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsi həm də şərəf məsələsiydi ki, Azərbaycan Ordusu bunu bacardı! Təsadüfi deyil ki, Xudafərinin azad edilməsi əməliyyatını və bayrağın ucaldılması mərasimini çoxsaylı güneyli qardaş və bacılarımız da Arazın o tayından gözyaşı və sevinc içərisində izləyirdilər. Cəbrayıl rayonunun bu məntəqəsinin işğaldan təmizlənməsi olduqca əhəmiyyətlidir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Bakı-Cəbrayıl-Zəngilan-Bakı

 

 

 

Oktyabrın 18-də Çevik Hərəkat Qüvvələrinə yeni tapşırıq verilir -  Zəngilan şəhərinin azadlığı...

Xudafərindən şəhərə qədər olan məsafə heç də yaxın deyildi. Amma 2 gündən sonra Vətən Müharibəsi Qərhəmanı Babək Ələkbərova Zəngilan şəhərindən Ali Baş Komandan İlham Əliyevə qələbə məruzəsini etmək də qismət olur...  

Zəngilan şəhərinin, Ağbənd qəsəbəsi, "Şükürataz" və "Bartaz" strateji yüksəkliyinin düşməndən necə azad olunması barədə qəzetimizin növbəti sayında.

 

Azərbaycan.-2022.- 18 oktyabr.- S.6.