Fransanı etiraz dalğası bürüyür

 

Bu gündən ölkədə ümummilli tətil başlayır

 

 

 

Oktyabrın 16-dan başlayaraq Parisdə küçələrə çıxan on minlərlə insan ölkə prezidenti Emmanuel Makronun siyasətinə etiraz edir. Qiymət artımına və iqlim böhranına münasibətdə hökumətin hərəkətsizliyinə qarşı mitinqi Jan-Lük Melanşonun ifrat solçu "Yenilməyən Fransa" partiyası, yaşıllar və sosialistlər təşkil ediblər.

Nümayişçilər maaşların və sosial müavinətlərin artırılmasını, elektrik enerjisinin qiymətlərinin sabitləşdirilməsini, izafi mənfəətdən verginin tətbiqini və ekoloji layihələrə investisiya qoyulmasını tələb edirlər.

Eyni zamanda etirazçılar yanacağın və ərzaq məhsullarının bahalaşmasına, habelə pensiya yaşının artırılmasına qarşıdırlar.

 

 

 

"Makron ölkəmizi dağıtmaq istəyir"

 

 

 

Partiya sədri ilə birlikdə kütləvi yürüşə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Anni Erno rəhbərlik edir.

Melanşon nümayişçilər qarşısında çıxışında etiraz mitinqlərinin davam edəcəyini açıqlayıb və oktyabrın 18-dən etibarən ümummilli tətilin başladığını elan edib.

Nümayiş iştirakçıları ölkə rəhbərliyinin yürütdüyü daxilixarici siyasətdən çox narazıdırlar. "Sarı jiletlilər" hərəkatının üzvü jurnalistlərə bildirib: "Biz fransızları yoxsulluqdan xilas etmək üçün buradayıq. Makron ölkəmizi dağıtmaq istəyir. O, bütün ictimai nemətləri məhv etməyə çalışır. Bizə aydındır ki, noyabr ayından etibarən bütün yanacaq, benzindizelin qiyməti 3 avrodan yüksək olacaq. Ona görə də hərəkətə keçmək lazımdır. Əks halda bu qış ac qalacağıq ".

 

 

 

"Fransa artıq həddini aşır"

 

 

 

Digər nümayişçi Fransanın ona aid olmayan müharibələrə və münaqişələrə qatılmasından narahatdır: "Fransa artıq həddini aşır. Ölkəmizi bizə aidiyyəti olmayan müharibə və münaqişələrə cəlb etməyə çalışırlar".

Mitinqin təşkilatçılarının məlumatına görə, küçələrə 140 min insan çıxıb. 

 Polis nümayişçilər arasında 200-dən 400-ə qədər təxribatçının olduğunu bildirib.

Günün ikinci yarısında polislə qarşıdurma başlayıb. Məlumata görə, qara maskalar taxan radikallar "Societe Generale" bankının ofisinə soxularaq bir neçə kompüteri çıxarıblar. Polis qüvvələri onların ticarət obyektlərinə və ya banklara zərər vurmaq cəhdlərinin qarşısını ala bilib. Həmçinin, nümayişçilərin kiçik qrupları polisə fişənglər atıb, onlar da öz növbəsində etirazçılara gözyaşardıcı qazla cavab veriblər. Ən azı iki nümayişçinin yaralandığı bildirilir.

 

 

 

Neftçilərin tətili səbəbindən yanacaq tükənib

 

 

 

Fransada vəziyyət bir neçə gündür çox gərgindir. Maaşların artırılmasını tələb edən neft emalı zavodlarının işçilərinin iki həftəyə yaxın davam edən tətili getdikcə daha çox yanacaq qıtlığına səbəb olur. Bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 1 litr üçün 3 avrodur. Hakimiyyət vəziyyətin 2018-ci və 2019-cu illərdəki "sarı jiletlilər"in etirazlarına bənzər nümayişlərə səbəb ola biləcəyindən ehtiyat edir.

Xatırladaq ki, Fransanı silkələyən ovaxtkı etirazlar qismən yanacaq vergilərinin artırılması ilə şərtlənirdi.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 18 oktyabr.- S.10.